Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Fəal dərsin mərhələləri üzrə planlaşdırma nümunəsi

 

Müşviq MƏMMƏDOV,
İsmayıllı rayon Mollaisaqlı kənd
tam orta məktəbinin
informatika müəllimi

Son illər ənənəvi dərslərə nisbətən öz yüksək səmərəliliyi ilə fərqlənən fəal dərslərdən istifadə xeyli çoxalmış, müəllimlərin təlim fəaliyyətlərinin planlaşdırılmasına aid olduqca maraqlı, faydalı nümunələr meydana gəlmişdir. Bu sahədə uğurlar qazanmış digər həmkarlarım kimi mən də tədris etdiyim informatika fənni üzrə dərslərimi fəal təlimlə, yeni təlim texnologiyalarından, İKT vasitələrindən yaradıcı istifadə əsasında qurmağa çalışıram.

Ümumiyyətlə, məktəblərdə ayrı-ayrı fənn müəllimlərinin "açıq dərs"lərinin dinlənilməsi və müzakirəsi, müxtəlif tədbirlərin keçirilməsi şagirdlərin fəallığını artırır, müəllimləri isə yeni nailiyyətlər uğrunda daha əzmlə çalışmağa həvəsləndirir.

 Məktəbimiz kənd məktəbi olsa da öz şagird tutumuna, müəllimlərin pedaqoji hazırlığına, İKT texnologiyaları ilə təchizinə və s. parametrlərinə görə heç də rayon məktəblərindən geri qalmır. Ümumilikdə götürsək müəllimlərimizə müasir təlim metodu və İKT avadanlıqlarının imkanlarından istifadə edərək mütəmadi "açıq dərs"lərin qurulmasına tam şərait yaradılmışdır. Mən də əyani vəsaitlərdən və multimedia avadanlıqlarından istifadə edərək fəal təlim üsullarına əsaslanan nümunəvi "açıq dərs" keçdim. Fəal dərsə bir neçə əlavələr edərək tədris prosesini daha da maraqlı etməyə çalışdım. Bu yaxınlarda Təhsil Nazirliyinin veb səhifəsində  yerləşdirilmiş  "Uşaqların sağlam inkişafı naminə" Rusiya Federasiyası tərəfindən istehsal olunan təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunan videomaterialı izlədikdən sonra belə qənaətə gəldim ki, artıq şagirdlərin sağlam həyat tərzi mövzusu tədris prosesinin əsas məsələlərindən birinə çevrilmişdir. Buna görə də məktəblilərin sağlam şəxsiyyət kimi formalaşmasında ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Artıq mətbuatda və internet səhifələrində həmkarlarımın çoxlu sayda "açıq dərs" numunələri nümayiş olunur. Amma mən bu dərs icmallarının çoxunda şagirdlərin fiziki hərəkətləri yerinə yetirmələri üçün vaxt ayırdığına təsadüf etməmişəm. Mənim fikrimcə, dərs zamanı tədqiqatın aparılması və tətbiqetmə mərhələlərindən əvvəl 1-2 dəqiqə şagirdlərin idman hərəkətlərinə vaxt ayırmaq, eləcə də şagirdlər qrup şəklində tapşırıq yerinə yetirən zaman multimedia vasitələrindən istifadə edərək musiqi (uşaq bəstəkar mahnıları) səsləndirilməsi məqsədəuyğun olardı. Bu musiqi şagirdlərin yorğunluğunu alır və onları daha fəal işləməyə ruhlandırır.

Bu məqsədlə də IV sinifdə informatika fənnindən "açıq dərs"imin icmalını oxucularımıza təqdim etmək istəyirəm.

Mövzu: Qrafik redaktorun alətləri.

Standart:  3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.

3.2.2  Kompüterdə müvafiq əməliyyatları icra edir.

3.2.6  Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.

Dərsin məqsədi: 

* qrafik redaktorun təyinatını izah etmək;

* alətlərin təyinatını göstərmək;

* şəkil çəkmək üçün lazım olan aləti seçmək;

* sadə şəkillər çəkmək.

Əsas anlayışlar:  Qrafik redaktor, əyri xətt aləti, rəng seçimi aləti, hava fırçası aləti.

Dərsin tipi:  Deduktiv.

İstifadə olunan iş formalari: qruplarla iş, cütlərlə iş.

İstifadə olunan üsullar: Təqdimat, kompüterdə iş.

Fənlərarası  inteqrasiya:  Həyat bilgisi - 4.2.1,  4.2.2,  Təsviri incəsənət - 2.2.4,  Texnologiya - 4.1.2,

Resurs:  Kompüter, proyektor, iş  vərəqləri,

Proqram təminatı:  Paint qrafik redaktoru, PowerPoint proqramı.   

Motivasiya və problemin qoyulması. Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması tövsiyə edilir;

* motivasiya üçün seçilən material maraqlı olmalı;

* fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan verilməli;

* müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürərkən onları həvəsləndirməli;

* tədqiqat sualı təlim standartlarına əsasən müəyyənləşdirilməli və dərsin məqsədinə yönəldilməlidir.

Sinfin təşkilindən sonra müəllim sinfə müraciət edir:  Qrafik redaktor nədir? Qrafik redaktorun hansı alətlərini tanıyırsınız?

Proyektordan istifadə edərək müəllim şagirdlərin diqqətini iki siçan şəklinə yönəldir və sual verir: Siçan şəkillərindən hansı daha səliqəli çəkilib?

- Hər bir şəklin çəkilməsində hansı alətlərdən istifadə olunub?

Şagirdlərin fikirləri dinlənilir və lövhədə tədqiqat sualı yazılır:

Qrafik redaktorda şəkli səliqə ilə necə çəkmək olar?

Tədqiqatın  aparılması. Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlər şəklində və fərdi şəkildə aparıla bilər. Tədqiqatın nəticələri aşağıdakı təqdimat formasında ümumiləşdirilməlidir.

* esselər, sxemlər, cədvəllər, qrafiklər;

* illüstrasiyalar, xəritə və kontur xəritələr;

* maketlər, modellər, rəmzlər;

* layihələr, referatlar, krossvordlar və s.

Müəllim proyektordan istifadə edərək əyri xətt alətinin seçilməsi, onun vasitəsilə əyri xəttin çəkilməsi haqqında məlumatları təqdim edir. Eyni zamanda şagirdlərlə kompüterdə iş və təhlükəsizlik texnikası qaydalarını təkrar edir. Müəllimin iştirakı ilə şagirdlər 4 qrupa bölünür və qruplara iş vərəqləri paylanılır.

İş vərəqi 1.  "Karandaş" qrupu: Paint proqramının alətlərindən istifadə etməklə şəkli çəkin və kompüterin  yaddaşında "Gəmi" adı ilə saxlayın.   

İş vərəqi 2.   "Fırça" qrupu: Paint proqramının alətlərindən istifadə etməklə şəkli çəkin və kompüterin yaddaşında "Saat" adı ilə saxlayın.

İş vərəqi №3.  "Pozan" qrupu: Paint proqramının alətlərindən istifadə  etməklə şəkli çəkin və kompüterin yaddaşında "Ev" adı ilə saxlayın.   

İş vərəqi 4.  "Boya" qrupu: Paint proqramının alətlərindən istifadə etməklə şəkli çəkin və kompüterin yaddaşında "Smaylik" adı ilə saxlayın.

Məlumatın mübadiləsi. Bu mərhələdə şagirdlər tədqiqatın gedişində əldə etdikləri informasiyaların mübadiləsini aparırlar. Qoyulmuş suallara cavab tapmaq zərurəti tədqiqatın bütün iştiirakçılarını biri-birinin təqdimatını diqqətlə dinləməyə sövq edir. Məhz bu mərhələdə yeni bir tələbat - yeni bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

Hər qrupun nümayəndəsi qrup işini təqdim edir. Müəllim suallarla müraciət edir. Bu zaman digər qrup iştirakçıları da suallar verə bilər. Qrupların kompüterdə çəkdikləri şəkillər müzakirə edilir. Müəllim Paint proqramında alətlərin harada yerləşdiklərini, iş sahəsini, şəkillərin ölçüləri barədə müxtəlif suallar verə bilər.

Ümumiləşdirmə və nəticə. Beləliklə, yeni biliyin kəşfi yolunda son addımı atmaq, konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır. Bu çox mühüm məqamdır. Dərsin kulminasiyasını isə bilgiləri özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.

Müəllim: - Nə üçün Paint qrafik reda

ktorunda çoxlu alət var? Əyri xətt və hava fırçası alətindən nə vaxt istifadə etmək olar?

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib, onlarla birlikdə nəticə çıxarır:

* Rəssam şəkil çəkərkən müxtəlif alətlərdən istifadə etdiyi kimi, Paint proqramında da müvafiq rəsm alətləri nəzərdə tutulmuşdur. Tez bir zamanda keyfiyyətli şəkil hazırlamaq üçün bəzən həmin alətlər kifayət etmir.  Məsələn, istədiyiniz xətti karandaş və fırça aləti ilə çəkmək o qədər də asan deyil.

* Qrafik redaktorda əyri xətləri daha səliqəli çəkmək üçün xüsusi alətdən - Əyri xətt alətindən istifadə olunur.

* Hava fırçası adlanan alətin düyməsi vasitəsilə seçilir. Karandaş və fırça kimi, hava fırçasının da qoyduğu izin qalınlığını dəyişmək olur. Bu alətdən istifadə etməklə maraqlı çəkillər çəkmək olar.

* Bəzən rəngi palitradan deyil, rəsmin özündən seçmək daha əlverişli olur.

Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. Şagirdlər tapşırığı yerinə yetirməzdən əvvəl ayağa qalxır, 1-2 dəqiqə müəllimin verdiyi komandaları (fiziki hərəkətləri) yerinə yetirirlər.

Yaradıcı tətbiqetmə və ya ev tapşırığı. Biliyin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini şagirdə açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli, yaxud hansısa yeni suala cavab tapmaq üçün qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar. Son nəticədə yaxşı olar ki, şagirdlərə, onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışmalar versin ki, həmin bilgilər həmişəlik onların şüuruna həkk olunsun. Bu mərhələ vaxt etibarı ilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

Dərsin bu mərhələsində müəllim cütlərlə iş formasından istifadə edərək rənglənməmiş  müxtəlif cizgi filmləri personajlarının rəsmlərini paylayır. Digər iş vərəqində isə həmin rəsmlərin hissələrə bölünmüş variantı verilir. Şagirdlərə rəsmin 9 bərabər hissələrə bölünmüş variantı isə zərfdə verilir. Verilmiş vaxt ərzində cütlərdən biri rəsmi rəngləməli, digəri isə hissələrə bölünmüş rəsmi verilmiş vərəqdə xüsusi damalara yerləşdirməlidir.   

 

 

 Qiymətləndirmə və refleksiya. Qiymətləndirmə istənilən fəaliyyətin təkmilləşdirilməsini təmin edən bir prosesdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri onların öz qüsurlarını və nailiyyətlərini aşkar etməyə, uğur qazanmalarına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirməyə xidmət etməlidir. Buna görə dərs başa çatdıqdan sonra yerinə yetirilmiş prosedurlardan biri kimi qiymətləndirmə və refleksiyanı həyata keçirmək məqsədəuyğun olardı. Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək də olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.

Müəllim müşahidəyə əsasən xüsusi cədvəl, yaxud özünün tərtib etdiyi digər meyarlar cədvəlinə uyğun hər bir qrupun (cütlük) təlim məqsədlərinə nə qədər nail olduğunu qiymətləndirə bilər. 

 

Ev tapşırığı: İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.   

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov