M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü, professor
Nərgiz Paşayevanın AZƏRTAC-a müsahibəsi
-
Mərkəzin rəsmi saytında qeyd olunub ki, Azərbaycan və
onun yerləşdiyi Qafqaz bölgəsinin zəngin mədəniyyətinin
və tarixinin araşdırılması beynəlxalq elm aləminin
diqqətindən kənarda qalıb. Sizcə, təşkil edilən elmi
konfransın bu baxımdan əhəmiyyəti nədən ibarətdir?
- Sabahkı konfrans Oksford Universitetində yaradılmış və
onun səlahiyyətli bir qurumuna çevrilmiş Nizami Gəncəvi
adına Mərkəzin ilk elmi konfransıdır. Şübhəsiz ki, belə
bir tərkibdə və belə bir çevrədə təqdim olunan konfrans
özlüyündə ortaya bir çox mühüm məsələləri qoyur. Birinci
mühüm məsələ odur ki, artıq deyildiyi kimi, burada
səsləndirilən hər bir fikir, irəli sürülən hər bir elmi
mülahizə auditoriyada qalmır, dünyanın bütün elmi
dairələrinə çatdırılır. Çünki Oksfordun yürütdüyü
mülahizələr, qəbul etdiyi dəlillər artıq dünyada
sınaqdan keçirilmiş elmi meyarlardır. Bu baxımdan
əlbəttə ki, bizim Mərkəzin keçirdiyi konfransın
əhəmiyyəti çox böyükdür. Konfransda iştirak edən alimlər
bu gün öz sahələrində ən sanballı, ən məşhur və nüfuzlu
alimlərdir. Bu isə sözsüz ki, tədbirin səviyyəsinin əsas
göstəricisidir.
- Ötən il AZƏRTAC-a verdiyiniz müsahibədə Nizami Gəncəvi
adına Mərkəzin tezliklə fəaliyyətə başlayacağını qeyd
etmişdiniz. O vaxtdan çox keçməsə də, Mərkəzin
fəaliyyəti və layihələri haqqında nə deyə bilərsiniz?
- Layihələrin sadalanması doğrudan da sevindiricidir.
Məsələn, fərəhli hal odur ki, Bertelsin 1941-ci ildə
nəşr olunmuş və təəssüf ki, heç vaxt yenidən rus dilində
dərc edilməmiş "Böyük Azərbaycan şairi Nizami Gəncəvi"
kitabını biz burada, Oksfordda ingilis dilinə tərcümə
edirik. Bu ilin sonuna qədər bu kitabın həm Oksfordda,
həm də Azərbaycanda təqdim olunması nəzərdə tutulur.
Alimlər və peşəkar dairələr, bu işin fərqində olanlar
üçün bu, çox böyük hadisədir. Çünki Bertelsin kitabının
ingilis versiyasını bu vaxta qədər heç kəs
hazırlamamışdı. Əgər bunu Oksford kimi böyük bir
universitet, onun şərqşünaslıq fakültəsi tərcümə edib
ortaya qoyursa, artıq bu kitabı bütün dünya tanıyacaq.
Bundan başqa, biz 3 magistrant və 3 aspirant hazırlığı
ilə məşğuluq. Hazırlıq nədən ibarətdir? İmtahan vermək
lazımdır. Oksford müəllimlərinin və professorlarının
sınağından keçmək lazımdır. Sınaqdan keçən hər kəs bu
uğuru qazanacaq. Əlbəttə ki, biz bu imkanı layiq olana
verəcəyik.
Bundan əlavə, biz təkcə şərqşünaslıq və
ədəbiyyatşünaslıq deyil, elmin hər hansı bir başqa
sahəsi ilə də məşğul olan, Oksford Universiteti ilə
əlaqə yaratmaq istəyən hər bir kəsə universitetin
qaydaları çərçivəsində yardım etmək səlahiyyətinə
malikik. Konfransdan bir gün əvvəl universitetin
rəhbərliyi ilə görüşdə mənə dedilər ki, gələcəkdə bizi
yalnız Qafqaz regionu deyil, həmçinin Orta Asiya
bölgəsində təmsil edən bir mərkəz olaraq görmək
istəyirlər. Artıq iki ildir ki, birgə çalışırıq. Burada
etimad qazanmışıq və bu müddət ərzində onlar bizim elmi
biliyimizi, bacarığımızı, tərəfdaşlıq qabiliyyətimizi
qiymətləndiriblər və bu qiymət yüksəkdir.
- Bu layihəyə təbii ki, Azərbaycanda böyük maraq
göstərilir. Belə ki, Nizami Gəncəvi adına Mərkəz Oksford
Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Bu,
böyük nailiyyətdir. Siz bunu necə izah edərdiniz və
maraqlananlar Mərkəzin fəaliyyətində necə iştirak edə
bilərlər?
- Bilirsiniz, ən əsası odur ki, bacarıqlı, əməksevər
gənclər olsunlar. Doğrudur, XIII əsrdən fəaliyyət
göstərən Oksford Universiteti ödənişli əsaslarla təhsil
verir. Amma bu o demək deyil ki, maliyyə imkanı olan hər
bir kəs buraya daxil ola bilər. Bu nüfuzlu təhsil
ocağına yaxınlaşmaq burada təhsil almaq üçün maddi
vəsait demək olar ki, ən axırıncı şərtdir. Vacib olan
bacarıq və bilik, çalışqanlıq, səbir və təmkindir.
Tədricən kamilləşərək irəli getmək arzusu olmalıdır. Elm
biznes sahəsi deyil, buraya addım-addım, özündən
əvvəlkiləri yaddan çıxarmayaraq, üstündən xətt
çəkməyərək gəlirsən. Sən özündən qabaq olanları və çox
işlər görənləri unutmayaraq irəli gedə bilərsən.
Ən əsası odur ki, biz burada heç də formal, müvəqqəti
funksiya daşımırıq. Bu gün fəaliyyət göstərən və
Azərbaycanı təmsil edən Nizami Gəncəvi adına Elmi Mərkəz
Oksfordda daimi olmalıdır və olacaqdır. Çünki məhz belə
olduğu halda ölkənin də, vətənin də, vətəndaşın da
nüfuzu, dəyəri artır.
- Səkkiz yüz illik tarixə malik və bir çox dünya
şöhrətli alim və ictimai xadim yetişdirən məşhur Oksford
Universitetində təmsil olunan ilk azərbaycanlı alim
olaraq hisslərinizi necə ifadə edərdiniz?
- Mənə elə gəlir ki, bu həm reallıq, həm də əfsanədir.
Mən bu gün Oksforda gələndə məni ən istəkli və fəxri
qonaq kimi qarşıladılar. Mənə dedilər ki, bu bütün
fəaliyyətini universitetə və tələbələrə həsr etmiş,
universiteti təmsil edən adamların görüşüdür. "Biz belə
insanları həmişə qorumağa, onlara dəstək olmağa hazırıq".
Bu sözlər yüksək etimadın ifadəsidir, insan üçün böyük
sevincdir. Belə məqamda fikirləşirsən, nə yaxşı ki, 33
ildir öz peşənlə, fikrimcə ən yaxşı peşə ilə -
müəllimlik və elmlə məşğulsan. Oksford Universitetinin
qapısını açmaq, onun kollektivinə qovuşmaq mənim üçün
çox böyük qürurdur.
Azərbaycanda məşhur alimlər olub, burada böyük elmi
potensial formalaşıb. Dünya Azərbaycan elmi ilə hələ
kifayət qədər tanış deyil. Biz istəyirik ki, Azərbaycan
elmi dünyada layiq olduğu yeri tutsun. Bu isə bir günün,
bir saatın ərzində, ani istəklə ərsəyə gələn bir iş
deyil. Bu, böyük əmək, zəhmət və ürəkyanğısı tələb edir.
Burada Oksfordda heç kim heç kimdən asılı deyil, lakin
hamı həqiqətdən asılıdır və ona xidmət edir.
- Müsahibəyə görə çox sağ olun.
Orxan İSMAYILOV
AZƏRTAC-ın xüsusi müxbiri
London |