Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə
müəllimlərin yerdəyişməsini və işə qəbulunu
mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil
etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil
Nazirliyi haqqında" Əsasnamənin 8.30-cu, 8.39-cu və
13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə
daxil olan ümumi təhsil müəssisələrində və peşə
liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi,
pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları"
təsdiq edilsin (əlavə olunur).
2. 2015-2016-cı tədris ilində ümumi təhsil
müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə
qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya
komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).
3. İnsan resursları şöbəsi (F.Qədirov), İlk peşə və orta
ixtisas təhsili şöbəsi (S.Vəliyev):
3.1. Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən
daxil olan vakant yerləri təhlil etsinlər və
müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr
üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini
təmin etsinlər;
3.2. 01-10 iyun 2015-ci il tarixlərində iş yerinin bir
rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi
üzrə, 01-15 iyul 2015-ci il tarixlərində isə
müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu
təşkil etsinlər.
4. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi
(S.Məmmədov) müəllimlərin yerdəyişməsi və işə qəbulu
üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron
proqram təminatı üzrə texniki hazırlıq işlərinin və
zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin
etsin.
5. İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət
şöbəsi (K.Quliyev) müəllimlərin yerdəyişməsi və işə
qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində
namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin
etsinlər.
6. İnsan resursları şöbəsi (F.Qədirov):
6.1. İşə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq
ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və
onların məxfiliyini təmin etsin;
6.2. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı
müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi internet
saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların
müşayiətedici məktubla yerli təhsili idarəetmə
orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində
olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin
etsin.
7. Yerli təhsili idarəetmə orqanları daxil olmuş
müraciətlər əsasında 01-10 may 2015-ci il tarixlərində
ümumtəhsil müəssisə rəhbərlərinin rəylərini nəzərə
almaqla müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini
təşkil etsinlər.
8. Yerli təhsili idarəetmə orqanlarının, Təhsil
Nazirliyinin tabeliyində olan ümumi təhsil
müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
8.1. 2015-ci il may ayının 15-dək yeni tədris ili üçün
vakant yerlər barədə məlumatların müəyyən edilmiş forma
üzrə (forma əlavə olunur) elektron proqram təminatına
daxil edilməsini təmin etsinlər;
8.2. Müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul
olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını
təmin etsinlər;
8.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas
təhsili müəssisələrini bitirmiş və ümumi təhsil
müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün
əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli 67
nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq
olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin
yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlərin vaxtında
verilməsini təmin etsinlər;
8.4. Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq
iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər,
həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant
yerlər haqqında sentyabrın 20-dək müəyyənləşdirilmiş
formada Təhsil Nazirliyinə elektron və yazılı məlumat
təqdim etsinlər.
9. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet
saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə"
səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak
edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların
və müsabiqələrin nəticələrinin yerləşdirilməsini, vakant
yerlər haqqında məlumatın "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət Aparat rəhbərinə
(M.Eynullayev) həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
29 aprel 2015-ci il
Əlavə:
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil
olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji
kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları |