Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın qeyrətli oğlu
Mübariz Ağakərim oğlu İbrahimovun əziz xatirəsinə
Oqtay ZƏNGİLANLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Səda
verdi Vətənin haray çəkən səsinə,
Şığıdı qartal kimi düşmənin cəbhəsinə.
Etdi mümkün hər şeyi, nə düşür öhdəsinə,
Qeyrəti, şəhidliyi ürəklərdə saldı iz,
Mübarizə ölüm yox, ölümsüzdü Mübariz!
Məhv edib düşmənləri, saldı yasa, şivənə,
Dedi ölüm dərsidir bu dərs xain düşmənə.
Bir evə, elə deyil, oğul oldu Vətənə,
Ucaltdı Vətənini, oldu güvənc yerimiz,
Yaddaşlara yazıldı, ölümsüzdü Mübariz!
İntiqam, qisas dedi, damarından axan qan,
Yazdırdı qanı ilə torpağa qurbandı can.
Mübarizlər doğulur, göz aydın Azərbaycan,
Mübarizin ruhuna and içir hər birimiz.
Mübarizdən dərs alaq, ölümsüzdü Mübariz!
Ölümündən qorxmayan Vətənin ər oğludur,
Cəsarətlə döyüşən igiddi, nər oğludur.
Pak ruhları oyanan Babəkdi, Koroğludu,
Təkrarlanan Mehdidi, bənzərsiz əfsanəmiz,
Qəhrəmanlar ölməzdi, ölümsüzdü Mübariz!
Ana vətən uğrunda sarıldı silahına,
Canını fəda etdi Vətənin sabahına.
Ölməz ruhu yol gedir Tanrının dərgahına.
Şəhidlik zirvəsində vicdanı, ruhu təmiz,
Ölməzliyə qovuşub, ölümsüzdü Mübariz! |