Cəmilə
Əsgərzadə 1999-cu ildə Bakıda anadan olub. 2009-cu
ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin V
sinfinə, orkestr şöbəsinə daxil olub. Hazırda X sinif
şagirdidir, skripka ixtisası üzrə professor, əməkdar
müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Bir
çox müsabiqə və festivalların laureatıdır. 2013-cü ildə
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təşkil olunmuş ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyi münasibətilə keçirilən ümumtəhsil
və orta ixtisas təhsili müəssisələrinin şagird və
tələbələri arasında gənc ifaçıların II Respublika
müsabiqəsinin laureatı adına və I dərəcəli diploma
layiq görülüb. Azərbaycan Respublikasının Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil
etdiyi "İstedadlı uşaqlar festivalı-2013" layihəsi
çərçivəsində qazandığı uğurlara görə diplomla təltif
olunub. Həmin il V.Spivakov Fondunun təşkil etdiyi
"Moskva dostları qarşılayır" festivalında uğurlu
çıxışı olub. 2014-cü ildə isə festivalın yubiley
konsertinə dəvət alaraq ölkəmizi yüksək səviyyədə
təmsil edib və Moskva Konservatoriyasının professoru
İ.Boçkovadan ustad dərsləri alıb.
2014-cü ildə Gürcüstanın Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən "Gələcəyin ulduzları" adlı
beynəlxalq layihədə Tbilisi Konservatoriyasının Grand
Hall zalında uğurla çıxış edib. Gənc istedad 2014-cü
ilin aprelində isə Fransada keçirilən gənc ifaçıların
XXV "Flame" beynəlxalq müsabiqəsində iştirak edərək I
yerə layiq görülüb. Yeniyetmənin dəfələrlə Q.Qarayev
adına Dövlət Kamera Orkestri ilə konsert proqramında
çıxışları olub, diplom və fəxri fərmanlarla
mükafatlandırılıb.
Daha böyük uğurlara imza atacağına söz verən yeniyetmə
skripkaçını qarşıda hələ çox müsabiqələr gözləyir, bu
işdə ona dəstək olan hər bir kəsə öz minnətdarlığını
bildirir. |