Pərvanə XƏLİLOVA,
Bakı şəhəri, 132-134 nömrəli təhsil kompleksinin tarix
müəllimi,
"Ən yaxşı müəllim " müsabiqəsinin (2010) qalibi
VII SİNİF
AZƏRBAYCAN TARİXİ FƏNNİ
Mövzu:
Mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti. Azərbaycan
Səfəvi dövlətinin yaranması.
Alt-standartlar: 2.1.2, 4.1.1
Təlim məqsədləri:
1.Səfəvilər dövətinin yaranması zamanı baş verən tarixi
hadisələrə dair məlumatları xəritələr vasitəsilə izah
edir.
2. Şah İsmayılın fəaliyyətini tarixi şəxsiyyətlərin
oxşar və fərqli cəhətlərinə görə təhlil edir.
İnteqrasiya:
Coğrafiya, ümumi tarix, Azərbaycan dili
Təlim forması:
Qruplarla iş
Təlim üsulu:
Beyin həmləsi, Venn diaqramı, müzakirə.
Resurslar:
Dərslik, iş vərəqləri, xəritə, kompüter, slaydlar,
şəkillər.
Dərsin vaxt bölgüsü:
Motivasiya - 4 dəq.
Tədqiqat sualı və problemin həlli-10 dəq.
Təqdimat-8 dəq.
Məlumatın müzakirəsi: 5 dəq.
Yaradıcı tətbiqetmə- 8 dəq.
Nəticə və ümumiləşdirmə-5 dəq.
Ev tapşırığının verilməsi-2 dəq.
Qiymətləndirmə - 3 dəq.
Dərsin gedişi:
Salamlaşma. Beyin həmləsindən istifadə edərək
şagirdlərlə Səfəvilərin Şah İsmayılaqədərki, yəni
Ərdəbil hakimliyi dövründəki hadisələr haqqında qısa
sual-cavab aparılır. Bundan sonra aşağıdakı slayd
nümayiş olunur. Burada mövzunun adı və onunla bağlı
şəkillər təsvir olunub.
Motivasiya yaratmaq üçün isə bu slayd şagirdlərə
təqdim olunur:
Burada nümayiş olunanlar haqqında şagirdlərin ilkin
düşüncələri alınır, beyin həmləsi ilə mövzunun mahiyyəti
müəyyənləşir.
Sinif qruplara bölünür. Qruplar adlandırılır.
Tədqiqat sualı:
Dövlətin yaranması üçün düzgün siyasətin vacibliyi nədən
ibarətdir.
Tədqiqatın aparılması:
Tədqiqat sualının araşdırılması üçün qruplara aşağıdakı
tapşırıqlar verilir:
I qrup: Səfəvi-Şirvanşah mübarizəsi.
II qrup: Səfəvi-Ağqoyunlu dövlətinin 1-ci qolu ilə
aparılan mübarizə.
III qrup: Səfəvi- Ağqoyunlu dövlətinin 2-ci qolu ilə
aparılan mübarizə.
IV qrup: Çaldıran döyüşü.
Şagirdlər verilən vaxt çərçivəsində dərslik üzrə
araşdırmalar aparır, təqdimatlarını hazırlayırlar. Bu
müddət ərzində müəllim hər qrupa yaxınlaşır,
araşdırmanın gedişinə kənardan nəzarət edir, lazım
gəldikdə isə istiqamətverici köməklik göstərir.
Təqdimat: Qruplara ayrılan vaxt bitdikdən sonra növbə
ilə hər qrup öz araşdırmalarını təqdim edir. Təqdimatlar
bitdikdən sonra əldə olunmuş informasiyalar şagirdlərlə
müzakirə olunur.
Yaradıcı tətbiqetmə:
Növbəti mərhələdə qruplara iş vərəqlərində Venn
diaqramları təqdim olunur.
I qrup Şah İsmayılla Cavanşirin,
II qrup Şah İsmayılla Şəmsəddin Eldənizin,
III qrup Şah İsmayılla Qara Yusifin,
IV qrup Şah İsmayılla Uzun Həsənin fəaliyyətlərinin
oxşar və fərqli cəhətlərini təhlil edirlər.
Şagirdlər şəxsiyyətlərin oxşar və fərqli cəhətlərini
müəyyən vaxt çərçivəsində əldə etdikləri biliklər
əsasında araşdırırlar. Nəticələr nümayiş olunur.
Nəticə və ümumiləşdirmə:
Şagirdlər dərs müddəti çərçivəsində Azərbaycan Səfəvi
dövlətinin yaranmasının tarixi gedişini araşdırmış
olur, xəritələr üzərində işləyərək konkret hadisələrin
niyə məhz bu ərazilərdə baş verdiyi faktını anlaya
bilirlər. Dövlətin yaranmasında konkret olaraq
şəxsiyyətin rolunu təhlil edə bilirlər və ən əsası
dərsin əvvəlində verilmiş tədqiqat sualına cavab
tapırlar. "Dövlətin yaranması üçün düzgün siyasətin
vacibliyi nədən ibarətdir" sualına müxtəlif cavablar
vermiş olurlar. Dövlətin yaranması zamanı nüfuzlu
şəxsiyyət, düzgün zamanın və düşmən qüvvələri ilə
mübarizədə doğru hərbi taktikanın seçilməsi kimi vacib
anlayışları mənimsəmiş olurlar.
Ev tapşırığı:
Səfəvilər dövləti ilə bağlı maraqlı faktlardan ibarət
təqdimat hazırlamağı tapşırılır.
Qiymətləndirmə:
Şagirdılərin bilik və bacarıqları aşağıdakı cədvələ
uyğun qiymətləndirilir:
Təqdim olunmuş qiymətləndirmə cədvəlinin 1-ci və 2-ci
sətirindəki İzahetmə və təhliletmə meyarı sırf kurikulum
standartlarından çıxarılmış məqsədlərə istinad edir.
Dərsin gedişi zamanı bu bacarıqların necə tətbiq olunub,
mənimsənilməsinə əsasən aparılır. Digər 3 sətirdəki
meyarlar qrup işinin ümumi nəticəsi kimi öz qiymətini
müəyyən etmiş olur. Nəticə hissəsində verilmiş meyarlara
uyğun qiymətlər toplanır, qrupun ümumi nəticəsi
şagirdlərə təqdim olunur. |