Azərbaycan Respublikası təhsil nazirinin
12 dekabr 2014-cü il tarixli 1256 nömrəli əmri ilə
təsdiq edilib
1. Ümumi müddəalar
1.1. "Məktəblilərin fənn olimpiadalarının təşkili və
keçirilməsi Qaydaları" (bundan sonra - Qaydalar)
Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq hazırlanmışdır.
1.2. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd
şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı
artırmaq və özünə inam hisslərini gücləndirmək,
ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə
fərqlənənləri aşkar etməklə onların potensial
imkanlarının inkişafını təşkil etmək istiqamətində
tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə
seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.
1.3. Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin
əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin,
məktəbin, yerli təhsili idarəetmə orqanının
fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan
biri kimi nəzərə alınır.
1.4. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli
təhsili idarəetmə orqanları istedadlı şagirdlərin
müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını
təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.
1.5. Fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb
olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya,
riyaziyyat, fizika, kimya, biologiya, informatika
fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb
psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə
seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına
cəlb oluna bilər.
2. Fənn olimpiadalarının təşkili
2.1. Fənn olimpiadalarının şəffaf, obyektiv və tələb
olunan səviyyədə keçirilməsini təmin etmək məqsədilə
Yerli və Respublika təşkilat komitələri və hər fənni
əhatə etməklə apelyasiya komissiyaları yaradılır.
2.2. Təşkilat komitələri fənn olimpiadalarının bu
Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün lazımi
tədbirlər görürlər.
2.3. Yerli təşkilat komitəsi rayon (şəhər) təhsil şöbəsi
(idarəsi) müdirinin, Respublika təşkilat komitəsi isə
Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə
yaradılır.
2.4. Yerli təşkilat komitəsinin tərkibi rayon (şəhər)
təhsil şöbəsinin (idarəsinin) müvafiq məsul işçiləri,
qabaqcıl müəllimlər, valideynlərin nümayəndələrindən
ibarət olur. Yerli təşkilat komitəsi 5 (beş) nəfərdən
ibarət olmaqla yaradılır. Yerli təşkilat komitəsinin
sədri rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri
olur.
2.5. Yerli təşkilat komitələrinin vəzifələri:
2.5.1. İstedadlı şagirdlərin aşkara çıxarılması və
onlarla fənn olimpiadalarına hazırlıq işlərinin
aparılmasını, rayon (şəhər) səviyyəsində dərs ili boyu
müxtəlif müsabiqələr, test yoxlamaları və digər
formalarda bilik yarışları keçirilməsini təmin edir;
2.5.2. Olimpiadaların rayon (şəhər) mərhələsinin
keçirilməsi məqsədilə iştirakçılar üçün sual
kitabçalarını və cavab kartlarını müsabiqə günü təmin
edir;
2.5.3. Rayon (şəhər) mərhələsinin cavab kartlarını
yoxlanılması üçün Respublika təşkilat komitəsinə
göndərir.
2.6. Respublika təşkilat komitəsi Təhsil Nazirliyinin
məsul əməkdaşlarından ibarət tərkibdə formalaşır.
Respublika təşkilat komitəsinin səlahiyyət müddəti 1 (bir)
il, tərkibi isə 7 (yeddi) nəfərdən ibarət olmaqla
Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə
yaradılır. Respublika təşkilat komitəsinə təhsil
nazirinin müavini sədrlik edir.
2.7. Olimpiadaların yekun nəticələrindən narazı qalmış
şagirdlərin yazı işlərinə yenidən baxılması üçün
Respublika təşkilat komitəsi tərəfindən hər fənn üzrə 3
(üç) nəfər mütəxəssisdən ibarət apelyasiya komissiyası
yaradılır.
2.8. Respublika təşkilat komitəsinin vəzifələri:
2.8.1. Rayon (şəhər) və respublika mərhələlərinin
suallarının tərtib edilməsi, şagirdlərin yazı işlərinin
yoxlanılması məqsədi ilə fənlər üzrə respublika
münsiflər heyətlərinin tərkibinə namizədləri
müəyyənləşdirib təhsil nazirinə təqdim edir və onların
səmərəli fəaliyyəti üçün lazımi şərait yaradır.
Münsiflər heyətinin səlahiyyət müddəti 1 (bir) il,
tərkibi isə hər bir fənn üzrə 5 (beş) nəfərdən ibarət
olmaqla təhsil nazirinin əmri ilə təsdiqlənir;
2.8.2. Olimpiadanın respublika mərhələsində hazırlıq
işlərinin vaxtında başa çatdırılmasını təmin edir,
olimpiadaların şəffaf, ədalətli və aşkarlıq
prinsiplərinə uyğun keçirilməsi üçün tədbirlər görür;
2.8.3. Olimpiada qaliblərinin rəğbətləndirilməsi üçün
təkliflər hazırlayır və mükafatlandırılmasını təşkil
edir;
2.8.4. Olimpiadaların son nəticələrini ümumiləşdirərək
təhlil edir və yekun hesabatı hazırlayır;
2.8.5. Fənn olimpiadalarının təşkili və keçirilməsi
prosedurunun təkmilləşdirilməsi barədə təkliflər verir.
3. Fənn olimpiadalarının keçirilməsi
3.0.1. Ümumi təhsil müəssisələrində fənn olimpiadalarına
hazırlıq dərs ili ərzində aparılır, müntəzəm olaraq
sınaq yoxlamaları, monitorinqlər keçirilir və bu
proseslərdə fənn olimpiadalarının rayon (şəhər)
mərhələsi iştirakçılarının tərkibi müəyyənləşdirilir.
3.0.2. Fənn olimpiadaları 2 (iki) mərhələdən - rayon
(şəhər) və respublika mərhələlərindən ibarətdir.
Respublika mərhələsi öz növbəsində iki turdan -
yarımfinal və finaldan ibarət olmaqla keçirilir.
3.1. Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi
3.1.1. Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi
yanvar ayının 2-ci bazar günü təşkil edilir.
3.1.2. Bu mərhələdə suallar siniflər üzrə respublika
fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb
proqramına uyğun qapalı test formatında hazırlanır.
3.1.3. Rayon (şəhər) mərhələsində şagirdlərə fənlərdən
və siniflərdən asılı olaraq 30-50 sual təqdim edilir və
imtahan üçün 3 (üç) saat vaxt ayrılır.
3.1.4 Təhsil Nazirliyi tabeliyindəki lisey və
gimnaziyaların, özəl məktəblərin şagirdləri rayon
(şəhər) mərhələsində ərazi üzrə yerləşdikləri rayonda
(şəhərdə) iştirak edirlər.
3.1.5. Ümumi təhsil müəssisələrinin, Təhsil Nazirliyinin
tabeliyindəki lisey və gimnaziyaların, özəl məktəblərin
direktorları rayon (şəhər) mərhələsində iştirak edəcək
şagirdlərin adlı siyahısını dekabr ayının 20-dək müvafiq
Yerli təşkilat komitəsinə təqdim edirlər. Bu turda
iştirakçıların sayına məhdudiyyət qoyulmur.
3.1.6. Yerli təşkilat komitəsi rayon (şəhər) turunun
cavab kartlarını ən geci imtahan keçirilən tarixdən 1
(bir) gün sonra Respublika Təşkilat Komitəsinə
çatdırılmasını təmin edir.
3.2. Fənn olimpiadalarının respublika mərhələsinin
yarımfinal turu
3.2.1. Respublika mərhələsinin yarımfinal turu mart
ayının 2-ci bazar günü Respublika Təşkilat Komitəsi
tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu
mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən
ümumi təhsil müəssisələrindən seçilir.
3.2.2. Respublika mərhələsinin yarımfinal turunda
iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin
nəticələrinə əsasən Respublika təşkilat komitəsinin
qərarı ilə müəyyənləşdirilir. Rayon (şəhər)
mərhələlərində hər bir fəndən sualların ən azı 60%-nə
düzgün cavab vermək şərtilə hər sinif üzrə ilk 3 yeri
tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək
hüququ əldə edir. Gəncə və Sumqayıt şəhərlərindən hər
sinif üzrə ilk 5 yeri tutmuş şagird, Bakı şəhərindən isə
hər sinif üzrə ilk 20 yeri tutmuş şagird yarımfinal
mərhələsində iştirak etmək hüququ əldə edir.
3.2.3. Respublika təşkilat komitəsi olimpiadaların rayon
(şəhər) mərhələsinin nəticələrinə əsasən olimpiadaların
respublika mərhələsinin yarımfinal turunda iştirak
edəcək şagirdlərin adlı siyahısını rayon (şəhər) təhsil
şöbələrinə (idarələrinə) bir ay əvvəl bildirir.
3.2.4. Bu mərhələnin yarımfinal turunda suallar siniflər
üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti
tərəfindən məktəb proqramına uyğun və nisbətən
çətinləşdirilmiş qapalı test formatında hazırlanır.
3.2.5. Respublika mərhələsinin yarımfinal turunda
şagirdlərə fənlərdən asılı olaraq 30-40 sual təqdim
edilir və cavablandırma üçün 3 (üç) saat vaxt ayrılır.
3.2.6. Respublika təşkilat komitəsi yarımfinal turunun
cavab kartlarının oxunmasını, qiymətləndirilməsini və
nəticələrin Yerli təşkilat komitələrinə çatdırılmasını
təmin edir.
3.3. Fənn olimpiadalarının respublika mərhələsinin final
turu
3.3.1. Respublika mərhələsinin final turu aprel ayının
2-ci bazar günü keçirilir.
3.3.2. Respublika mərhələsinin final turu iki yaş qrupu
üzrə keçirilir:
- Aşağı yaş qrupu ( IX siniflər və aşağı)
- Yuxarı yaş qrupu (X-XI siniflər)
3.3.3. Respublika mərhələsinin final turunda iştirak
edəcək şagirdlər yarımfinal turunun nəticələrinə əsasən
Respublika təşkilat komitəsinin qərarı ilə
müəyyənləşdirilir. Respublika mərhələsinin yarımfinal
turunda hər fəndən sualların ən azı 70%-nə düzgün cavab
vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş
qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40
şagird final mərhələsində iştirak etmək hüququ əldə edir.
3.3.4. Final turunun sualları fənn olimpiadalarının
münsiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla
açıq tipli suallar formatında hazırlanır.
3.3.5. Respublika mərhələsinin final turunda şagirdlərə
fənlərdən və yaş qruplarının xüsusiyyətləri nəzərə
alınmaqla 5-7 sual, Azərbaycan dili və ədəbiyyatı fənni
üzrə 3 sual Azərbaycan dili, 2 sual isə ədəbiyyatdan
olmaqla ümumilikdə 5 sual, tarixi fənni üzrə isə 3 sual
Azərbaycan tarixi, 2 sual isə ümumi tarixdən olmaqla
ümumilikdə 5 sual təqdim edilir və imtahan üçün 3 (üç)-4
(dörd) saat vaxt ayrılır.
3.3.6. Respublika mərhələsinin final turunun nəticələri
imtahan başa çatdıqdan 10 gün sonra elan edilir.
3.3.7. Nəticələr məlum olduqdan sonra apelyasiya günü
müəyyən edilir. Nəticələrindən narazı qalmış
iştirakçılar öz işlərinə yenidən baxılması üçün
Respublika təşkilat komitəsinə müraciət edirlər. Belə
müraciətlərə apelyasiya komissiyası yenidən baxır və
onların verdiyi yekun rəy Respublika təşkilat komitəsi
tərəfindən nəzərə alınır.
4. Olimpiada iştirakçılarının mükafatlandırılması
4.1. Olimpiadaların respublika mərhələsinin yarımfinal
turunun qalibləri Yerli təşkilat komitələri, final
turunun qalibləri isə Respublika təşkilat komitəsi
tərəfindən diplom, tərifnamə, qiymətli hədiyyələr və pul
mükafatı ilə təltif olunurlar.
4.2. Fənn olimpiadalarının təşkili və keçirilməsində
iştirak edən münsiflər heyəti üzvləri, habelə qalib
şagirdlərin müəllimləri müvafiq qaydada
mükafatlandırılırlar.
5. Fənn olimpiadalarının maliyyələşdirilməsi
5.1. Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi,
habelə respublika mərhələsi iştirakçılarının ezamiyyə
xərcləri yerli təhsil orqanları tərəfindən ödənilir.
5.2. Olimpiadaların respublika mərhələsinin təşkili,
keçirilməsi, qaliblərin təltif olunması, münsiflər
heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə
əlaqədar bütün xərclər Təhsil Nazirliyi tərəfindən
ödənilir. |