Azərbaycan
Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" 23 may 2011-ci il tarixli Fərmanının
tələblərini əsas tutaraq Azərbaycan Respublikasının
Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən
ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil
məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə
uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi
yaratmaq məqsədilə həmin prosesin elektron sistem
vasitəsilə həyata keçirilməsini qərara alıb.
Sənədlərin qəbuluna sərf ediləcək zaman və insan
resurslarına qənaət, şagird kontingentinin uçotunun
sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək
imkanları elektron sistemin üstünlüklərindəndir.
Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün
valideynlərin (digər qanuni nümayəndələrin) elektron
ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın
5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı
vasitəsilə aparılacaqdır. Qeydiyyat valideynin (digər
qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi
əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd
qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati
rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu
komissiyası tərəfindən aparılacaqdır.
Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında
aparılan müəssisələrə, lisey və gimnaziyalara da
qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək,
seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən
mayın 15-dək həyata keçiriləcəkdir. Müsabiqənin
nəticələrinə görə həmin lisey və gimnaziyalara qəbul
edilməyən uşaqların valideynləri (digər qanuni
nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil
məktəbi seçmək hüququna malikdirlər.
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan
xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin
(digər qanuni nümayəndələrinin) elektron ərizələrinin
qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən
müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən
aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən
31-dək aparılacaqdır.
İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati
rayonu ərazisində yaradılmış Komissiya tərəfindən
"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə
qəbulu Qaydaları"na əsasən aparılan müsahibədə iştirak
edəcəklər (qəbul müsabiqə əsasında aparılan
müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur
qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən
məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla).
Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron
sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər
hansı bir dəyişiklik nəzərdə tutmur.
İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı
videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində
təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların
elektron sistemdən istifadəsini asanlaşdıracaqdır. |