Oktyabrın
10-da paytaxtda yerləşən 6 nömrəli məktəb-liseydə Təhsil
Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Müəllimin
peşəkarlıq səviyyəsi. Müəllim hazırlığı və
ixtisasartırma proqramlarının mövcud vəziyyəti və
təkmilləşdirilməsi yolları” mövzusunda “Şənbə
görüşləri” başlığı altında müzakirələr aparıldı.
Müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, təhsil
ekspertləri, direktorlar iştirak edirdilər. Müzakirənin
moderatoru Təhsil Nazirliyinin sektor müdiri Cəsarət
Valehov idi. İştirakçılara məlumat verən moderator
bildirdi ki, İnkişaf Elmi Mərkəzi tərəfindən “Müəllimin
peşə standartları” hazırlanmışdır. Sənəddə 5 standart -
fənn bilikləri və onların səmərəli tətbiqi, təlimin
planlaşdırılması və təlim strategiyaları (metodologiya),
şagird nailiyyətlərinin qiymətləndirilməsi, peşəkar
fəaliyyətdə İKT və digər texniki avadanlıqlardan
istifadə, öyrədici mühitin yaradılması və sinfin
idarəedilməsi yer alır.
Müzakirədə C.Valehov iştirakçılara “Bu gün Azərbaycan
müəlliminin hansı kompetensiyaları zəifdir”, “Buna
səbəb nədir” və digər suallar ünvanladı.
Görüşdə çıxışlardan bəzi fikirləri təqdim edirik:
Asif Cahangirov, təhsil eksperti:
- Müəllimlik kompetensiyaları ən vacib şərtləndəndir.
Müəllim bir pedaqoq kimi özünün metodikası ilə
fərqlənməlidir. Müəllimlik peşəsini seçən abituriyentlər
xüsusi seçimlə ali məktəblərə qəbul olmalıdır. Bundan
başqa, müasir müəllimlər əsasən İKT biliklərini
artırmağa deyil, şagirdləri öyrətməyə çalışmalıdır.
Digər bir məsələ, standartlar ikili olmamalıdır. Mən
bilikyönlü müəllim hazırlığını əsas məsələ kimi
görürəm. Burada söhbət təkcə fənn biliklərindən getmir.
Fənn bilikləri müəllim üçün bir vasitədir.
Rahim Hüseynov, 193 nömrəli məktəbin direktoru:
- Fikrimcə, son 20-30 ildə müəllimlər passivləşib.
Məsələn, bizim məktəbdə bu il nazirlik tərəfindən 3 ədəd
linqofon kabineti quraşdırılıb. Düşünürdüm ki,
müəllimlər həmin kabinetdən istifadə etmək üçün rəqabətə
girəcəklər. Ancaq düşündüyümün əksinə heç bir müəllim
buna maraq göstərmədi. Müasir müəllim ilk növbədə aktiv
olmalıdır. Müəllim şəxsiyyət olmalıdır. Mənə elə gəlir
ki, birincisi, ali məktəblərə müəllim seçimi başqa cür
aparılmalıdır. Məsələn, ATU-ya balı çatmayan kimya
müəllimliyinə gəlməməlidir. Bu cür şəxslərdə müəllim
ruhu, peşəyə vurğunluq olmur. Müəllim peşəsinə
yiyələnmək arzusunda olanlar ali məktəbdə təhsil
aldıqları dövrdən müəllimliyə hazırlanmalıdır. Onlar
çoxlu mütaliə etməli, hətta musiqi zövqlərini
formalaşdırmalıdırlar. Bu, onların ümumi dünyagörüşünə,
intellektlərinə müsbət təsir edir.
Gülşən Orucova, 6 nömrəli məktəb-liseyin direktoru:
- Hamımıza məlumdur ki, şagird birinci müəllimi, sonra
isə onun fənnini qəbul edir. Əgər müəllim şəxsiyyət
yetişdirirsə bunun üçün ən yaxşı vasitə şəxsi nümunədir.
Əgər müəllim mədəniyyətdən danışır, lakin özü kobudluq
edirsə, şagird onun danışdıqlarından deyil,
hərəkətlərindən örnək götürür. Bundan başqa, müəllimin
şagirddə maraq yaratmaq bacarığı olmalıdır.
Almaz Əsgərova, 220 nömrəli məktəb-liseyin direktoru:
- Öncə düşünürəm ki, müəllimi məktəbə qaytarmaq haqqında
düşünməliyik. Etiraf edək ki, müəllimlərin çox az
hissəsi qəlbən məktəbdədir. Onlar daha çox bizneslə
məşğuldurlar. Belə ki, repetitorluq və ya kiçik
bizneslərlə. Müəllimi məktəbə qaytarmağın ən əsas yolu
əməkhaqlarının yüksəldilməsi və onlara müxtəlif
imtiyazların verilməsidir. Məktəblərə müstəqillik
verməklə müəllimlərin maddi rifahının
yaxşılaşdırılmasını təklif edirəm. Bundan başqa, 50
yaşdan yuxarı müəllimlərin artıq enerjisinin tükəndiyini
düşünürəm.
Vəfa Yaqublu, Təhsil Nazirliyinin nümayəndəsi:
- Düşünürəm ki, təhsilimizin inkişafı müxtəlif
mərhələlərdən keçməklə mükəmmələ doğru getməlidir.
Təhsil sahəsində ən inkişaf etmiş ölkələr belə bu
mərhələləri təxminən 40-50 il müddətinə keçib. Ancaq
biz istəyirik ki, problemi 1-2 ilə çözək. Məncə, bu
mümkün deyil. Təhsil sahəsində inkişaf etmiş ölkələrdə
müəllimin bütün fənlər üzrə, hər bir sinifdə, bütün
mövzularda yaxşı bir dərs icmalı olur. Düşünürəm ki, bu
icmal bizdə də olmalıdır.
Telman Cəfərov, BSU-nun prorektoru:
- Orta məktəb müəllimlərinin bilik və bacarıqlarının,
peşə hazırlığının dəyərləndirilməsi məqsədilə keçirilən
diaqnostik qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin
tədbirləri Bakıda və regionlarda davam etdirilməli və
mütəmadi şəkil almalıdır. Olduqca zəif nəticə göstərən
fənn müəllimlərinin (sualların 30 faizindən azını
cavablandıran) tədris prosesindən kənarlaşdırılması
mexanizmi konkret şəkildə Təhsil Nazirliyinin özü
tərəfindən təklif olunmalıdır.
Nəzərə çatdıraq ki, mövzu ilə bağlı aparılan geniş
müzakirədən sonra problemin həlli yolları istiqamətində
təkliflər hazırlandı.
Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi” |