Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

"Olimpiya çempionu olmaq istəyirəm"

 

Abşeron rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, güləş üzrə Avropa çempionu Türkan Nəsirova redaksiyamızın qonağıdır  

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]
 

Bəzən elə işlər olur ki, cəmiyyət qadınlara "sən get kənarda dur, bu işi bacarmazsan" deyir. Amma qadınlar kişilərə adi olduğu düşünülən işləri, bəzən kişilərin özlərindən yaxşı bacarır. Bu dəfə sizi bu fikirləri təsdiq edəcək bir xanımla tanış etmək istəyirəm. Türkan Nəsirova güləşçidir və 2011-ci ildən yığma komandanın üzvüdür. Redaksiyamızın qonağı olan bu xanım nədənsə çox danışmaq istəmir. Şəxsi məşqçisi ilə redaksiyamıza gələn Türkanın ayağını bir az çətinliklə yerə basdığını görürəm: 

- Ayağını harada zədələmisən?

- Məşqdə.

Şəfa diləyib, söhbətimizə başlayırıq. Amma hiss edirəm ki, Türkan çox danışmağı sevmir. Yenə də, suallarımı ünvanlayıram:

- Maraqlıdır, belə bir idman növü ilə məşğul olan xanım danışmaqdan niyə imtina edir?

- Nə bilim. Müəllimim danışsın. O mənim haqqımda hər şeyi bilir.

- O sənin haqqında hər şeyi bilsə də, özünün danışmağın tamam başqadır.

Bu arada müəllimi də söhbətə qarışır:

- İnanırsınız, dəfələrlə proqramlarda olmuşuq, amma öz yerinə məni danışdırıb.

- Yox, Türkan  özü danışsa yaxşıdır deyib, özü barədə məlumat verməsini xahiş edirəm.

- 1997-ci il mart ayının 6-da Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 2014-cü il məzunuyam. Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin güləş bölməsinin yetirməsiyəm. 2009-cu ildən güləşlə məşğul oluram. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I kursunda qiyabi təhsil alıram.

- Ailədə neçə uşaqsınız?

- 3 uşağıq. Bir bacım, bir qardaşım var. İkisi də məndən balacadır.

- Onlardan idmanla məşğul olanı var?

- Yox.

Güləş elə bir idman növüdür ki, onu hər insan seçə bilmir və bu sahədə uğur da qazana bilmir. Görəsən Türkanın güləşə gəlməyi necə olub? Elə bu barədə söhbətə başlayırıq. Güləş barədə danışanda sanki onda ayrıca bir həvəs yaranır.

- Necə oldu ki, güləşi seçdin?

- Uşaqlıqdan həvəsim var idi. Bibim oğlu cüdo ilə məşğul olurdu. Tanıdığım qızlardan bir neçəsi də idmana gedirdi. Cüdo ilə məşğul olmaq istəyirdim, amma atam qoymurdu.

- Atanı necə razı saldın?

- Məktəbdə fiziki tərbiyə müəllimlərim də necə həvəsli olduğumu görürdülər. Onlar mənə güləşlə məşğul olmağı məsləhət gördülər. Tural Əliyevin (məşqçinin) nömrəsini verdilər və dedilər ki, onun yanına getməyin məsləhətdir. Nömrəni götürdüm. Evdəkilər danışdı.

- Neçə yaşın var idi?

- 12 yaşında idim.

- Bu yaş güləşə başlamaq üçün gec deyildi?

- Onda heç düşünmürdüm gecdir, ya yox. Sadəcə çox böyük həvəsim var idi.

- İlk məşqə gəldiyin günü xatırlayırsan?

- Atamla Tural müəllim məktəbdə görüşüb söhbət etdilər. Sonra zala gəldik. Və məşqə başladım. Heç bir şey bilmirdim. Heç döşəkdə qaça bilmirdim.

- İdmana başlamağın sənin dərslərinə necə təsir etdi?

- Dərslərimdə geri qalırdım. Amma düzünü desəm, oxumağa o qədər də həvəsim olmayıb. Yaxşı oxuyan şagird olmamışam.

- Kumirin, sevdiyin idmançı kim idi?

- Bilmirəm. O zaman idmançıları o qədər də yaxşı tanımırdım. Yəni idmana olan sevgim hansısa idmançıya olan marağımdan yaranmayıb. Sadəcə idmana getmək və məşq etmək istəmişəm. İndi-indi idmançıları tanıyıram.

Cəmiyyətdə idmançı xanımlara, xüsusilə belə idman növü ilə məşğul olanlara fikirlər birmənalı olmur. Bəs görəsən, Türkan belə hallarla qarşılaşıb?

- Sən idmana başlayanda ətrafındakıların, yaşıdlarının münasibəti necə oldu?

- Yaxınlarımın, ətrafımdakı insanların münasibəti müsbət oldu.

- Heç səni göstərib, "güləşçi qız" gəlir deyən olur?

- Son zamanlar sinif yoldaşlarım, müəllimlərim məni görəndə "idmançı qız" gəlir- deyirlər.

- Xanımların belə idman növü ilə məşğul olmağı çətindir. Bu idman növünə başlayanda qorxmurdun?

Bu arada söhbətə Türkanın müəllimi qarışır:

- Mən Türkanda o qədər həvəs yaratmışdım. Türkanın təhsil aldığı məktəbə getdim və direktorla danışdım ki, Sumqayıtda ilk dəfə qız güləşini yaratmışam və marağı olanlarla məşğul olmaq istəyirəm. Orta məktəbin idman müəllimləri qızlara demişdilər. Türkanın da həvəsi var imiş. Getdim məktəbə. O zaman Türkanın uzun saçları var idi, sarışın bir uşaq idi. Hərəkətlərindən bilinirdi ki, çox şıltaq və dəcəldir. Atası ilə söhbət elədik. Atası dedi ki, (onda mənim 22 yaşım var idi) mənim qızıma nəsə öyrədə biləcəksən, onu qabağa çəkə biləcəksən, dünya arenalarında tanıda biləcəksən?  Dedim ki, qızın verilən tapşırıqları yerinə yetirsə, dünya və Avropa çempionu olacaq. Yetirməsə yox. Amma bir məşqçi kimi onda o potensialı görürəm. Atası ilə danışdıqdan sonra 2009-cu il oktyabrın 1-də Türkan məşqə başladı.

- Türkan, elə məqamlar olub ki, məşq salonlarından kənarda özünü müdafiə edəsən, ya da kiməsə köməyin dəysin?

Gülə-gülə deyir ki, yadımdan çıxıb. Amma hiss edirəm ki, nəsə var. Müəllimi deyir ki, Türkan, məşqdən çıxanda oğlanı döyməyinizdən danış.

- Bir dəfə bir oğlanı döymüşəm (gülür). Müəllimimiz həmişə bizi evimizə qədər ötürür. Bir dəfə evə tək getməli olduq. Sahilə, Səbinə və mən evə gedirdik. Oğlan bizə söz atdı. Biz də oğlanı döydük.

Gəl idmanı bir kənara qoyaq, bir az da zaldan kənardakı həyatından danışaq.

- İdmandan başqa nəyə marağın var? Gününü necə keçirirsən?

- Səhər məşq, günorta ev, axşam məşq...

- Günün elə məşqlə keçir? Bəs sənin başqa maraqların, hobbilərin yoxdur?

- Birlikdə məşq etdiyim qızlar var ki, adətən vaxtımı onlarla keçirirəm. Bir də gəzməyi çox xoşlayıram. Xüsusilə dağlıq yerlərdə gəzməyi xoşlayıram. Boş vaxtlarımda xoşuma gələn musiqilərə qulaq asıram.

Türkan idmandan kənarda olan həyatının ancaq bundan ibarət olduğunu deyir. Mən də onun uğurları ilə maraqlanıram.

- İlk böyük uğurun nə idi?

- 2012-ci ildə Bakıda keçirilən dünya birinciliyində ikinci yeri qazanmışam. Təkcə finalda Rusiya idmançısına uduzmuşdum. 2013-də Monteneqroda Avropa birinciliyində III yer, 2014-cü ildə Bolqarıstanda Yeniyetmələrin Avropa birinciliyində I yer, Slovakiyada Yeniyetmələrin Dünya birinciliyində III yer, Polşada Gənclərin Avropa birinciliyində III yerin sahibi olmuşam.

- Güləşəndə qarşındakına yazığın gəlmir?

- Bu yarışdır. Başqa ölkələrlə güləşəndə yox. Amma ölkəmizdə, həmyerlilərimizlə güləşəndə, məşqdə qızlarla güləşəndə adam bir az pis olur. Düşünürsən ki, əzərsən, incidərsən. 2011-ci ildə yarışda öz məşq yoldaşıma məğlub olmuşdum. Amma 2013-cü ildə finalda onu uddum. Ayağı zədələnmişdi. Onu qolundan tutub qaldırdım.

- Prinsipdə olduğun rəqibin var?

- Uduzduğum insanlar var ki, özümə söz verirəm ki, nə vaxtsa qarşılaşanda onları udacağam.

- Güləşdə ciddi zədə almısan?

- Çox ciddi zədə almamışam.

- Güləşdə ən çox sevdiyin fənd hansıdır?

- Ayağagirmə. Amma bütün hərəkərləri sevirəm. Hamısı güləşdə lazımlıdır.

- Gələcək planların nədir?

- Olimpiya çempionu olmaq istəyirəm. Yenə də böyük uğurlara imza atmağa çalışacağam.

- Yenə də güləşin üzərində dayandın. Başqa planların yoxdur?

- Ali təhsili başa vurduqdan sonra müəllimim kimi daxili işlər orqanlarının işçisi, yəni polis olmaq istəyirəm. Müəllimimə oxşamaq istəyirəm.

- Niyə?

- Müəllimim atamla danışıb, onu razı salıb. Sevdiyim idman növünü mənə öyrədib. Müəllim olmasa məşq etmək olmaz. Məsələn, yarışlarda müəllimim olmayanda güləşə bilmirəm. Hər yarışdan sonra videoları dəfələrlə izlədir. Səhvlərimi deyir. Nəyi necə etsəm daha yaxşı olacağını deyir.

- Özün məşqçi olmaq istəyirsən?

- Yox.

- Niyə?

- Çünki müəllimimin əziyyətini görürəm. Özümü sırf müəllimliyə həsr etmək istəmirəm. Özümdən kiçiklərə bildiyimi öyrədərəm, amma müəllim olmaram.

- Bəs idmanla məşğul olmaq istəyən xanımlara nə demək istəyirsən?

- İdmanla məşğul olmaq istəyirlərsə olsunlar. Buna heç bir şey əngəl deyil.

Türkana və məşqçisinə uğurlar arzu edib redaksiyamızın qonağını yola salıram.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov