Azərbaycan
Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının
direktoru, əməkdar elm xadimi, ATU-nun I uşaq
xəstəlikləri kafedrasının professoru Surxay Musayevlə
müsahibə
Uşaq və yeniyetmələrin sağlamlığının hər bir cəmiyyət
və dövlət üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi
bizə yaxşı məlumdur. Təsadüfi deyil ki, uşaqların
sağlamlığı dövlətin barometri, indikatoru adlanır. Uşaq
sağlamlığı, eyni zamanda bütövlükdə cəmiyyət və dövlət
haqqında fikir yürütməyə əsas verən sahədir. Onu da
xüsusi vurğulayaq ki, uşaq və yeniyetmələrin
sağlamlığı ilə bağlı məsələlər bizim ölkəmizdə də hər
zaman aktual olaraq qalmaqdadır. Elə Azərbaycan Tibb
Universitetinin Tədris-Terapevtik Klinikasının direkroru,
əməkdar elm xadimi, ATU-nun I uşaq xəstəlikləri
kafedrasının professoru Surxay Musayevlə görüşümüz
zamanı da son illər uşaq və yeniyetmələrin sağlamlığı
ilə bağlı məsələlərə, valideynləri maraqlandıran bir
sıra məqamlara toxunmağa çalışdıq.
- Professor, son dövrlərdə uşaqların sağlamlığı ilə
bağlı ölkəmizdə aparılan işlər barədə bir qədər məlumat
verməyinizi xahiş edirik.
- İlk olaraq onu qeyd edim ki, uşaqların sağlamlığının
qorunması məsələsi dövlətimizin daim diqqət
mərkəzindədir. Bu istiqamətdə onlarla qanun və qərar
qəbul olunmuş, ölkə başçısı cənab İlham Əliyev
tərəfindən 2013 və 2014-cü illərdə iki çox önəmli
sənəd-"Uşaqların icbari dispanserizasiyası haqqında"
Azərbaycan Respublikasının Qanunu, "Ana və uşaqların
sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci
illər üçün Dövlət Proqramı" təsdiq olunub. Bütövlükdə
səhiyyə ilə bağlı qəbul edilmiş 10-dan çox Dövlət
Proqramının hamısında uşaqların sağlamlıq
problemlərinə xüsusi yer ayrılmış, 2009-cu il "Uşaq
ili" elan olunmuşdur. Səhiyyə Nazirliyinin apardığı
ardıcıl və məqsədyönlü işlər nəticəsində uşaq sağlamlığı
ilə bağlı bir çox nailiyyətlər əldə etmişik.
-
Görülən müsbət işlər göz qabağındadır. Ancaq təəssüflə
etiraf edək ki, uşaqların sağlamlığının qorunması
sahəsində həll olunmalı bir sıra problemlər hələ də mövcuddur.
40 ildən artıq uşaqların sağlamlığı ilə məşğul olan bir
pediatr kimi sizdən uşaq və yeniyetmələrin sağlamlıq
durumu barədə bir qədər ətraflı məlumat almaq istərdik.
- Sualınıza cavab olaraq mən bir sıra statistik
rəqəmləri açıqlamaq istərdim. Belə ki, "Uşaqların
icbari dispanserizasiyası haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq uşaqlar arasında
həyata keçirilən icbari dispanserizasiya nəticəsində
1957174 uşaq müayinə olunub və 657096 (33,6%) uşaqda
xəstəlik aşkarlanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəliklər daha
çox 6-17 yaş arasında olan uşaqlarda üzə çıxarılıb.
Xəstəlik aşkarlanmış uşaqların 162876 nəfəri 5 yaşa
qədər, 446790 (68%) nəfəri isə məktəbyaşlı uşaqlar
(6-17 yaş) olub.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin
"Azərbaycanda uşaqlar" 2012 və 2014-cü il rəsmi
statistik məcmuələrinə istinadən qeyd etməliyəm ki,
2007- 2013-cü illəri əhatə edən bir dövr ərzində uşaqlar
arasında bir sıra xəstəliklərin artması müşahidə olunub.
Belə ki, əgər 2007-ci ildə hər 10.000 nəfər 17 yaşınadək
uşaqda sinir sisteminin xəstəliklərinə 136,4 hallarda
rast gəlinirdisə, 2013-cü ildə bu göstərici artaraq
183,8-ə çatmışdır.
Həmin müddət ərzində uşaqlarda göz xəstəlikləri
112,7-dən 156,3-ə, tənəffüs orqanlarının xəstəlikləri
2222,6-dan 2732,6-ya, həzm sistemi xəstəlikləri
267,1-dən 386,1-ə, sümük-əzələ sistemi xəstəlikləri
34,3-dən 43,4-ə, qan dövranı xəstəlikləri 70,7-dən
95,4-ə qədər artmışdır.
Ümumiyyətlə, uşaqlarda xroniki xəstəliklərin ilk artma
tempi 7-10 yaşlarına təsadüf edir. Xəstəliklərin
yaranmasında irsi, ətraf mühit, ekoloji, sosial, tərbiyə
və digər amillərin də rolu var.
- Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər
hansılardır?
- Bilirsiniz, uşaqlarda xəstələnmənin artma tendensiyası
məhz məktəb dövrünə düşür. Təhsil sistemində çalışanlar
"məktəb xəstəlikləri" anlayışı ilə tanışdırlar. Bu o
xəstəliklərdir ki, daha çox uşaqlarda məktəb illəri
ərzində inkişaf edir. Bunlardan tənəffüs, həzm,
dayaq-hərəkət, sinir və göz xəstəliklərini qeyd etmək
olar. Aydın məsələdir ki, bu və ya digər xəstəliklərin
məktəblilərdə əmələ gəlməsi və ya inkişafı ilə bağlı
məsuliyyəti yalnız məktəbin və təhsil texnologiyalarının
üzərinə qoymaq düzgün olmazdı. Burada digər amillər də
rol oynayır. Ancaq uşağın sağlamlığının qorunması
məsələsində ilk növbədə məsuliyyət valideynlərin üzərinə
düşür. Bizim bu gün çox peşəkar, olduqca savadlı
həkimlərimiz var. Üzümü valideynlərə tutub deyirəm ki,
uşaqlarınızı mütəmadi olaraq həkim müayinələrindən
keçirin. Uşağınızın sağlamlığı ilə bağlı hər hansı bir
narahatlıq keçirdiyini görürsünüzsə dərhal həkimə
müraciət edin. Vaxtında müraciət, düzgün diaqnoz
övladınızın bir çox xəstəliklərdən qorunmasında
əhəmiyyətli rol oynayır.
Son illər xüsusilə uşaqlar arasında bronx-ağciyər
xəstəliklərinə (pnevmoniya, bronxit, bronxiolit) daha
çox rast gəlinir. Çox təəssüf ki, həmin xəstəliklər
məktəbəqədər yaşlı uşaqlarda daha geniş yayılmışdır.
Uşaqlar arasında ürək, qan-damar, sinir sistemi
xəstəliklərinin də yayılmasının şahidiyik ki, bu əsasən
irsi keçir və ya sonradan yaranır.
Dövrümüzün ən böyük problemi olan oturaq həyat tərzini
də qeyd etmək istərdim. Elm və texnikanın inkişafı
insanların, xüsusən uşaqların fiziki aktivliyinin xeyli
dərəcədə azalmasına səbəb olmuşdur. Halbuki,
fizioloqların fikrincə, uşaqların fiziki fəallığa
tələbatı böyüklərə nisbətən iki dəfədən artıqdır.
Aparılan tədqiqatlar göstərmişdir ki, 75% uşaqlar
hipodinamiyadan əziyyət çəkir və gələcəkdə də həmin
uşaqlarda daha çox ürək -damar, sinir, onkoloji və
endokrin sistemlərin patologiyasına rast gəlinir.
Hipodinamiya uşaqlarda orqan və sistemlərin normal
inkişaf və fəaliyyətinə mənfi təsir göstərir.
- Payız fəslinin gəlişi uşaqlar, xüsusilə kiçikyaşlı
uşaqlar arasında anginanın (el arasında buna çox vaxt
boğaz ağrıları da deyirlər) artmasına da səbəb olur.
Bəzi valideynlər uşaqlarının birdəfəlik bu ağrılarına
son qoymaq üçün boğazında artıq "ət" var deyib, tez onu
kəsdirir, bəzən isə ehtiyac duymayaraq müalicə
etdirirlər. Bir pediatr kimi valideynlərə nə məsləhət
görərdiniz? Bu "ət" mütləq kəsilməlidirmi?
- Ehtiyac yaranmazsa, xeyr. El arasında boğazda
"qlanda" deyilən damaq badamcıqları əslində insan
orqanizminə müxtəlif xəstəliklərin daxil olmasının
qarşısını almaq kimi mühüm bir funksiyanı yerinə
yetirir. Bu zaman onların özü sadə dildə desək,
xəstələnir, lakin xaricdən ötürülən mikrobların
orqanizmə daxil olmasına imkan vermirlər, bir növ möhkəm
qoruyucu rolunu oynayırlar. Həmin vaxt həkimin
məsləhəti ilə damaq badamcıqlarını müalicə yolu ilə
sağaltmaq olur. Amma bir zaman gəlir ki, damaq
badamcıqları artıq öz funksiyasının öhdəsindən gələ
bilmir və daxil olan mikroorqanizmlər, xüsusilə boğaz
yolunda toplanmış streptokoklar artıq orqanizmə, qana və
ya birbaşa ürək, qan-damar sisteminə daxil olur, ürək
qişalarını, qapaqları və yaxud orqanizmə keçirsə
oynaqları, digər orqanları zədələyir. Əgər, belə deyək,
soyuqlamış damaq badamcıqları müxtəlif terapevtik
müalicələrlə, fizioterapevtik üsulların köməyi ilə
sağalmırsa, qoruyucu funksiyasını yerinə yetirə
bilmədiyi təqdirdə qeyd etdiyimiz "artıq ətə" çevrilir.
Məhz bu zaman cərrahi müdaxiləyə ehtiyac yaranır.
Bəzən valideynlər səhlənkarlıq göstərərək uşaqlarının
boğazı ağrıyarkən anginadır deyib üstündən heç nə
olmamış kimi keçirlər. Ən dəhşətli hal isə odur ki,
bəzən boğazı ağrıyan uşağı həkimə deyil, türkəçarə ilə
məşğul olan birinin yanına apararaq həmin şəxsin
xəstənin boğazını əli ilə basmağına imkan yaradırlar. Bu
bilirsiz, boğaz yolunu zədələməklə yanaşı, bir çox
infeksiyaların yaranmasına səbəb ola bilər. Ona görə də
mən bu məsələlərdə valideynlərdən həssaslıq göstərməyi,
uşaqlarının səhhəti ilə bağlı yalnız həkim göstərişinə
müvafiq olaraq hərəkət etməyi tövsiyə edirəm.
- Artıq yeni tədris ili başlayıb. Valideynləri narahat
edən məsələlərdən biri də məktəb çantalarının ağırlığı,
uşaqların bu yüklənmiş çantaları daşımaqda çətinlik
çəkmələridir. Bir həkim kimi sizdən öyrənmək istərdik
ki, yaşına görə hər bir uşaq neçə kiloqram ağırlığında
çanta daşıya bilər?
- Siz artıq uzun illərdir ki, məni narahat edən bir
məsələdən söz açdınız. Mən hər gün demək olar ki, bax
həmin ağır çantaları daşıyan məktəbliləri və ya bu
missiyanı yerinə yetirən ata-anaları görür və onları
müşahidə edirəm. Təbii ki, bu fiziki cəhətdən
formalaşmaqda olan uşaq və yeniyetmənin onurğa sütununda
patoloji dəyişikliklərə səbəb olur, qamətində,
duruşunda, yerişində belə əməlli-başlı problem yaradır.
6 yaşında uşağın çəkisi 18-24 kq arası olmalıdır. Bu
yaşda, daha dəqiq desək, orta normal çəki 20 kq hesab
olunur. Həmin çəkiyə malik uşağın daşıyacağı çanta 2, ən
yuxarısı 3 kq olmalıdır. Bundan artıq uşağı yükləmək
olmaz. Yuxarı siniflərdə də çantanın ağırlığı maksimum
5 kq olmalıdır. İstənilən yaşda olan şagirdlər hər iki
çiyinə taxılan çantalardan istifadə etməlidirlər. Ən
uyğunu iki çiyinə taxılan ("rukzak") çantalardır.
Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni
olmalıdır. Bir çiynə taxılan çantalar uşaqlarda çiyin,
boyun, qamət əyriliyinə, skoliozun inkişafına səbəb
olur. Çanta alarkən onun ortopedik olmasına diqqət
yetirilməlidir.
Mən düşünürəm ki, məktəblərdə hər sinfin öz kitab fondu
olsa, şagird ona lazım olan kitabları məktəblə ev
arasında daşımaqdan azad olar. Elə sinifdə olan fonddan
dərs kitablarını götürüb istifadə edə bilər. Öz
kitablarından isə uşaq evdə istifadə etsin.
- Son vaxtlar ölkəmizdə uşaqlara vurulan peyvəndlərə
münasibət birmənalı deyil. Bəziləri bu peyvəndlərin
vacib olduğunu, bəziləri isə onların vurulmasının o
qədər də zəruri olmadığını söyləyirlər. Sizin buna
münasibətiniz necədir?
- Təbii ki, bu peyvəndlərin vurulmasının tərəfdarıyam.
Bu gün Azərbaycanda, inkişaf etmiş ölkələrdə olduğu
kimi, 11 yoluxucu xəstəliyə qarşı peyvənd tətbiq olunur.
Siz bir fikirləşin, uşaqlar üçün nəzərdə tutulmuş
peyvəndlər vurulmasaydı, onlar hansı xəstəliklərlə
üz-üzə qalacaqdılar? Uşaqlarımızın sağlam böyüməsini
istəyiriksə onlar müəyyən yolxucu xəstəliklərdən
sığortalanmaq üçün mütləq peyvənd olunmalıdırlar. Təbii
ki, əgər uşaqda heç bir əks-göstəriş olmazsa.
Valideynlər əgər kiminsə sözü ilə övladlarının peyvənd
etdirilməsindən imtina edirlərsə, mən deyərdim ki, bu
olduqca yanlış bir addımdır. Onlar əslində uşaqlarının
sağlamlığına bir növ qəsd edirlər. Buna görə də mən
tövsiyə edərdim ki, valideynlər uşaqlarını peyvənd
etdirməkdən çəkinməsinlər. Əksinə, vaxtlı-vaxtında bu
peyvəndlərin vurulmasında özləri maraqlı olmalıdırlar.
- Surxay həkim, Təhsil Nazirliyi Milli Təhsil
Texnologiyaları Mərkəzi ilə birlikdə "Sağlam
təhsil-sağlam millət " layihəsini həyata keçirir. Layihə
çərçivəsində bir sıra ümumtəhsil müəssisələrində "Sağlam
təhsil sinif"ləri yaradılıb. Bununla bağlı sizin
fikrinizi bilmək istərdik.
- Bir həkim kimi Azərbaycan məktəblərində həyata
keçirilən bu layihəni tam dəstəkləyir və mən də bunu
təhsilalanların sağlamlığının qorunması istiqamətində
atılan ən mühüm addımlardan biri kimi dəyərləndirirəm.
Onu da deyim ki, bizim həm ATU-nun əməkdaşları, həm də
rəhbərlik etdiyim Azərbaycan Tibb Universitetinin
Tədris-Terapevtik Klinikasının həkimləri bu layihədə
təhsil işçiləri ilə birlikdə fəaliyyət göstərir,
mütəmadi olaraq Azərbaycan məktəblilərinin sağlamlıq
vəziyyətlərini öyrənmək üçün onlar arasında müayinələr
keçirirlər. Şəxsən mən özüm Bakı şəhəri 23 nömrəli tam
orta məktəbdəki "Sağlam təhsil sinif"lərində şagirdlər
üçün yaradılan şəraitlə yaxından tanış olmuşam və
buradakı sağlam təhsil mühiti olduqca xoşuma gəlib.
Şagirdlərin yüksək təhsil almaları ilə yanaşı, birbaşa
sağlamlığına yönələn bu layihənin uğurlu nəticələr
verəcəyini düşünürəm.Təhsil Nazirliyinin həyata
keçirdiyi bu layihəni şəxsən biz həkimlər təqdir edirik.
Deyərdim ki, "Sağlam təhsil-sağlam millət" layihəsi
həkimlərimizin istər uşaqlarla, istərsə də onların
valideynləri ilə ünsiyyətdə olmalarına əlverişli imkan
və şərait yaradır ki, bu da xüsusilə təhsil həyatı
keçirən böyüməkdə olan gənc nəslin sağlamlığı ilə bağlı
tibbi-maarifləndirmə işlərinin aparılmasında əhəmiyyətli
rol oynayır.
- Müəllimlərə, valideynlərə tövsiyəniz?
- Mən həkim, eyni zamanda həm də müəlliməm. Müəllimlik
sənəti mənim üçün həmişə şərəfli və müqəddəs olub.
Vaxtilə orta məktəbdə, daha sonra isə ali məktəbdə
təhsil aldığım illərdə ideallaşdırdığım müəllimlərim
olub və indinin özündə də hər auditoriyaya girəndə
onlar gözümün önündə canlanır. Müəllimlərimdən əxz
etdiklərimi tələbələrimə çatdırmağa çalışıram. Mən bu
günün müəllimlərini də öz şagirdləri tərəfindən hər
zaman hörmətlə anılmasını, onlardan görüb-götürə
biləcəkləri keyfiyyətləri qoruyub saxlamağı tövsiyə
edirəm.
Bilirsiniz, müəllimlər təhsil verməklə yanaşı, hər bir
şagirdin həm də ilk həkimi olmalıdır. Şagirdinin
sağlamlığını hər zaman diqqətdə saxlamalı, onun səhhəti
ilə bağlı cüzi bir problemi belə nəzərindən qaçırmamalı,
vaxtında valideynə məlumat verməli, onu
istiqamətləndirməyi bacarmalıdır.
Valideynlərin ən böyük arzusu öz övladının yüksək bilik
və bacarığa, intellektual səviyyəyə malik olmasıdır.
Sual verirəm ki, əgər həmin uşaq sağlam deyilsə, əldə
etdiyi bilik onun nəyinə lazımdır? Bir müddət keçəndən
sonra həmin valideyn xəstə övladının sağlamlığı ilə
bağlı problemlərlə üzləşməli olacaq. Ona görə
valideynlər uşaqlarının sağlamlığı, düzgün inkişafı ilə
bağlı sonradan çətinliklərlə üzləşməmək üçün ilk növbədə
onların səhhətinə diqqət yetirməlidirlər. Qeyd etdiyim
kimi, mütəmadi olaraq uşaqlarını həkim müayinəsindən
keçirməli və həkimlərimizə inanmalıdırlar. Belə bir
aforizm var: xəstə həkimə inanırsa, bu onun müalicəsinin
artıq 50 faizinin uğurlu olduğunu və yaxud başqa cür
desək, həkim xəstəni inandıra bilirsə, bu artıq həkimin
müalicəsinin 50 faiz uğurlu olduğunu deyir. Mən
valideynlərimizə övadlarının sağlam böyüməsi üçün
həkimlərimizlə məhz belə bir inam və etibar üzərində
qurulmuş uğurlu əməkdaşlıq arzulayıram.
- Surxay həkim, gərgin iş rejiminizə baxmayaraq
müsahibəyə vaxt ayırdığınız üçün oxucularımız adından
sizə minnətdarlığımızı bildiririk.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
s.kerimova@ muallim.edu.az |