Rusiyanın
Azərbaycanlı Gənclər Birliyi (RAGB) Ümumdünya Qan Donoru
Günü münasibətilə Moskvada "Qanın milləti yoxdur" adlı
ənənəvi illik aksiya keçirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri
Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş bu
humanitar aksiya Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin klinik transfuziologiya və
hematologiya kafedrasında keçirilib.
Heydər Əliyev Fondunun Moskva səhiyyə müəssisələrində
qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək
göstərilməsi üzrə layihəsinin tərkib hissəsi olan
aksiyada Azərbaycan, Rusiya, Malayziya, Yunanıstan,
Özbəkistan, Gürcüstan və Çindən olan 100-ə yaxın tələbə
iştirak edib.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü, tədbirin
əsas təşkilatçılarından biri, tibb elmləri namizədi
Samir Əliyev qeyd edib ki, qanvermə aksiyasının
iştirakçıları bir tərəfdən öz sağlamlıqlarının vəziyyəti
barədə məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan
insanlara kömək etməklə xeyirxah iş görürlər.
Xatırladaq ki, RAGB son yeddi ildə bu universitetin
tələbələri və əcnəbi tələbələrlə iş üzrə dekanlığın
əməkdaşları ilə birlikdə mütəmadi olaraq bu cür
aksiyalar keçirir.
"Qanın milləti yoxdur" adlı humanitar aksiya Rusiyanın
başqa regionlarındakı tibbi profilli ali məktəblər
bazasında da keçirilir. Bundan əlavə, donor tələbələr
Asiya və Afrika ölkələrində genişmiqyaslı tibbi kömək
işini təşkil etməklə başqa ölkələrdə qana ehtiyacı
olanlara da kömək göstərirlər.
AZƏRTAC |