Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

"Öz ölkəmi təmsil etməkdən məmnunam"

 

"Bakı-2015" birinci Avropa Oyunlarının könüllüləri danışır

Rüfanə GÜNƏŞ,
 "Azərbaycan müəllimi"
[email protected]
 

Onlar fərqli geyimləri, müsbət enerjiləri və təbii ki, "Bakı-2015" Avropa Oyunlarında 17 gün ərzində gördükləri işlərlə hər kəsin diqqətini çəkməyi bacardılar. Söhbət böyük hissəsini tələbələrin təşkil etdiyi və sayı on mindən çox olan  könüllülərdən gedir. Möhtəşəm idman yarışında onlara bir çox vəzifənin icrası etibar edildi. Sonda aldıqları təşəkkür də onu göstərdi ki, işlərinin öhdəsindən layiqincə gəliblər.

Ətrafımda olan, bütün gününü bu yarışlara həsr edən könüllülərin işlərində necə məsuliyyətli olduğu diqqətimi çəkmişdi. Hələ bir dəfə də onların işlərin çoxluğundan, ya da yorğunluqdan şikayətləndiyini görməmişdim. Elə buna görə də fəaliyyətləri və oyunlarla bağlı təəssüratlarını oxuculara çatdırmaq üçün könüllülərin bir neçəsinə sual ünvanladım: "Artıq geridə qalan "Bakı-2015" Avropa Oyunları sizə nə qazandırdı?"


Turan Vəlizadə,

Bakı Dövlət Universitetinin kimya fakültəsinin IV kurs tələbəsi

- İlk Avropa Oyunlarında tədbir xidmətlərində komanda üzvi idim. Fəaliyyətim Baku Christal Hallda keçirilən voleybol yarışlarına qonaqların qəbul edilməsi, yerləşdirilməsi, biletlərin yoxlanılmasından ibarət idi. Qonaqların özlərini rahat hiss etməsi üçün əlimizdən gələn köməkliyi göstərirdik.

Birinci onu qeyd etmək istəyirəm ki, belə möhtəşəm oyunlarda iştirak etmək mənim üçün fəxrdir. Avropa Oyunları mənə munis duyğular, gözəl komanda, dostlar, maraqlı iş günləri, ünsiyyət qazandırdı. Həmin günlərdən qalan foto və videolar mənim üçün əvəzolunmaz, həm də gözəl xatirədir. Günümüz o qədər maraqlı keçirdi ki, hətta istirahət günlərimizdə də əlavə olaraq işə gedirdik. Oyunların nə vaxt bitəcəyini bilirdik və buna əvvəldən heyfsilənirdik.

Yarışlara çoxlu turist gəlirdi. Söhbət əsnasında onlar Azərbaycan barədə ağızdolusu danışırdılar. İnsanların mehribanlığı, qonaqpərvərliyi, gülərüzlülüyü onların diqqətini çəkmişdi. Tarixi yerlər ilə maraqlanırdılar və yarışlardan sonra o yerlərə gedəcəklərini deyirdilər. "Bayraq meydanı" onların diqqətini xüsusilə çəkmişdi. Bu meydanın möhtəşəm olduğunu dəfələrlə qeyd edirdilər. Bir də bizim formalarımızı çox bəyənmişdilər. Azərbaycanla və Avropa Oyunları ilə bağlı suvenirlər almaq istəyirdilər və bizdən bunları hardan əldə edə biləcəklərini soruşurdular.  Xarici qonaqlarla əlaqələrimiz indi də davam edir. 

Sonda bir şeyi də qeyd edim ki, təşkilatçılar biz könüllülərə qarşı çox diqqətli idi. Hər bir şey ilə vaxtlı-vaxtında təmin olunurduq. Tək şikayətimiz oyunların tez bitməsi oldu.


Rəhim Yusifov,

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası, "SABAH" qrupunun III kurs tələbəsi

- Vəzifəm Bakı Su İdman Sarayı və Su Polosu arenalarında atletlərə idman yarışları  və onların nəticələri barədə olan və digər məlumatları çatdırmaq idi. İşimiz əsasən idmançılara və onların məşqçi heyətlərinə xidmət göstərmək idi. Onlar da ən çox Azərbaycanın mədəniyyəti ilə maraqlanırdı. İctimai nəqliyyatda yaşlılara, xanımlara yer verilməsi onların çox xoşuna gəlirdi. Azərbaycanın milli yeməklərini də çox bəyənirdilər.

Oyunlar mənə yerli və xarici dostlar qazandırdı. Ən əsası öz ölkəmi təmsil etməkdən məmnunam. Bütün idmançılar və turistlər bizdən razı qaldılar, tezliklə görüşmək ümidi ilə ayrıldılar.

Mənim üçün könüllülüyün ən xoş tərəfi həm işləməyimiz, həm də maraqlı günlər keçirməyimiz oldu.

Könüllü olduğum üçün heç vaxt peşman olmayacağam və gələcəkdə də belə mötəbər yarışlar olsa hər zaman orada iştirak etməyə hazıram.


Ağabala Əliyev,

Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft mədən fakültəsinin II kurs tələbəsi

-  İşim Bakı İdman Zalında qonaqları qarşılamaq və yoxlanış yerinə yönəltmək idi. Xarici qonaqları başa düşəcək  və onlara fikrimizi çatdıracaq qədər ingilis dilini bildiyim üçün rahatlıqla ünsiyyət qura bilirdim. Onlar Azərbaycanın gözəlliyindən danışırdılar və gəzməli-görməli yerlərlə maraqlanırdılar. Təbii ki, mən də böyük həvəslə suallarını cavablandırırdım.

Ən əsası əhatəm genişlənirdi, yeni dostlar qazanır, yeni insanlar tanıyırdım. Avropa Oyunlarında könüllü olduğum üçün fərəh hissi keçirirəm. Bağlanış mərasimində Azərbaycanın adını hər eşidəndə kövrəlirdim. Bu adı eşitmək insana böyük sevinc hissi yaşadır. Gələcəkdə belə yarışlar olsa yenə də iştirak edəcəyəm. Çünki Azərbaycan bu oyunlarla dünyaya nə qazandığını, hansı gücə, tərəqqiyə malik olduğunu sübut etdi. Və bu oyunlar gələcəkdəki uğurlarımızın bünövrəsi oldu.

 


Ülkər Ələsgərova,

Bakı Slavyan Universitetinin radiotelejurnalistika ixtisası üzrə magistrantı

- Avropa Oyunları zamanı Atletlər kəndində Rəqəmsal mərkəzin qrup üzvü kimi fəaliyyət göstərdim. Atletlər üçün nəzərdə tutulmuş xüsusi sosial platforma olan "ivillage"-nin kontent təminatını həyata keçirirdik. İşim kənddə atletlərə "ivillage" barədə məlumat vermək, onların qeydiyyatdan keçməsinə kömək etmək, atletlərdən sorğular və müsahibələr götürməkdən ibarət idi. Kənddə baş verən tədbirlər, konsertlər haqqında videoroliklər hazırlayır, montaj edir, şəkillər çəkirdim.

Oyunlardan çox şey əldə etdim. Yeni dostlar qazandım, ingilis dilindən nitqim inkişaf etdi. Ünsiyyətdə olduğum xarici vətəndaşlar daha çox Azərbaycanın gəzməli yerləri və milli yeməkləri ilə maraqlanırdı.

İngilis dilində jurnalist kimi fəaliyyət göstərə bilməyi, müsahibələr almağı öyrəndim. Hər şey əla idi, gələcəkdə belə yarışlar olanda işçi kimi fəaliyyət göstərmək istəyirəm.

Mənim üçün ən yaddaqalan hadisə ad günümün iş dövrünə təsadüf etməsi və könüllü dostlarımın mənə xoş sürprizi oldu. Bundan başqa İsrail atletindən müsahibə aldım.

 

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov