Mayın
6-da Bakı şəhəri Humanitar fənlər təmayüllü
məktəb-liseydə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 92-ci ildönümünə həsr olunmuş
ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Təhsil
Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin
nümayəndələri, məktəb direktorları, valideynlər və digər
qonaqlar iştirak ediblər.
İlk öncə Dövlət himni səsləndirilib. Sonra liseyin
direktoru Nəzakət Əsgərova qonaqları salamlayaraq
ulu öndərin milli mədəni dəyərlərimizin qorunması,
təhsilimizin, mədəniyyətimizin inkişafı üçün gördüyü
işlər barədə ətraflı danışıb. Vurğulanıb ki, Heydər
Əliyev dühası azərbaycançılığı milli ideologiyaya
çevirməklə xalqın həmrəylik və bütövlüyünə, mənəvi
birliyinə nail olub.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə
Abdıyeva və Təhsil Nazirliyinin böyük məsləhətçisi
Hüseyn Mirzəyev çıxış edərək bildiriblər ki, ulu öndər
Heydər Əliyev ömrünü Azərbaycan dövləti və
dövlətçiliyimizin taleyi ilə bağlamış, həyatımızın
bütün sahələrində misli görünməyən işlər görmüş və
mühüm nailiyyətlər qazanmışdır. Ümummilli liderimizin
siyasəti nəticəsində xalqımız əsrlər boyu arzusunda
olduğu milli azadlığa qovuşaraq hüquqi, demokratik və
dünyəvi dövlət quruculuğuna qədəm qoymuşdur.
Liseyin riyaziyyat müəllimi Gülgəz Ağayeva Heydər
Əliyevə həsr etdiyi şeirini söyləyib. Digər çıxış
edənlər Azərbaycanın müstəqillik qazanmasında ulu
öndərin misilsiz xidmətlərindən söz açıblar.
Məktəblilər vətənə, ulu öndərə və müstəqilliyimizə aid
şeir deyib, mahnı oxuyub və ədəbi-bədii kompozisiya
nümayiş etdiriblər.
Sonda liseyin rəhbərliyi tərəfindən müsabiqələrdə,
eləcə də tədbirlərdə fəal iştirak edən müəllim və
şagirdlər fəxri fərmanla təltif olunublar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |