Sentyabrın
7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə
həyata keçirilən təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi.
Bildirildi ki, 283 nömrəli tam orta məktəbin binası
1988-ci ildə istifadəyə verilib. Ümumi ərazisi 24 min
kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan,
ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən
ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min
kvadratmetrdir. Təhsil ocağının binasında yenidənqurma
işləri yüksək səviyyədə həyata keçirilib.
Binanın foyesində ulu öndər Heydər Əliyevin təhsil
sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin
paytaxtın Binəqədi rayonundakı məktəblərin müasir
standartlar səviyyəsinə çatdırılması istiqamətində
gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər
yaradılıb. Məktəbin binasında sonuncu dəfə 2006-cı ildə
cari təmir işləri aparılıb. "2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndinin
icrası ilə əlaqədar məktəb binasının əsaslı təmir
işlərinə 2015-ci il iyunun 1-dən başlanılıb. Burada
kommunikasiya, elektrik, su-kanalizasiya, istilik
xətləri yenilənib. Binada 62 sinif otağı var.
Qeyd olundu ki, məktəbdə tədris birnövbəli rejimdə
aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200
şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160
müəllim məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi
bitirən 64 məzundan 47-si respublikanın ali məktəblərinə
qəbul olunub ki, bunlardan da yeddisi 600-dən yuxarı bal
toplayıb. Məktəbin idman zalı da müasir səviyyədədir.
Burada, eyni zamanda, iki futbol və bir voleybol
meydançası da şagirdlərin ixtiyarına veriləcək.
Bütün sosial sahələrdə olduğu kimi, təhsil
müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni
məktəb binalarının, uşaq bağçalarının inşası prosesinin
məqsədyönlü şəkildə həyata keçirilməsi təhsil sahəsinin
ən müasir tələblər səviyyəsinə çatdırılmasına geniş
imkanlar yaradır.
AZƏRTAC |