Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Bir
sıra ölkələrdə birincilərin məktəbə hazırlığı məsələsi
aktual mövzu kimi təhsil sistemi qarşısında durur.
Dünya təcrübəsində uşaqların məktəbə hazırlığı və
təhsilin birinci ili ərzində onların fərdi inkişafının
qiymətləndirilməsi (iPIPS - The International
Performance Indicators in Primary Schools) həyata
keçirilir. Adıçəkilən beynəlxalq metod uşaqların məktəb
təhsilinə hazırlığının qiymətləndirilməsinə
hədəflənib. Bu metodun mühüm xüsusiyyəti ondan
ibarətdir ki, tədqiqatın obyekti kimi uşaqların vərdiş
və bacarıqlarının bütün spektri (həm koqnitiv, həm də
şəxsiyyətlərarası) çıxış edir.
iPIPS metodu 20 il əvvəl Böyük Britaniyanın Darem
Universitetinin monitorinq və qiymətləndirmə mərkəzi
tərəfindən dünya testoloji elminin son nailiyyətləri
əsasında kompüter adaptasiya testi formatında
yaradılıb. Məhz sonuncu aspekt metodun əsas özəlliyi
hesab oluna bilər. Çünki söhbət, ilk növbədə,
kiçikyaşlı uşaqlardan gedir. Buna görə də
qiymətləndirmənin çox sadə, oyun formasında keçirilməsi
xüsusilə vacibdir. Uşaqların məktəb həyatına nə
dərəcədə hazır olmasını çox düzgün qiymətləndirməyə
imkan verən xüsusi metod təhsilin birinci ilində
birincilərin öz bacarıqlarının inkişaf etdirilməsində nə
qədər tərəqqi əldə etdiyini də göstərir.
iPIPS metodu milli və beynəlxalq səviyyələrdə
tədqiqatların aparılması üçün uyğunlaşdırılıb, hazırda
dünyanın müxtəlif ölkələrində tətbiq olunur və çox
etibarlıdır. Darem Universiteti ilə əldə olunmuş
razılığa əsasən, iPIPS metodu Rusiyanın Novqorod
vilayətində pilot layihə kimi sınaqdan keçirilib. Rusiya
Elmi Tədqiqat Təhsil İnstitutunun təhsilin keyfiyyəti
monitorinq Mərkəzində layihənin təqdimatı olub.
Təqdimatda qeyd olunub ki, Rusiya ilk dəfədir ki, bu cür
beynəlxalq müqayisəli tədqiqatlarda iştirak edir.
Layihə üzərində pedaqoqlar və psixoloqlardan ibarət
bütöv bir komanda işləyib. Metodik vəsait rus dilinə
tərcümə olunub. Onun Rusiya şəraitinə uyğunlaşdırılması
həyata keçirilib və üzərində tamamlanma işləri aparılıb.
Pilot layihədə 6 min birinci iştirak edib. Tədqiqat
obyekti olaraq müxtəlif tipli məktəblərdə (şəhər və
kənd) oxuyan birinci sinif şagirdləri seçilib. Yaxın
vaxtlarda birincilərin testdən keçirilməsi başa
çatdırılacaq, onların birinci sinfə necə gəlməsi, il
ərzində inkişaf səviyyəsini qiymətləndirmək və hansı
tədris proqramının daha uğurlu olduğunu söyləmək mümkün
olacaq. Bu tədqiqatın əsas obyekti ibtidai təhsil
sisteminin ilk iştirakçıları olan "zərif yaşlı"
uşaqlardır. Metodun digər bir unikallığı ondadır ki,
ölkələrarası digər belə bir tədqiqat metodu mövcud deyil.
Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə
beynəlxalq tədqiqatlardakı çoxillik iştirakına
baxmayaraq bu metod Rusiya üçün də yenidir. Bununla
əlaqədar layihənin məqsədlərindən biri də milli
pedaqoqların ümumi testoloji mədəniyyətinin
yüksəldilməsi və daha geniş mənada isə Rusiya pedaqoji
elminin statusunun dünya elmi birliyində
möhkəmləndirilməsidir.
iPIPS metodu nədir?
Mərkəzin direktoru Elena Kardanovanın sözlərinə görə,
ibtidai məktəbin birinci ili uşaqların təhsili üçün
kritik əhəmiyyət daşıyır. Çünki bu dövrdə uşaqlar çox
sürətlə inkişaf edirlər. iPIPS metodu təhsilin
birinci ilində uşaqların əldə etdiyi nailiyyətləri
qiymətləndirməyə imkan verir. Bu metodla
qiymətləndirmə dərs ili ərzində 2 dəfə - tədrisin
əvvəlində və birinci sinfin sonunda keçirilir.
Başlanğıc diaqnostika sentyabr-oktyabr aylarında
aparılır. Qeyd edilməlidir ki, metodun məqsədi uşaqların
təlimə başladığı start nöqtənin müəyyən olunmasıdır.
Bu məlumatlar sonradan birincilərin nailiyyətlərini
qiymətləndirmək üçün vacibdir. Tədris ilinin sonunda
keçirilən ikinci qiymətləndirmə isə hər bir uşağın dərs
ili ərzində nə qədər öyrəndiyini müəyyənləşdirməyə
şərait yaradır. Bu məqsədlə xüsusi metodikalardan,
hazırlanmış testlərdən istifadə olunur ki, onlar
şagirdin uğurlarını ölçməyə imkan verir. Bu gün
Rusiyada bu cür alətlər yoxdur. Hazırda Böyük
Britaniyada bir milyondan artıq uşaq iPIPS metodu ilə
qiymətləndirmədən keçib. Bu metod Avstraliya, Şotlandiya,
Honkonq, Birləşmiş Ərəb Əmirliyi, Yeni Zelandiya və bir
sıra digər ölkələrdə geniş tətbiq olunur. Yaxın
vaxtlarda bu mövzuda irimiqyaslı beynəlxalq tədqiqatın
aparılması nəzərdə tutulub, buna görə də bu metodun
digər ölkələrdə də tətbiq olunması məqsədilə onun milli
təhsil sistemlərinə adaptasiyası məsələsi qarşıda durur.
iPIPS birincilər haqqında hansı məlumatları verir?
Bu metod kompleks diaqnostikanı təklif edir. Birincisi,
metod koqnitiv testləri özündə cəmləşdirir. Gözəl
tərtibatlı kitabça oxu, fonologiya və riyaziyyata dair
tapşırıqlardan ibarətdir. İkincisi, komplektə valideyn
və müəllimlər üçün anket daxildir. Pedaqoq uşağın sosial
və emosional inkişafını, onun məktəbdə təhsilə
uyğunlaşmasını, sosiallaşmasını qiymətləndirir.
Valideynlərin anketindən isə biz ailənin sosial-iqtisadi
statusu və tərkibini, valideynlərinin təhsili və peşəsi,
eləcə də öz uşaqlarını məktəbə necə hazırlaşdırması və
onlarla necə məşğul olması barədə məlumatları əldə
edirik. Biz uşağın bağçaya gedib-getməməsi, müxtəlif
dərnək və bölmələrdə məşğul olması, məktəb nəzdində
hazırlıq kurslarında iştirakı və s. məlumatları
öyrənirik. Bütün bu məlumatların kompleks analizi hər
bir uşağın müfəssəl portretini yaratmağa kömək edir.
Ölçmənin ikinci mərhələsi uşaqların fərdi inkişafını
qiymətləndirməyə imkan verir.
Tədqiqat istər müəllimlər, istərsə də təhsili idarəetmə
orqanları qarşısında duran bir sıra məsələlərə cavab
tapmağa imkan verəcək. Bu məsələlərdən bəzilərini
sadalamaq olar: müxtəlif məktəbəqədər tədris
proqramlarının effektivliyi hansılardır? İlk məktəb ili
ərzində birincilər nə qədər bilik əldə edir və tədris
nə dərəcədə effektivdir? Uşaqların təliminə hansı
müxtəlif faktorlar təsir edir? Məktəb və müəllimin işini
necə yaxşılaşdırmaq olar? Böyük Britaniyada adıçəkilən
metoddan təhsil sahəsində aparılan islahatların
effektivliyini yoxlamaq üçün istifadə olunur. Metod
ibtidai məktəbdə tədris olunan müxtəlif proqramların
effektivliyi üzrə tədqiqatların aparılmasına imkan verə,
erkən təhsilin effektivliyini qiymətləndirmək üçün də
tətbiq oluna bilər. Bu gün dünyada "uşaqların hansı
yaşda (4, 5, 6 və ya 7) ibtidai məktəbə getməsi daha
yaxşıdır" sualına yekdil cavab yoxdur. Bu özü də çox
maraqlı bir problemdir. Bundan əlavə, bu metodu həyata
keçirməklə biz müxtəlif müəllim yanaşmalarının və
təcrübələrin effektivliyi barədə də nəticələr çıxara
bilərik.
Metoddan təhsil sisteminin fəaliyyətinin təhlili və
fərdi diaqnostika vasitəsi kimi istifadə oluna bilər.
Hər iki üsul məqsədlərinə və yerinə yetirilmə
prosedurlarına, eləcə də nəticələrin tətbiqinə görə
fərqlənir. Fərdi diaqnostika zamanı qiymətləndirmə
bütün şagirdləri əhatə edir. Bu zaman müəllimə hər bir
şagirdə dair məlumat verilir, bu isə təhsilverənlərə
onların sinfində oxuyan hər bir uşağın fərdi
xüsusiyyətlərini nəzərə almaqla tədris prosesini
korrektə etməyə imkan verir. Valideynlərə isə onların
uşaqlarının psixoemosional portreti təqdim oluna,
onların riyaziyyat və oxu üzrə başlanğıc
diaqnostikasına dair məlumatlar verilə, şagirdin sinif
fonunda hansı səviyyədə olması söylənilə bilər. Digər
tərəfdən, qiymətləndirmə gedişində əldə olunmuş son
nəticələrə əsasən müəllimin işinin keyfiyyəti barədə rəy
söyləmək olar. İngiltərədə müəllimlərə tədrisin
keyfiyyətini artırmaq məqsədilə tövsiyələr verilir.
Müəllimlər üçün mövcud olan xüsusi anketlərin köməyi
ilə müxtəlif pedaqoji yanaşmaları və təcrübələri
qiymətləndirmək, onların tədrisin nəticələrinə necə
təsir göstərməsinə baxmaq mümkündür. Daha sonra isə bu
təcrübədən müəllimlərin ixtisasartırmasında istifadə
oluna bilər.
"Uçitelskaya qazeta"dan |