Təhsil
Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili
şöbəsinin, eyni zamanda nazirlik sistemində fəaliyyət
göstərən idman məktəblərinin, yaradıcılıq mərkəzlərinin
rəhbərləri və əməkdaşlarının təltifetmə mərasimi
keçirilib.
Mərasimdə bildirilib ki, mayın 27-dən başlayaraq 1 ay
müddətində "Bakı-2015" I Avropa Oyunlarına dəstək
məqsədilə paytaxtın Fəvvarələr meydanında qurulan "İfam"
xalq səhnəsində Təhsil Alan Gənclərin Respublika Bədii
Yaradıcılıq Evində fəaliyyət göstərən bədii qiraət, nitq
mədəniyyəti, mahnı, vokal və rəqs dərnəklərinin üzvləri
çıxış ediblər. Ümumilikdə "İfam" səhnəsində çıxış edən
956 iştirakçıdan 400-ə yaxını Bədii Yaradıcılıq Evinin
dərnək üzvləri olub. Şagird və tələbələrin bu işə cəlb
olunması, koordinasiyası, ictimaiyyətin konserti
izləməsi üçün şəraitin yaradılması və digər işlərin
həyata keçirilməsində Bədii Yaradıcılıq Evinin
kollektivi və nazirliyin Məktəbdənkənar fəaliyyətin
təşkili şöbəsi mühüm rol oynayıb. Bunları nəzərə alaraq
Bədii Yaradıcılıq Evinin direktoru və bir neçə əməkdaşı
Fəxri fərmana layiq görülüb.
I Avropa Oyunları zamanı nazirliyin tabeliyində
fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin
kollektivləri isə kütləvi idman yarışlarının
keçirilməsində, eyni zamanda yarışlar zamanı təşkilati
işlərin görülməsində göstərdikləri xidmətə görə Fəxri
fərmanla təltif olunublar.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov
təltif olunanlara təbriklərini çatdırıb və mükafatları
onlara təqdim edib.
www.edu.gov.az |