Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

"Ümumtəhsil kurikulumunun əsasları" fənni ali təhsilin məzmununda uğurlu yenilikdir

 

Rasim ŞÜKÜROV,
AMİ-nin Mingəçevir filialının direktoru, dosent, əməkdar müəllim

Hər bir ölkənin təhsil sisteminin durumu həmin ölkənin dayanıqlı və ardıcıl inkişafını təmin edən başlıca amillərdən biridir. Təhsilin keyfiyyəti və onun hamı üçün əlçatan olması bütün dünya ölkələrinin təhsil siyasətinin əsas prioritetinə çevrilib. Əsas zənginliyi insan kapitalı hesabına formalaşan inkişaf etmiş ölkələr hələ də təhsil sistemlərində islahatlar aparırlar. Təcrübələr bölüşülür, inteqrasiya üçün yeni üsul və vasitələr  axtarılır. Müstəqillik əldə etmiş Azərbaycan dünyada gedən bu proseslərdən heç vəchlə geri qala bilməzdi. Bu gün respublikamızın ali təhsil sistemində həyata keçirilən islahatların əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Bu baxımdan, ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir.

Son dövrlər təhsil sistemində, xüsusilə də  ali təhsil sistemində həyata keçirilən məqsədyönlü tədbirlər təhsilimizdə  yeni bir eranın başlanmasından  xəbər verir. Səriştəyə əsaslanan təhsil  həyati bacarıqlara yiyələnən gələcək nəslin yetişdirilməsini bir məqsəd kimi hədəf seçmişdir. Artıq təhsil müəssisələri  təkcə nəzəri biliklərin mənbəyi rolunu oynamamalı, həmin biliklərin praktik olaraq həyata keçirilməsinə imkan verməlidir. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi istiqamətində son dövrlər bəzi yeniliklər edilmişdir. Pedaqoji istiqamətli ali təhsil müəssisələrində isə tələbələrə özlərini ilk dəfə olaraq müəllim kimi  sınaqdan çıxarmaq imkanı verən bəzi fənlərin tədris planına daxil edilməsi təqdirəlayiq hadisədir. 

Təhsil Nazirliyinin əmrinə əsasən pedaqoji yönümlü ixtisaslarda "Ümumtəhsil kurikulumunun əsasları" fənninin tədrisinə başlanması təhsil sistemində aparılan yeniliklər sırasında mühüm bir addımdır. Məlum olduğu kimi, ümumtəhsil sistemində artıq 7 ildir ki,  tədris kurikulum əsasında aparılır. Müəllimlər üçün müxtəlif treninqlərin keçirilməsi onların dərsləri təlimin yeni metodları ilə tədris  etməsinə kömək etmişdir. Lakin etiraf etmək lazımdır ki, ali təhsil məktəblərinin tələbələrinin  kurikulumla az tanışlığı və ya tamamilə tanış olmaması onların orta məktəbdə hərtərəfli bir kadr kimi özünü göstərməsinə imkan vermir. Təhsil sahəsində həyata keçirilən dəyişikliklər son nəticədə siniflərdə və müəllimlərin fəaliyyətində əks olunur. Ona görə də ali təhsil alan hər bir gənc mütəxəssis dəyişikliklər haqqında ətraflı məlumatlara malik olmalı və islahatın müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi bilik, bacarıq və vərdişlərə yiyələnməlidir. III və IV kurs  tələbələrinin pedaqoji təcrübəyə getməsini nəzərə alsaq, onların pedaqoji təcrübə zamanı hansı çətinliklərlə  rastlaşdığını təsəvvür etmək olar. Təhsil ictimaiyyətinin bir nümayəndəsi kimi "Ümumtəhsil kurikulumunun əsasları" fənninin IV tədris ilində tədrisini uğurlu  və vaxtında qəbul edilmiş qərar hesab edirəm.

İlk öncə onu qeyd edək ki, fənni tədris edəcək müəllimlər kafedralar tərəfindən müəyyənləşdirilmiş və Təhsil Nazirliyi tərəfindən  təşkil olunmuş təlimlərdə iştirak etmişlər. AMİ-nin Mingəçevir filialında "Ümumtəhsil kurikulumunun əsasları" fənni 2014-2015-ci tədris ilinin payız semestrində "Azərbaycan dili və ədəbiyyat müəllimliyi", "Xarici dil müəllimliyi-ingilis dili" və "Riyaziyyat və informatika müəllimliyi" ixtisaslarında tədris olunmuşdur. İlk gündən tələbələr bu fənnə çox ciddi, lazımlı və əsas fənn kimi yanaşdılar və sonralar ona daha çox maraq və həvəs göstərdilər. Bu fənn tələbələrə təlim-tədris fəaliyyətinin  məqsədini, məzmununu, şagird nailiyyətlərini və onların qiymətləndirilməsi qaydalarını - müasir dərs modelinin əsas strukturunu öyrənməsinə imkan verəcəkdir. "Ümumtəhsil kurikulumunun əsasları" fənninin tədrisi tələbələrin təşəbbüskarlığını, yaradıcılığını məhdudlaşdıran ənənəvi tədris formalarından tədricən imtina olunmasına imkan verir, onların yaradıcı fəaliyyətinə, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran dərslərə geniş yer verilməsinə şərait yaradır. Bu zaman yeni pedaqoji texnologiyaları və müasir təlim yanaşmalarını əks etdirən dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri-standart dərs formalarından istifadəyə üstünlük verilir, təlim prosesinin mütəhərrikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunur. Tələbələr öz təhsil fəlsəfəsini müəyyən edir və bu baxımdan müəllimə, şagirdə və təlim-tədris prosesinə verilən tələbləri şərh edir, təhsilin məzmununu əks etdirən sənədlər, onların məzmunu, strukturu və səciyyəvi cəhətləri haqqında məlumat verir. Sənədlərin mahiyyətini nəzəri baxımdan dərk etmədən təlimi təşkil etmək və məzmun standartlarının reallaşmasına nail olmaq mümkün deyil. Bu fənni mənimsədikdən sonra tələbələr təlimin mərhələli təşkilini təmin edən amilləri (taksonomiyaları) fənn kurikulumları üzrə tətbiq edir, onun əhəmiyyətini izah etmək  bacarıqlarına yiyələnərək, "öyrənməyi öyrətmək" və "müstəqil təhsil"in təşkilində biliyin müxtəlif kateqoriyalarının əhəmiyyətni izah edirlər.

Fənnin tədrisi nəticəsində tələbələr tədris prosesində şagird şəxsiyyətini ön plana çəkməyin vacibliyini, uğurlu müəllim-şagird, müəllim-ailə münasibətlərinin qurulmasının yolları və əhəmiyyətini dərk etdilər. Fənn tələbələrin dövlətin təhsilə verdiyi tələblərə nail olmaq üçün fəaliyyətini təlimin təşkilinə verilən tələblər çərçivəsində quran, şagird nailiyyətlərini qiymətləndirməyin üsul və vasitələrindən müvəffəqiyyətlə istifadə edən, nəticələri təhlil edib müvafiq qərarlar qəbul edən lider, tədqiqatçı, nəzəri və praktik baxımdan hazırlıqlı müəllim kimi formalaşmasına kömək edir və  onlar İKT-nin imkanlarından istifadə etmə bacarıqlarını tədris prosesinə tətbiq edir.

Qeyd edək ki, həmin fənnin tədrisi üçün filialda tələbələrə və müəllimlərə hər cür şərait yardılmışdır. Kompüterlərlə və digər texniki avadanlıqlarla təchiz edilmiş otaqlar onların ixtiyarına verilmişdir. İmtahanların zəruri sağlam mühit və İKT-nin imkanları ilə təmin olunmuş şəraitdə şifahi şəkildə qəbul edilməsi tələbələrin kommunikativ və İKT-dən istifadə, fənn kurikulumlarına müvafiq cari plan hazırlanma və onu təqdimetmə və s. kimi bacarıqların aşkarlanmasına imkan verir. İmtahan   nəticələrinin  müzakirəsi zamanı   "Ümumtəhsil kurikulumunun əsasları" fənninə  xüsusi diqqət yetirilmişdir. Fənni tədris edən müəllimlər müzakirələrə dəvət olunmuş və yaradıcı müzakirələr aparılmışdır. Fənnin tədrisi tələbələrdə:

-  dövlətin təhsil siyasətinin mahiyyətini dərk etmək və hüquqi sənədlərlə işləmək bacarığı aşılayır;

-  tədqiqat aparmaq qabiliyyətini inkişaf etdirir;

-  cari və illik planlaşdırma işini təşkil etməyi formalaşdırır;

-  nəzəri pedaqoji biliklərin möhkəmlənməsinə;

-  praktik və nitq qabiliyyətinin inkişafına;

-  müəllim-şagird, müəllim-ailə münasibətlərinin qurulması yollarını müəyyənləşdirməyə və əhəmiyyətini dərk etməyə kömək edir;

-  İKT-dən istifadə etmək bacarığını inkişaf etdirmək və s. qabiliyyətlərin inkişaf etdirilməsinə təsir göstərir.

Fənnin bütünlüklə praktik məşğələ şəklində tədrisi isə öyrədən və öyrənən arasında interaktivlik üçün daha geniş imkanlar açmışdır. "Ümumtəhsil kurikulumunun əsasları" fənninin tədrisinin necə əhəmiyyət daşıdığını  biz IV tədris ilinin  tələbələrinin  pedaqoji təcrübəsi zamanı bir daha şahidi olduq. Açıq etiraf etmək lazımdır ki, əgər əvvəlki illərdə pedaqoji təcrübədə olan tələbələrimiz orta məktəblərdə fəal və interaktiv dərslərin gedişində çətinlik çəkirdilərsə, indi bunu söyləmək olmaz. Cari tədris ilində pedaqoji təcrübədə olan sonuncu  kurs tələbələrimizin sınaq dərslərinin  böyük əksəriyyəti kurikulumun tələbləri   səviyyəsində təşkil olunmuşdur. Əlbəttə, bu, həmin fənnin tədrisi ilə bağlıdır.

"Ümumtəhsil kurikulumunun əsasları" fənninin pedaqoji yönümlü kadr hazırlığı tələb edən ixtisasların tədris planına daxil edilməsinin  üstün cəhətlərindən biri də ondan ibarətdir ki, bu fənnin tədrisi tələbələrin magistraturaya və işə qəbul imtahanlarına mühüm hazırlıq mərhələsi rolunu oynayır. Fikrimizcə, fənnin tədrisinin III tədris ilində başlaması isə həmin tədris ilində təhsil alan tələbələrə  I pedaqoji təcrübə zamanı daha fəal iştirak etmələrinə yardımçı ola bilər. Həmçinin, bu fənnin hər bir ixtisasın dövlət standartının ixtisas-peşə hazırlığı fənləri bölümünə daxil edilməsi daha məqsədəuyğundur.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov