Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

On səkkiz günün gəlininin acı taleyi

 

Azərbaycan Dövlət Neft Akademiyasında terror zamanı həyatını itirən Şəfa Məmmədovanın anası Xuraman xanımla söhbət 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
[email protected]
 

Həmin  terror  hadisəsindən  6 il ötür,  hər  il  o qurbanlar anılır, anaların,  doğmaların qaysaq bağlayan  yarası  qanayır, göz yaşları sel olur. Yenə o ildönümlərindən birini qarşılayırıq. Nə qədər çətin olsa  da  həyatını itirənlərdən birinin  doğması  ilə  söhbətləşmək istəyirəm. 18 günün gəlini olan Şəfanın anası Xuraman xanımla əlaqə saxlayıram. Deyir, qızım, mən heç vaxt bu məsələdə danışa bilmirəm.  Jurnalistliyimə salıb israr edirəm.  Nəhayət,  səhəri  gün zəng edir və bir saat sonra onun iş yerindəyəm. Qarşımda ağsaçlı, gözlərində kədər olan bir ana dayanıb. Görüşə razılıq verdiyi üçün təşəkkür edirəm.  Yanında  əyləşirəm,  bir  kitab  uzadır  mənə,  üstündə  ağ  gəlinlikdə  bir  qız durub, mənə baxır. Şəfadır. Xuraman xanım deyir ki, qızım, mən indiyə qədər bu haqda heç kimə danışmamışam. Amma səni əliboş qaytarmaq istəmirəm.  Mənimlə danışa-danışa kitabı vərəqləyir.

 "Vəfatından sonra birinci doğum gününü uşaq evində keçirdik" 

- Doğum evində uşağın qoluna bağlayırlar ha, bax, ona qədər saxlamışdım. Doğum kağızından tutmuş, institut, aspirantura sənədlərinədək hamısı burda var. Onun vəfatından sonra birinci doğum gününü 2 saylı uşaq evində keçirmişik.  100 nəfər uşaqla bir yerdə. Apreldə öldürüldü. İyulun 5-də onun doğum günü idi. Hər şeyi hazırladıq getdik uşaq evinə.

Hadisədən 6 il keçir, amma özümü heç toplaya bilmirəm.

Xuraman xanımın göz yaşları dayanmaq bilmir. Bir az sakitləşən kimi söhbətimizə yenə davam edirik.

- Naxçıvanda "Şərq qapısı" qəzetində işlədiyim zamanlarda şəhidlər çox olurdu. Yaslara gedəndə, anaların fəryadını eşidəndə deyirdim, Allah, buna necə dözmək olar? Bir də ən çox qəzetlərdə birinci səhifədə "bu gecə atəşkəs pozulub" xəbərini oxuyanda tez xəbərin sonluğuna baxırdım. "İtki yoxdur" cümləsini görəndə dərin nəfəs alırdım ki, hansısa ana gözüyaşlı qalmadı, hansısa evə qara xəbər getməyəcək.

Birdən-birə həmin gündən danışmağa başlayır. 

"Əllərinin xınası da getməmişdi" 

- Səhər evdə oturmuşduq, onun toyuna görə aprelin birindən məzuniyyətdə idim. Aprelin 12-si toyu olmuşdu. Fikirləşdim ki, evlərindədir. Çörək yeyim, zəng edərəm. Stolun üstünü yığışdıranda gördüm baldızı zəng edib ki, xəbərin var, ADNA-da belə hadisə olub, Şəfaya zəng edirəm, zəng çatmır. Qardaşı ilə mən qaçdıq akademiyaya. Onda artıq yolu bağlamışdılar. Ondan sonra təcili yardımlar bir-bir keçirdi. Biri də keçəndə qabaqda oturan tibb bacısının surəti yadımda qaldı. O yasdan sonra mən 40 gün özümdə olmamışam. Hər gün təcili yardım gəlib iynə vurub yatırdırdı məni. Bir gün təcili yardım yenə də gəldi. Qardaşı Şəfanın şəklini böyüdüb qoymuşdu. Tibb bacısı şəklinə baxdı dedi ki, bu qızı biz apardıq. Təkcə yadımda qalan bu olub. Bir də dedi ki, əllərinin xınası da getməmişdi.

Bir dənə ona heyfslənirəm ki, evini tanımadım, indi də bilmirəm ki, o hansı evə gəlin gedib. Hadisədən bir neçə gün əvvəl zəng etdi ki, ana, şənbə günü sizi qonaq çağırırıq. Deyəsən, 4-cü gün bu hadisə oldu. Bizdə belə adət var, nişanlı qızlara, təzə gəlinlərə ilaxır çərşənbədə xonça aparırlar. Onun ölümündən sonrakı  ili oğluma dedim ki, evin sən tanıyırsan, apar məni, heç olmasa pəncərədən baxım, görüm işıq yanır? Dedi, ana, otur yerində, deyərlər dəlidir (yenə göz yaşlarına boğulur). İndi də qoymurlar gedim baxım ömrünün son günlərində harada yaşayıb.

- Sonuncu dəfə nə vaxt danışmışdınız?

- Həyat yoldaşının dayısı onları Ağcabədiyə qonaq çağırmışdı. Gecə gəlib bizdə qalıb səhər Ağcabədiyə yola düşdülər. Ondan sonra bilmirəm...

Xına günündən sonra elə bil uşağa əyan olmuşdu. Evdə hər şeyə o baxırdı.  Şkafı da qaydaya salmağa çıxmışdı. Hər şeyin yerini bir-bir mənə deyirdi. Dedim ki, ay Şəfa, lazım olanda ya gələrsən, ya da ki, telefonla soruşaram. Dedi, mama, o qədər həsrətimi çəkəcəksən ki. O sözü indi də qulağımdadır.  

"Hamı deyirdi ki, bunun kimi qız nəsildə yoxdur" 

- Xasiyyəti necə idi?

- Hamı deyirdi ki, bunun kimi qız yoxdur nəsildə. Kitabın üstündə gəlinlikdə olan şəklini göstərir. Saat dörd idi, iki saat sonra oğlan evi gələcəkdi. Paltarın bir hissəsi bir az açıq qalmışdı. Məni qaçırtdı, getdim nə qədər sancaq  aldım, paltarı düzəltdi. Dedi ki, mama açıq olmasın, utanıram, mən böyüklərin qarşısına çıxacağam. 

Ondan sonra bir qardaşı da var idi. Qardaşı anadan olanda Şəfanı bağçadan çıxartdıq. O uşağa bu baxırdı. Oğlanlarıma deyirdim ki, iki qardaşsınız, Şəfanı heç vaxt yaddan çıxarmayın, mən olmasam da arayın-axtarın. Haradan biləydim ki, Şəfa gedəcək, qalmayacaq.

Böyütmək üçün seçinAllaha çox bağlı idi, namaz qılıb, oruc tuturdu. Hər imsaka qalxanda deyirdi ki, mama, sən 5 dəqiqə də yat, hər şeyi mən hazır edəcəyəm.

Orta məktəbi, musiqi məktəbinin fortepiano sinfini fərqlənmə ilə, bakalavr, magistraturanı qırmızı diplomla bitirmişdi.

Uşağım gözə gəldi. Toyuna bir-iki gün qalırdı. Bir həftəlik icazə almışdı. Deyirdi, mama, professorlar elmi işlərini tərcümə etmək üçün mənə gətirirlər. Rus dilində təhsil almışdı deyə yaxşı tərcümə edə bilirdi. İşlərin yarısını yazmışam, yarısını da toydan sonra yazaram.

 "Elmi rəhbəri həmişə onun biliyinə güvənirdi" 

Şəfanın elmi rəhbəri Əli müəllim həmişə onun biliyinə güvənirdi. Hətta magistrlərın işlərini oxumaq, rəy bildirmək üçün Şəfaya verirdi. Ölüm xəbəri gələndə müəllim dərsdə imiş, elə uşaqların içində oturub ağlayıb ki, mənim sağ qolum kəsildi. Magistrlərdən biri hamilə imiş. Onun müdafiə vaxtına iki gün qalırdı. Müəllim zəng elədi dedi ki, Şəfa, sən o qıza işini tamamlamağa kömək elə. Səhəri gün xınası olacaqdı, durdu getdi qıza kömək eləməyə. Dedi ki, mama, o qızın işi hər şeydən vacibdir. Getdi onun sənəd işlərini hazır etdi.

- Həyat yoldaşı ilə necə tanış olmuşdu?

- Yoldaşımın əmisi qızının vasitəsi ilə. Şəfadan sonra iki il evlənmədi. Axırda özüm anasına dedim ki, oğlunu evləndir. İndi evlənib. Onunla belə hər ad günü, bayramlarda, ölüm günündə gedib görürük ki, artıq onlar məzar başındadırlar. O  iki ildə də işdən çıxandan sonra gəlib bizdə qalırdı. Anası dedi ki, bu uşaq necə bağlanıbmış Şəfaya.

Gətirmişik əşyaların, evin zirzəmisinə qoymuşuq. 6 ildir tozlanıb.

- Yəqin ki, kitabları çox olar?

- Eh... O qədər. Hətta yazdığı elmi işin yarısı da qalır. Deyirdi ki, bu mövzunu 1958-ci ildə kimsə müdafiə edib, bir də indi mən edəcəyəm.

Özü kitab yazmışdı. Deyirdi ki, dərsliklərin çoxu rus dilindədir, uşaqlara çətin olur. Qəflətən vəfat edən kafedra müdirləri var idi, onun da, kitab üçün kompüterdə sxem hazırlayan qızın da adını kitaba əlavə etmişdi ki, əlinin zəhməti var. Heç qismət olmadı kitabı görmək. Gətirib bizə verdilər, mən də apardım verdim universitetə ki, paylayın uşaqlara. Öz maaşı ilə çap etdirmişdi.

Bir anaya bundan artıq əziyyət verməyə haqqım yoxdur, deyə düşünürəm. Kitabı da götürüb, sağollaşıb çıxıram. Kitabda onun barədə olan xatirələrin bir neçəsini sizinlə də bölüşmək istəyirəm.

 "Sərçəyə dəymə, anası gələr dişləyər" 

Atası Afət Məmmədov Şəfanın uşaqlığını belə xatırlayır: Hər səhər Şəfanı və böyük qardaşı Anarı Naxçıvan şəhərində yerləşən rus bağçasına aparırdım. Körpə olduğu üçün onu qucağıma almışdım. Bir gün eşitdim ki, üzü arxaya olan Şəfa kiməsə deyir ki, sərçəyə dəymə, anası gələr dişləyər. Elə bildim ki, öz-özünə danışır. Məcbur qalıb arxaya çevrildim. Gördüm ki, iki kiçikyaşlı oğlan hələ qanadlanmağa macal tapmamış balaca sərçəni o tərəf-bu tərəfə atır. Elə o vaxtdan hiss etdim ki, onda təbiətə, canlılara maraq daha çoxdur.

 "Biz üç qardaşıq" 

Böyük qardaşı Anar Məmmədov deyir ki, Şəfanı ya mətbəxdə, ya da masa arxasında dərs hazırlayarkən tapmaq olardı. Namusu, qeyrəti ilə həmişə başımızı uca edib. "Ailədə neçə uşaqsınız" sualına cavabım həmişə belə olub: biz üç qardaşıq.  

"Mənə toy xonçasından olan bir neçə konfet verdi" 

Şəfanın kiçik qardaşı Aran Məmmədov deyir ki, o, bacısına layiq olmağa çalışıb: Onun mənim yolumda çəkdiyi əziyyətlərinin, az bir hissəsinin də olsa, əvəzini qaytarım. Ancaq arzum ürəyimdə qaldı.

Axırıncı dəfə onunla ADNA-da, hadisədən bir gün öncə, elə iş yerində görüşdük. Hələ baxmağa imkan tapmadığımız toylarının kasetini almağa getmişdim. Beş dəqiqə ayaqüstü söhbət etdik, zarafatla "mənsiz darıxmırsan ki?" söylədi, evdəkiləri soruşdu. Həmin gün çox şən, gülərüz idi. Otaqdan çıxanda mənə toy xonçasından olan bir neçə konfet verdi, bərk-bərk qucaqlayıb öpdü. Həmişə məni oxşayıb, əzizlədiyi sözlərini bir daha təkrarladı: "sağ ol cici bala, özündən muğayat ol, mamaya kömək elə, qoyma mənsiz darıxsın". 

"Aldığım qara xəbər mənim də dünyamı qaraltdı" 

Tələbə yoldaşı Elnarə inanmırmış ki, ölən onların sevimlisi Şəfadır: Neft Akademiyasındakı hadisə barədə xəbəri Moskvada eşitdim, həlak olanlar arasında Şəfanın adını oxuyanda inanmadım. Çox narahat olduğumu görən həyat yoldaşım dedi ki, o qədər Şəfa var ki... Amma Bakıda yaşayan qrup yoldaşlarımdan aldığım qara xəbər mənim də dünyamı qaraltdı.

Həmişə şirin zarafatları, mehriban xarakteri ilə diqqət çəkən Şəfa xərəkdə sakit halda yatmışdı.

Bir gün dedi ki, qardaşımı evləndirmək istəyirik. Yarı zarafat, yarı gerçək hamı dedi ki, bizdən yaxşı gəlin olar, seç birimizi qurtarsın getsin. Gülə-gülə dedi ki, hamınız xoşbəxt olmağa layiq qızlarsınız. Qisməti Tanrı yazır. Görək də... 

"Şəfa mənim ən istəkli yetirməm idi" 

Şəfanın elmi rəhbəri, professor Əli Əliyev: Bizi vaxtsız tərk edən Şəfa Məmmədova mənim ən istəkli yetirməm idi. Hərdən ona "sən mənim sağ əlimsən" deyərdim. Hadisəni auditoriyada, dərs zamanı eşitdim. Şəfanın adını həlak olanların arasında eşidəndə qəhər məni boğdu. İçin-için ağladım...

ADNA  qurbanlarının  əziz xatirəsini daima anacaq və qəlbimizdə əbədi yaşadacağıq.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov