Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Ədəbiyyat müəllimi hazırlığı və tədris problemləri

 

Yusif ASLANOV,

Sumqayıt Dövlət Universitetinin
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, dosent

Ölkəmizin və eləcə də qloballaşan dünyanın sosial-iqtisadi istiqamətlərində davamlı və dinamik inkişafa uyğun yeni təhsil sisteminin qurulması, təhsilin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi prioritet məsələlərdən biridir. Tədqiqatçıların fikrincə, "Təhsil əsri", "İntellekt əsri" adlanan XXI yüzillikdə proqramlaşdırmanın  və kompüterləşdirmənin nəzəri və praktik cəhətdən təlim prosesinə tətbiqi imkanlarını  müəyyənləşdirmək,  dərsin hər  mərhələsində irəliləyişləri diaqnostlaşdırmaq, bu vasitələrin mövzunun dərindən və maraqla öyrənilməsinə göstərdiyi təsiri aşkara çıxarmaq  da  təlim keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Buna görə də müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları öyrənənin fəallığı və tədqiqatçı qabiliyyətinin inkişaf etdirilməsində imkan və bacarıqların aşkara çıxarılmasına, kreativ keyfiyyətləri aşkara çıxarmaqla neft kapitalını intellekt kapitalına çevirməyə yönəldilib.

 

Qarşıya qoyulan  məqsədə çatmaq üçün dərsdə elə bir  şərait yaradılmalıdır ki, İKT nəzəri və praktik biliklərə yiyələnməkdə öyrədici mühit yaratmağa, psixoloji gərginliyin aradan götürülməsinə, estetik-emosional vəziyyətin, xoş ovqatın yaranmasına müsbət təsir göstərsin. Müəllim dərsin əvvəlindən sonuna qədər yalnız dərslikdəki materialları fasilə vermədən göstərməklə, fraqmentləri nümayiş etdirməklə təlimdə müvəffəqiyyət qazana bilməz. Nəzərdə saxlamaq lazımdır ki, şagirdlərə - tələbələrə mövzu ilə bağlı veriləcək tədqiqat sualları, problem mövzu elektron lövhədə canlandırılsın və onlar düşündüklərini əsaslandırmağı bacarsın, tədqiqat işi aparılsın, cavablar müzakirə olunsun, nəticə çıxarılsın və yaradıcı tətbiqetmə mərhələsində görülən işlər yerinə yetirilsin.

Təhsil Strategiyasının əsas istiqamətlərində də mühüm yer tutan  bu məsələləri uğurla davam etdirmək, bir sözlə, təhsili beynəlxalq təcrübəyə uyğunlaşdırmaq və bunun əsasında gələcəyin  pedaqoji fəaliyyət proqramını müəyyənləşdirmək yeni baxış, yeni pedaqoji təfəkkür tələb edir.

Mövcud təhsil sistemi  kurikulumun  mahiyyəti və məzmunundan irəli gələn vəzifələrin yerinə yetirilməsini ədəbiyyat təlimində də fəaliyyət proqramına çevirməyin imkanlarını araşdırır, yeni ideyaların, innovasiyaların təhsilə gətirilməsi və tətbiqini aktuallaşdırır. Bu gün Azərbaycan dili təlimində dinləyib-anlama, oxu, yazı və dil qaydaları, ədəbiyyat dərslərində isə ədəbiyyat və həyat həqiqətləri, şifahi və yazılı nitq standartları istiqamətlərində  aparılan işlər təhsillə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradır.

Müasir dövrdə  təhsil müəssisələrində avtoritar metodikanın yerini - əməkdaşlıq, dialoji  təlim metodikası  tutur.  Müasir yanaşmalara görə, dərsdə müəllimin rolu dəyişir, onun bilikləri hazır şəkildə vermək funksiyası özünü doğrultmur. O, fasilitator-bələdçi, yol göstərən, öyrənməyi öyrədən mövqeyində çıxış edir,  şagird-tələbə isə  əməkdaşlıq edir, tədqiqat aparır, fikirlərini əsaslandırır.

Dərsin mərhələlərinin köklü formada dəyişməsi metodikanın təkmilləşdirilməsi problemlərini pedaqoji fikrin müasir yeniliklərinə uyğun aparmağı, qabaqcıl təcrübənin nəticələri ilə əlaqələndirməyi tələb edir. Müasir dövrdə həm də təhsildə aparılan köklü islahatlar, metodik fikirdə yaranan yeniliklər, pedaqoji texnologiyalar, innovasiyalar müəllimi fərqli metod və üsullarla işləməyə yönəldir. Buna görə də təhsilimizin milli-mənəvi və ümumbəşəri ənənələr üzərində qurulması və yeni yanaşma mövqeləri ilə əlaqələndirilərək ədəbiyyatın öyrədilməsi, dərslərin təşkili, metod, üsul və vasitələrin tətbiqi, ümumiyyətlə, təhsil prosesləri ilə bağlı bütün fəaliyyətlərin səmərəli  icrası əsas məqsəd kimi seçilməli və həllini tapmalıdır.

Ümummilli lider Heydər Əliyev milli təhsilin bu məzmunda yeniləşdirilməsini diqqət mərkəzində saxlamış və dəyərli tövsiyələrini vermişdir: "Təhsilin özündə aparılan islahatlar çox vacibdir... Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üzərindən keçməyəsiniz. Bunlar, həqiqətən, həm Azərbaycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın".

Ümumi orta, tam orta təhsil səviyyələrində apardığımız müşahidələr göstərir ki, müəllimlər arasında ənənəvi üsulla dərs keçənlərin sayı  az deyil. Ənənəvi üsulla işləyən müəllimlər şagirdlərə mümkün  qədər çox bilik verməyə çalışırlar. Nəticədə də şagirdlər onlara həyatda  lazım olmayan anlayışlarla, fakt və hadisələrlə yüklənirlər. Ancaq  kurikulumlara uyğun dərslərin təşkilinə üstünlük verən qabaqcıl müəllimlərin iş təcrübəsində  həyat üçün, şəxsiyyət üçün lazım olan bilik və idraki, sosial və praktik bacarıqların formalaşdırılmasına, məzmunun nəticələr formasında öyrədilməsinə daha çox diqqət yetirilir.

Bədii əsərlərin məzmun və təhlili ayrı-ayrı siniflər üzrə nəzərdə tutulan təlim nəticələri və məzmun standartları, əsas və alt-standartlara uyğun aparılır. Əgər ənənəvi dərslərdə əvvəlcə  dərsin məqsədi yazılıb və fəaliyyətin istiqaməti bunun həllinə yönəldilirdisə, indi isə dərsin məqsədi əvəzinə dərsdə gözlənilən təlim nəticələri verilir ki, bu da alt-standartlar əsasında formalaşır.

Daha ciddi problemlərdən biri də ali məktəblərdə müəllimlik ixtisasına müəllim peşəsini sevməyən, ədəbiyyata və həmçinin başqa fənlərə marağı  aşağı səviyyədə olan tələbələrin qəbul olunmasıdır. Bu tələbələr bəzən yaxşı oxuyan, ünsiyyət qurmağı və davranış mədəniyyəti ilə fərqlənən tələbələri də asanlıqla öz təsiri altına salmağı bacarırlar. Fikrimizcə, şəxsiyyət-vətəndaşa məxsus xüsusiyyətləri özündə ehtiva etməyən, dünyagörüşü geniş olmayan, milli kimliyi və yenilməzliyini, soykökünü dərk etməyən, söz xiridarı olmayan, sözə dəyər verməyi bacarmayan, zövq və duyum qabiliyyəti formalaşmayan, insanlara ürəyinin hərarətini  vermək istəməyən tələbə filologiya fakültəsində təhsil ala bilməz,  ədəbiyyat müəllimi olmağa mənəvi haqqı çatmaz.

Ali məktəblərdə daha çox mübahisə doğuran məsələlərdən biri də testlərin tərtibi, tələbələrin öyrənmə  səviyyələrinin qiymətləndirilməsində onlardan istifadənin təlimə verdiyi müsbət nəticələrin olub-olmaması ilə bağlıdır. Testlər şəxsiyyətin inkişafının və formalaşmasının müxtəlif tərəflərini diaqnostlaşdırmaq üçün istifadə olunan ən səmərəli sınaq növlərindən biridir. Müşahidələr göstərir ki, testlə imtahan aparılması şəffaflığın yaradılmasında, cavabların obyektiv qiymətləndirilməsində ən düzgün yanaşma mövqeyi olsa da, ancaq  test tələbələri əzbərçiliyə  alışdırır, dərslik və dərs vəsaitlərinin oxunmasına, proqram materiallarının dərindən öyrənilməsinə imkan yaratmır, mütaliəyə marağı azaldır. Müşahidələr də göstərir ki, semestr müddətində bəzən zəif oxuyan,  mühazirə və seminarlarda fəallıq göstərməyən tələbə imtahan zamanı testlərə düzgün cavab verib yüksək qiymət almağı bacarır. Əzbərçiliyin qarşısını almaq üçün testlər mürəkkəbləşdirilməli, ya da testlər  əvvəlcədən tələbələrə verilməməlidir.  Proqram materiallarını  tam əhatə edən suallar hazırlamaq, tələbələrə paylamaq, ancaq imtahanı testlə aparmaq təlimin keyfiyyətini yüksəldə bilər. İkinci bir yol tam obyektiv mövqe gözlənilməklə imtahanın yazılı formada aparılması təcrübəsidir.

Müasir dövrün əsas xüsusiyyəti olan dinamizm təhsil, təlim-tərbiyə işini təkmilləşdirməyə və modernləşdirməyə daha çox diqqət yetirməyi  tələb edir. Bu sahədə dönüş yaratmaq, tələbələri təlim prosesinin bərabərhüquqlu iştirakçısına, müstəqil tədqiqatçısına çevirmək, mühazirə və seminar məşğələlərini  diskussiya və qarşılıqlı əməkdaşlığa əsaslanan dialoq üzərində qurmaq müəllimin bilik səviyyəsi, pedaqoji ustalığı, yeni texnologiyalarla işləməyi bacarması, yaradıcı fəaliyyəti ilə ölçülür. Ali məktəblərdə dərs deyən professor-müəllim heyətinin  müəyyən hissəsində bu keyfiyyətlər və müasir yanaşma  metod, üsul və vasitələrindən istifadə etmək bacarığı aşağı səviyyədədir, yaxud mühazirə və seminar məşğələləri daha çox müəllimin hazır bilik verməsi, informasiya ötürücüsü mövqeyində çıxış etməsi üzərində qurulur.

Müşahidələr və aparılan sorğuların nəticələri göstərir ki, müəllimlərin mühazirə və seninar məşğələlərini aparmasına münasibəti dəyişməli, dəqiq desək,  mühazirədə ancaq öyrədənin fəallığı, mühazirə oxuması və öyrənənin  dinlədiklərini yazması, seminar məşğələlərində isə dərs soruşulması, müəllimin daha çox danışması bütün  tələbələri fəallaşdırmır, təlimə maraq oyatmır.

Müasir pedaqoji tədqiqatlarda diskussiya aparmağa, fərqli fikirlərin ortaya çıxmasına imkan yaradan yeni texnologiyalardan istifadə etmək və  nəticələrə görə qiymətləndirmə aparmaq əsas hədəf kimi seçilir, araşdırmalar aparılır. Hər bir  dərsdə problem qoyulması,  elmi istiqamətlərin  seçilməsi, təlim nəticələrini təsdiq edən faktların  əsaslandırılması müəllimin diqqət mərkəzindən kənarda qala bilməz. İş prosesində müxtəlif fikirləri ortaya çıxaran suallardan istifadəni, fəal/interaktiv təlimin və inteqrativliyin  xüsusiyyətlərini nəzərə almaq, dialoq və əməkdaşlıq mövqeyini gözləməklə dərsləri təşkil etmək  təlimin səmərəli vasitələri  kimi seçilə bilər.

Bu məsələləri  yerinə yetirməkdə, ölkəmizdə aparılan kurikulum  islahatları sahəsində mövcud olan  nöqsanları aradan qaldırmaqda ən başlıca  amillərdən biri kadrların hazırlanması və ali məktəblərdə oxunan mühazirələrin keyfiyyəti, seminar məşğələlərinin yüksək səviyyədə təşkili ilə bağlıdır.

Düşünürük ki, ədəbiyyat müəllimi hazırlığı və tədris prosesinin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edən  araşdırdığımız problemlər professor-müəllim heyətinin nüfuzunun yüksəldilməsinə, kadr hazırlığı səviyyəsinin yaxşılaşdırılmasına, təlimə marağın gücləndirilməsinə, qarşılıqlı əməkdaşlıq və dialoji təlim metodikasının hazırlanmasına, ölkəmizdə kurikulumun əsaslarının nəzəriyyə və təcrübəsinin dərindən öyrənilməsinə müsbət təsir göstərəcəkdir. Bu həm də ədəbiyyat dərslərində  bədii əsərin oxunmasına, müxtəlif zövqlərin formalaşmasına, bədii yaddaşın inkişafına, mətn üzərində işin səmərəli təşkilinə də geniş  imkan yaradacaqdır.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov