Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik Akif Əlizadənin Akademiyanın 70
illik yubileyi münasibətilə “Azərbaycan müəllimi”
qəzetinə müsahibəsi
“XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi
tutumlu texnologiyalara malik ölkələr öz xalqları üçün
xoşbəxt və firavan həyat tərzi təmin etmək
imkanına malik olacaqlar”.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
Bu
il Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının
70 ili tamam olur. Möhtəşəm yubiley ərəfəsində
respublikamızda ali elmi qurum olan Akademiyanın keçdiyi
tarixi və şərəfli yola nəzər salmaq, xalqımıza,
elmimizə verdiyi böyük töhfələr barədə, ölkə başçısının
rəhbərliyi ilə orada aparılan çoxşaxəli islahatlar
haqqında oxucularımızı məlumatlandırmağı məqsədəuyğun
hesab etdik. Yubiley ərəfəsində gərgin iş qrafikinə
baxmayaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə
müsahibəyə məmnuniyyətlə razılıq verdi. AMEA-nın Rəyasət
Heyətinə, məşhur “İsmailiyyə”yə yollandıq. Akif müəllim
iş otağında bizi mehribanlıqla qarşıladı. Akademik öncə
bizi yubiley münasibətilə nəfis şəkildə çap olunmuş yeni
kitablarla tanış etdi. Bütövlükdə Akademiyanın
fəaliyyətini əks etdirən “AMEA -70” fundamental nəşri,
Akademiyanın prezidentləri haqqında olan ensiklopedik
məlumat toplusu, 70 il öncə Akademiyanın təsisçisi
olmuş, elmimizin inkişafında müstəsna rol oynamış 15
görkəmli alimə həsr olunmuş on beş kitab, AMEA-nın bütün
üzvləri haqqında bioqrafik məlumatlar toplusu olan
“Akademiya simalarda”, neçə-neçə nəfis şəkildə nəşr
olunmuş bukletlər, broşürlər... Nəşrlərin təşəbbüsçüsü
və ideya rəhbəri olan Akif müəllim kitablar haqqında
bizə ətraflı məlumat verdi. Sonra hörmətli akademiklə
söhbətə başladıq:
- Akif müəllim, öncə Akademiyanın 70 illik yubileyi
münasibəti ilə Sizi təbrik edirik. Məlum olduğu kimi,
Azərbaycan Milli Elmlər Akademiyası artıq yubiley
tədbirlərinə hazırlıq ərəfəsindədir. 70 illik şərəfli
bir yol keçmiş Akademiyanın xalqımızın sosial-mədəni
inkişaf tarixində rolunu necə dəyərləndirərdiniz?
- Biz bu günlər həqiqətən də möhtəşəm bir bayram
ərəfəsindəyik. Azərbaycan elminin tərəqqisində, müasir
Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və
azərbaycançılıq ideyasının formalaşmasında, ziyalı
elitasının yetişdirilməsində, respublika
iqtisadiyyatının inkişafında mühüm rol oynamış Elmlər
Akademiyasının 70 illik yubileyidir. Mübaliğəsiz demək
olar ki, bu 70 il Azərbaycan xalqının tarixində
renessans, dirçəliş dövrüdür. Bu mənada Akademiyanın, bu
milli elm məbədinin yubileyi tək bir qurumun bayramı
deyil, xalqımızın şərəfli tarixində müstəsna əhəmiyyətə
malik olan ümummilli bir hadisədir.
Akademiya 70 illik fəaliyyət müddəti ərzində,
istər sovet hakimiyyəti illərində, istərsə də
müstəqillik dövründə Azərbaycanın sosial-mədəni
tərəqqisinə misilsiz töhfələr vermiş, cəmiyyətin əksər
sosial-mədəni sferalarının inkişafında təkanverici
qüvvə kimi çıxış etmişdir. Respublikada güclü təhsil
sisteminin formalaşması, milli kadr potensialının
yetişməsi, iqtisadiyyatın inkişafı, xüsusən Azərbaycan
neft strategiyasının reallaşması, milli
mədəniyyətimizin, mənəvi dəyərlərimizin, dilimizin
tədqiqi kimi ümummilli maraqlar baxımından xüsusi
əhəmiyyət kəsb edən sahələr Akademiyanın fəaliyyəti ilə
bilavasitə bağlıdır.
Tarixən Azərbaycanda ayrı-ayrı mütəfəkkirlər,
müstəqil şəkildə fəaliyyət göstərən elmi məktəblər çox
olmuşdur. Lakin sistemli şəkildə təşkil olunmuş,
qarşısında konkret vəzifələr müəyyənləşdirilmiş, dövlət
tərəfindən dəstəklənən qurum olmamışdır. Məhz 70 il
bundan əvvəl Azərbaycan Elmlər Akademiyasının təsis
edilməsi ilə qədim və zəngin ənənələrə malik milli
intellektual potensial tarixdə ilk dəfə olaraq müasir
tələblər baxımından təşkil olundu, nəticədə, elmi
fəaliyyətin cəmiyyətin inkişafında iştirakı sistemli və
intensiv xarakter aldı.
Bilirsinizmi, hazırda dünyada elm əvvəlki
dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edərək
xüsusi bir sosial fenomenə çevrilmişdir. İndi
elmi-texniki tərəqqiyə və biliklərə əsaslanan innovativ
fəaliyyət cəmiyyətin mövcudluğunu, təhlükəsizliyini,
davamlı inkişafını şərtləndirən əsas amil kimi çıxış
edir. Eyni zamanda, hər bir dövlətin sosial-iqtisadi,
siyasi və mədəni inkişafının da əsas təminatçısı elmdir.
Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin əsas
prioritetlərindəndir. Dəfələrlə bəyan edildiyi kimi,
dövlətimizin əsas strateji inkişaf xəttini hakimiyyətlə
intellektin, neft kapitalı ilə insan kapitalının, təbii
resurslarla intellektual potensialın vəhdəti təşkil edir.
Belə bir şəraitdə Akademiyanın yubileyi xüsusi məna kəsb
edir. İndi biz 70 illik zəngin elmi təcrübə işığında
gələcək hədəflərimizə doğru addımlamalıyıq. Bir daha
vurğulamaq istərdim ki, müasir dövr gələcək hədəflərə
məhz elmin, intellektin, zəkanın işığında nail olmağın
mümkünlüyünü təsdiq edir. Bu mənada ümummilli lider
Heydər Əliyevin Akademiya haqqında dediyi dahiyanə
formul, “Akademiya Azərbaycan xalqının milli
sərvətidir. Onu qoruyub saxlamalıyıq” tamamilə yeni
məzmun kəsb edir. Milli sərvət statuslu Akademiyanı həm
də ona görə qoruyub saxlamalıyıq ki, müasir dövrdə bu
mənəvi sərvətin intellektual-mənəvi dividenti hesabına
strateji oriyentirləri dəqiq müəyyənləşdirməyi bacaraq,
necə deyərlər, hardan gəldiyimizi bilməklə yanaşı, hara
yön aldığımızı da dəqiq müəyyənləşdirə bilək...
- Akif müəllim, Akademiyanın 70 illik tarixinin böyük
bir mərhələsi ulu öndər Heydər Əliyevin respublikaya
rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. Azərbaycan
elminin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri
olmuşdur. Bu barədə düşüncələrinizi oxucularımızla
bölüşməyinizi xahiş edərdik.
- Hər bir xalqın mənəvi-intellektual potensialı,
qüdrəti onun yetişdirdiyi tarixi şəxsiyyətin fərdi
keyfiyyətlərində, tarixin özünün inkişafını şərtləndirən
titanik fəaliyyətində təzahür edir. Xalqımızın XX əsrdə
yetişdirdiyi belə görkəmli şəxsiyyətlərdən biri Heydər
Əliyevdir. Müasir Azərbaycanın ictimai-mədəni həyatının
elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq
fəaliyyətinin fundamental nəticələri aydın şəkildə
görünməsin. Bu sahələr içərisində elmin xüsusi yeri
vardır. İstər sovet hakimiyyəti illərində, istərsə də
müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli
quruculuq siyasətinin əsas istiqamətlərindən birini
təşkil etmişdir.
Mübaliğəsiz demək olar ki, Akademiyanı “milli
sərvət” adlandıran ümummilli lider Heydər Əliyev həm də
bu quruma dövlət statusunun verilməsinin təşəbbüskarı
olmuşdur. Elmlər Akademiyasının 70 illik tarixinin ən
parlaq mərhələsi 1969-1985-ci illəri əhatə edən dövrdür.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan həmin
tarixi mərhələdə yalnız keçmiş SSRİ miqyasında deyil,
dünya miqyasında çoxsaylı elmi uğurlar əldə edilmişdir.
Bu, bilavasitə Heydər Əliyevin elmə, təhsilə müstəsna
qayğısı nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyev hələ respublikanın Dövlət
Təhlükəsizliyi Komitəsinə rəhbərlik edərkən o dövrdə
təzyiqlərə məruz qalmış görkəmli alimlərimizi, elm
xadimlərimizi öz imkanlarından istifadə edərək qoruyurdu.
1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra isə
elmimiz demək olar ki, yeni bir inkişaf mərhələsinə
qədəm qoydu. Mən çox xoşbəxtəm ki, həmin illərdə ölkə
iqtisadiyyatının inkişafı baxımından prioritet sahə olan
geologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə
etdikdən sonra ulu öndərin tövsiyəsi ilə Akademiyanın
Geologiya İnstitutunda rəhbər vəzifəyə təyin olundum. Bu
illər ərzində mən ulu öndərin Akademiyaya göstərdiyi
diqqət və qayğının canlı şahidi olmuşam.
Heydər Əliyevin ən mühüm xidmətlərindən biri
yüksəkixtisaslı elmi kadrların yetişdirilməsi olmuşdu.
Həmin illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü
ilə istedadlı azərbaycanlı gənclərin təhsil almaq, elmi
təcrübə keçmək məqsədilə SSRİ-nin müxtəlif elm və
təhsil mərkəzlərinə göndərilməsi intensiv xarakter aldı.
O dövrdə yaşayanlar yaxşı bilərlər ki, o vaxt Moskvada,
Leninqradda, Kiyevdə, Novosibirskdə, Volqoqradda və
digər şəhərlərdə çoxlu sayda tələbələrimiz oxuyurdu.
Dəfələrlə şahidi olmuşam ki, Heydər Əliyev hər il
ölkəmizdən kənara təhsil almaq üçün gedən tələbələrlə
Respublika Sarayında görüşlər keçirərdi. Bu görüşlər
olduqca möhtəşəm bir bayrama çevrilər, böyük ruh
yüksəkliyi yaradardı. Həmin kadrlar təhsil alıb ölkəmizə
qayıtdılar və böyük bir intellektual qüvvə kimi
Azərbaycan elmi, iqtisadiyyatı və mədəniyyətinin
yüksəlişinə xidmət göstərdilər.
Ulu öndər alimlərə böyük diqqət və qayğı
göstərirdi. Bu sırada alimlərin sosial şəraitinin
yaxşılaşdırılmasını, onlar üçün mənzillərin tikilməsini,
alimlərə müxtəlif imtiyazlar yaradılmasını, tez-tez
onların yubiley tədbirlərinin keçirilməsini xüsusi qeyd
edərdim. Bu böyük elm hamisi alimlərlə şəxsən özü
görüşürdü. Bu münasibət elmi mühitdə, insanlar arasında
ruh yüksəkliyi yaradırdı.
Bildiyimiz kimi, ötən əsrin 80-ci illərinin
sonunda həm regionda, həm də dünyada olduqca mürəkkəb
bir vəziyyət yaranmışdı. SSRİ-nin süqutu, ənənəvi dövlət
və ictimai institutların dağılması, dərin iqtisadi
böhran, hüquqi nihilizm cəmiyyətin üzləşdiyi
problemlərin yalnız bir qismi idi. Cəmiyyətdəki bu
proseslərin nəticəsi olaraq Azərbaycan Elmlər
Akademiyası da öz inkişafı tarixində ən ağır böhran
mərhələsinə qədəm qoymuşdu. Qeyd olunan proseslər elmi
potensialın tənəzzülünə, yüksəkixtisaslı kadrların
xarici ölkələrə axınına, onilliklərlə yaranmış elmi
əlaqələrin qırılmasına gətirib çıxardı. Təbii ki, bu
hadisələr elmin inkişafına çox mənfi təsir göstərdi.
1993-cü ildə ulu öndər Azərbaycanda yenidən
hakimiyyətə qayıtdı. Hamımıza yaxşı məlumdur ki, Heydər
Əliyev Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra
ictimaiyyətlə ilk görüşünü 1993-cü ilin sentyabrında
Elmlər Akademiyasında keçirmişdi. Bu tarixi görüşdən
sonra Elmlər Akademiyasının fəaliyyətində canlanma baş
verdi. Elmdən uzaq düşən, xaricə üz tutan alimlərimiz
tədricən geri qayıtmağa başladılar. Ulu öndərin
tövsiyələrini rəhbər tutaraq Akademiyada islahatların
aparılması, elmi tədqiqat istiqamətlərinin yenidən
müəyyənləşdirilməsi üzrə tədbirlər getdikcə
intensivləşdi.
Ümummilli lider Heydər Əliyevin 15 may 2001-ci il
tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan
Milli Elmlər Akademiyası”, yəni dövlət statusu verildi.
Bu da Akademiyanın cəmiyyətdə mövqeyinin
möhkəmləndirilməsi, dövlət quruculuğunda, ölkənin
sosial-iqtisadi inkişafında daha yaxından iştirakının
təmin edilməsi baxımından olduqca mühüm addım oldu.
-
Məlumdur ki, Akademiyanın 70 illik fəaliyyəti ərzində
Azərbaycan alimləri tərəfindən istər fundamental,
istərsə də tətbiqi elm sahələrində əldə olunmuş bir sıra
mühüm nailiyyətlər ölkəmizin həm iqtisadi, həm də mədəni
inkişafında mühüm rol oynamışdır. Bütövlükdə Azərbaycan
elminin cəmiyyətin inkişafına verdiyi töhfələr barədə
danışmağınızı xahiş edərdik.
- Əlbəttə, mən tam məsuliyyətlə deyə bilərəm ki,
Azərbaycan alimləri nəinki ölkə daxilində, həm də dünya
miqyasında elmi uğurlara imza atmış, elmimizi yüksək
səviyyədə təmsil etmişlər. Təsadüfi deyildir ki, 70
illik yubiley ərəfəsində bu uğurlara, nailiyyətlərə həsr
olunmuş cildlərlə kitab işıq üzü görmüşdür. Əgər biz
Azərbaycan elmində əldə olunmuş uğurları ən qısa şəkildə
xülasə etmək istəsək, onda elmi istiqamətlərə və
şəxsiyyətlərə nəzər salmalıyıq.
Bu baxımdan ilk olaraq dünya kimya elminə layiqli
töhfələr vermiş Yusif Məmmədəliyevin adını qeyd etmək
istərdim. Onun elmi nailiyyətlərinin miqyası və
əhəmiyyəti o qədər böyükdür ki, əgər SSRİ kimi qapalı
bir ölkədə deyil, başqa bir inkişaf etmiş ölkədə
yaşasaydı, Nobel mükafatına layiq görülə bilərdi. Onun
kəşf etdiyi yüksəkoktanlı aviabenzini qeyd etmək elə
kifayət edər. Bax bu, Azərbaycan elminin və intellektual
potensialının gözəl nümunəsidir.
Ötən illər ərzində Akademiyanın alimləri fizika,
riyaziyyat, astronomiya, mexanika, kibernetika,
informasiya texnologiyaları sahəsində də böyük uğurlar
əldə etmişlər. Mən bu gün Həsən Abdullayevin, Zahid
Xəlilovun, Əşrəf Hüseynovun, Azad Mirzəcanzadənin,
İsmayıl İbrahimovun və başqa böyük alimlərin adlarını
qeyd etmək istərdim. Bu alimlərin hər biri öz sahəsində
böyük nailiyyətlər əldə etməklə bərabər, Azərbaycanda
elmi məktəblərin də formalaşmasına töhfələrini
vermişlər.
Elmlər Akademiyası respublikada tibb elmi və
təhsilinin təşəkkülündə də mühüm rol oynamışdır. Bu
fəaliyyət sahəsindəki uğurlar xüsusilə diqqəti cəlb edir.
Əgər biz Akademiyada bu elmi istiqamətin nailiyyət və
uğurlarına baxsaq, onların müəlliflərinin ölkənin
sərhədlərindən kənarda tanınan görkəmli bioloq və
həkimlər olduğunu görərik. Azərbaycanda kliniki
cərrahiyyənin baniləri Mirəsədulla Mirqasımov, Mustafa
bəy Topçubaşov, oftalmologiya sahəsində Zərifə Əliyeva,
biologiya sahəsində Cəlal Əliyev, onkologiya sahəsində
Cəmil Əliyev, Əhliman Əmiraslanov və bir sıra başqa
alimlər bu sahələrin inkişafına dəyərli töhfələr
vermişlər.
Azərbaycan geoloqlarının əldə etdiyi uğurları da
qeyd etməyi özümə borc bilirəm. İstər sovet dövründə,
istərsə də müstəqillik illərində geoloqlarımız böyük
əhəmiyyətə malik olan neft və qaz yataqlarının elmi
əsaslandırılması və proqnozlaşdırılması istiqamətində
mühüm işlər görmüşlər. Təsadüfi deyildir ki, Neft
Daşları, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” kimi
dünya əhəmiyyətli yataqların kəşfində, işlənməsində
bizim alimlərin tədqiqatları mühüm rol oynamışdır. Elm
və istehsalatın vəhdətinə gözəl nümunə olan bu uğurlar
böyük Azərbaycan alimlərinin - Musa Əliyev, Əşrəf
Əlizadə, Şəfayət Mehdiyev, Həsən Əhmədov, Sübhi Salayev,
Xoşbəxt Yusifzadə, Baba Babazadə, Faiq Bağırzadə və
başqalarının adları ilə bağlıdır.
Akademiyada xalqımızın sosial-mədəni inkişafına
töhfə verən sahələrdən biri də humanitar və ictimai
elmlərdir. Bu elm sahəsinin görkəmli alimləri xalqımızın
milli varlığının, mənəvi-əxlaqi dəyərlərinin qorunub
saxlanılması, Azərbaycan tarixi, dili, ədəbiyyatı,
folkloru, mədəniyyəti, incəsənətinin tədqiqi və təbliği
istiqamətində mühüm işlər görmüşlər. Bu şəxsiyyətlər
xalqın milli özünüdərkində, milli düşüncənin
inkişafında, həmçinin ölkədə gedən yüksək quruculuq
işləri ilə həmahənglik təşkil edən “70-80-ci illər
mədəni intibahı”nın yetişməsində müstəsna rol
oynamışlar. Akademik Ramiz Mehdiyevin Azərbaycan
tarixinə, mədəniyyətinə və ictimai-siyasi proseslərin
təhlilinə həsr olunmuş fəlsəfi tədqiqatları humanitar və
ictimai elmlərin cəmiyyətimizə, elmimizə ən dəyərli
töhfələrindəndir.
Sözsüz ki, bizim dediklərimiz, Azərbaycan elmində
əldə olunmuş nailiyyətlərin az bir hissəsini təşkil edir.
Qeyd etdiyimiz elmi istiqamətlər üzrə bu gün də müasir
dünyanın tələb və çağırışlarına müvafiq olaraq inkişaf
etməkdə, yeni-yeni nailiyyətlər əldə olunmaqdadır.
- Bu gün Azərbaycanın milli sərvəti olan elmi
potensialın qorunması, inkişaf etdirilməsi dövlət
siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təsdiq etdiyi “Azərbaycan - 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf
modelinə əsaslanan biliklər cəmiyyətinin
formalaşdırılması əsas strateji inkişaf xətti kimi qəbul
edilmişdir. Belə bir şəraitdə respublikanın əsas elmi
mərkəzi olan Akademiyanın üzərinə xüsusi vəzifələr düşür...
- Sualınıza cavab olaraq bir az əvvəldən başlamaq
istərdim. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin
elmin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət cənab
İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Təsadüfi deyildir ki, “Neft kapitalını insan kapitalına
çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan
iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçid ölkənin
strateji hədəfi elan edilmişdir. Belə bir strategiya
kontekstində milli elmi potensialın inkişafı özünün yeni
mərhələsinə qədəm qoydu. Elmin yeni tendensiyalara
uyğunluğunu təmin etmək məqsədilə 2009-cu ildə möhtərəm
cənab Prezident İlham Əliyev tərəfindən “2009-2015-ci
illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə
Milli Strategiya” qəbul edildi. Strategiyanın icrası
istiqamətində beynəlxalq elmi əməkdaşlıq,
yüksəkixtisaslı kadrların hazırlanması, xüsusən
gənclərin Avropanın aparıcı elmi mərkəzlərinə
göndərilməsi, Akademiyanın dövlət proqramlarının
icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə
olduqca əhəmiyyətli işlər görüldü. Həmçinin elm və
təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsi,
elektron elmin formalaşması sahəsində də çox ciddi
uğurlar əldə olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin elmin inkişafına böyük təkan verəcək
addımlarından biri də sizin adını qeyd etdiyiniz
“Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasını qəbul etməsidir. Bu Konsepsiya son dərəcə
uğurlu bir inkişaf proqramıdır. Əgər biz bu
Konsepsiyanın elm, Akademiya qarşısında qoyduğu
vəzifələrə baxsaq görərik ki, burada ənənəvi
iqtisadiyyatdan biliklər iqtisadiyyatına, neft
kapitalından insan kapitalına keçid hədəf kimi
seçilmişdir. Bu da ilk növbədə elmi-innovativ yanaşmanın
gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin
artırılmasını tələb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Şamaxı Astrofizika Rəsədxanasında təmir və
yenidənqurmadan sonra vəziyyətlə tanış olarkən elan
etmişdir ki, regionun iqtisadi və siyasi mərkəzi olan
Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir.
Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə
çevrilməsi üçün hər cür şərait vardır. İndi Akademiyada
bu istiqamətdə köklü islahatlar aparılmaqdadır. 2020-ci
ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və
təşkilat sisteminin təkmilləşdirilməsi, elmi
müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi
istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
İslahatlar prosesində bir tərəfdən elmi müəssisə və
təşkilatların fəaliyyətinin bu tələblərə
uyğunlaşdırılması baxımından addımlar atılırsa, digər
bir tərəfdən də yüksəkixtisaslı elmi kadrların
hazırlanması, beynəlxalq elmi əməkdaşlığın
genişləndirilməsi, yeni kadr potensialının
gücləndirilməsi sahəsində də işlər görülür. Bizim bu
istiqamətdə həyata keçirdiyimiz işlərdən biri də
alimlərin əməyinin qiymətləndirilməsi, sosial
təminatının yaxşılaşdırılmasıdır.
Heç şübhəsiz ki, Akademiyanın qarşısına qoyulmuş
bu tələblərin icrasının daha səmərəli həyata keçirilməsi
birbaşa olaraq beynəlxalq elmi əməkdaşlığın
genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf
etdirilməsi ilə bağlıdır. Artıq bu istiqamətdə də bir
sıra addımlar atılmışdır. Belə ki, ötən il Akademiyada
ABŞ-ın, Almaniyanın, İtaliyanın nüfuzlu elmi mərkəzləri
ilə birlikdə müvafiq olaraq Geologiya və Geofizika
İnstitutunda, Respublika Seysmoloji Xidmət Mərkəzində,
Botanika İnstitutunda, Ədəbiyyat İnstitutunda, Kataliz
və Qeyri-üzvi Kimya İnstitutunda 10-a yaxın beynəlxalq
laboratoriya yaradılmışdır. Hesab edirik ki, bu
qarşılıqlı əməkdaşlıq elmimiz üçün əhəmiyyətli olmaqla
yanaşı, dövlət proqramının uğurlu icrası baxımından da
mühüm əhəmiyyətə malikdir.
Yeri gəlmişkən onu deyim ki, Akademiyada bu işlər
pərakəndə şəkildə həyata keçirilmir. Burada kadr
təminatı, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi,
gənc alimlərin təcrübə mübadiləsinə göndərilməsi,
alimlərin sosial şəraitinin yaxşılaşdırılması məsələləri
konkret proqram şəklində əks olunmuşdur. Əgər biz
elmimizin gələcəyini parlaq görmək istəyiriksə, bu gün
həmin gələcək üçün səfərbər olmalı, əməli addımlar
atmalıyıq.
- Akif müəllim, son üç ilə yaxın müddət ərzində
Akademiyanın fəaliyyətindəki canlanma diqqəti cəlb edir.
Burada Sizin rəhbərliyinizlə çox ciddi islahatlar
aparılır. Bu islahatların bir sahəsini də prioritet elmi
istiqamətlərin, müasir elmi problemlərin
müəyyənləşdirilməsi təşkil edir. Burada hansı elm
sahələri əsas götürülür və bunlar hansı zərurətdən irəli
gəlir?
- Biz “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının müddəalarına, müasir dünyanın
çağırışlarına, ölkə başçısının elm qarşısında
müəyyənləşdirdiyi tələblərə, eləcə də elmi
araşdırmaların məntiqindən doğan istiqamətlərə
əsaslanaraq Azərbaycan elminin qarşımızdakı illər
ərzindəki prioritetlərini müəyyənləşdirərək təsdiq
etmişik. Mənim dəfələrlə vurğuladığım kimi, elm hadisə
və proseslərin arxasında deyil, önündə getməlidir. Bütün
fəaliyyət sahələrində elmin tətbiqi, elmi yanaşma
inkişafa yol açmaqla bərabər, risklərin də
minimallaşdırılmasında mühüm rol oynayır. Bu gün
Azərbaycan sürətlə beynəlxalq aləmə inteqrasiya olunur,
iqtisadiyyatımız dünya iqtisadiyyatının tərkib hissəsinə
çevrilir. Belə bir şəraitdə elmin bu proseslərdə
yaxından iştirakı, heç şübhəsiz, əsas hədəflərdəndir.
Bütün bunları nəzərə alaraq, biz konkret elm
sahələri üzrə prioritetləri müəyyənləşdirmiş və onların
elmi proqramlar şəklində maliyyələşdirilməsinə
başlamışıq.
Bu istiqamətlərdən energetika, həyat haqqında
elmləri xüsusilə qeyd etmək istərdim. Bura biofizika,
biokimya, biotəbabət, biotexnologiya və s. daxildir.
Ümumilikdə, Akademiyada bütün istiqamətlər üzrə ciddi
elmi yeniliklərin əldə olunması üçün müasir
informasiya-kommunikasiya texnologiyalarının
imkanlarının tətbiqi əsas şərtdir. Bilirsiniz ki, müasir
dövrdə heç bir sahəni İKT-siz təsəvvür etmək mümkün
deyil. Bu gün AMEA-nın bütün struktur bölmələri və
institutları ən müasir İKT avadanlığı və İnternetə
çıxışla təmin edilib. İndi Akademiyanın bütün
müəssisələri AzScienceNet şəbəkəsinə birləşdirilib,
onların tələbatlarının ödənilməsi üçün böyük yaddaş və
emal imkanlarına malik olan Data mərkəzi yaradılmışdır.
Bir sözlə, İKT-nin tətbiqi Akademiyanın mühüm elmi
prioritetlərindən biri olmaqla bərabər, Azərbaycan
elminin müasir dünyanın çağırışlarına adekvat cavab
verməsinə şərait yaradan əsas amillərdən biridir.
Eyni zamanda humanitar və ictimai elmlərin də
özünəməxsus prioritetləri vardır. Məlum olduğu kimi,
Azərbaycan müstəqillik əldə etdikdən sonra sovet
ideologiyasına uyğun yanaşmaları, fakt və izahları, bir
sözlə, təhrifləri aradan qaldırmağa böyük ehtiyac
yaranmışdır. Bu gün Azərbaycançılıq ideologiyasının,
multikulturalizm nəzəriyyəsinin daha mükəmməl şəkildə
öyrənilməsi və təbliği humanitar və ictimai elmlərin
qarşısında duran əsas məsələlərdəndir. Həmçinin bu gün
Azərbaycanın tarixi, ədəbiyyatı, dili, arxeologiyası,
etnoqrafiyası, folkloru dünyanın müasir nəzəri
metodoloji bazası əsasında təhlil olunmalı və dünyanın
qəbul etdiyi üsulla təqdim olunmalıdır. Bu məqsədlərə
nail olmaq bizim humanitar və ictimai elmlər qarşısında
müəyyənləşdirdiyimiz əsas prioritetlərdir.
Qeyd etməliyəm ki, bu prioritetlərə uyğunlaşmaq
məqsədilə, Akademiyanın elmi müəssisə və təşkilatlarının
strukturunda dəyişiklik edilməklə yanaşı, yeni elmi
təşkilatlar da yaradılmışdır. Bilirsiniz ki, bu gün
Azərbaycanın artan beynəlxalq nüfuzu kontekstində
dünyaya inteqrasiya güclənmiş, Azərbaycanın beynəlxalq
münasibətləri daha da genişlənmişdir. Belə bir şəraitdə
dünyada gedən siyasi prosesləri dərindən öyrənmək,
analiz etmək, proqnozlaşdırmaq, bir sözlə, Azərbaycanın
beynəlxalq maraqlarının elmi şəkildə təhlil və tədqiqinə
böyük ehtiyac yaranmışdır. Məhz bunu nəzərə alaraq, biz
Dünya Siyasəti İnstitutunu yaratmışıq. Həmçinin
elmimizin tarixinin, onun müxtəlif vaxtlarda əldə etdiyi
nailiyyət və uğurlarının araşdırılması və təbliğ
edilməsi məqsədilə Elm Tarixi İnstitutu yaradılmışdır.
Təbiidir ki, qeyd etdiyim bu prioritet istiqamətlər
Akademiyada öyrənilən problemlərin yalnız bir qismini
təşkil edir.
- Akif müəllim, Akademiyada görülən işlərin mühüm
istiqamətlərindən birini də elmlə təhsilin inteqrasiyası
təşkil edir. Bizə məlumdur ki, son dövrlərdə Akademiyada
bu sahədə bir sıra əməli tədbirlər həyata keçirilmişdir.
Onlar təhsil ictimaiyyətimiz üçün də maraqlı olardı.
- Sizin qəzetinizin oxucu auditoriyasının daha çox
təhsil işçiləri, müəllimlər və tələbələr olduğunu nəzərə
alaraq qeyd etmək istəyirəm ki, elm və təhsilin
inteqrasiyası olduqca aktual və gərəkli məsələdir.
Vaxtilə böyük rus alimi M.V.Lomonosov bu məsələ ilə
bağlı çox maraqlı və dəyərli bir fikir söyləmişdir:
“Akademik reqlament elə düşünülmüşdür ki, onun mahiyyəti
nəinki öz alim sıralarını zənginləşdirib, sayını
dəfələrlə artırmaq, hətta onları bütün dövlət üzrə
yerləşdirməkdir... Universitet Elmlər Akademiyasının
dostu, onunla qan qardaşı olub Vətənin rifahı naminə
birgə xidmət etməlidir. Universitetin nəzdində
gimnaziyanın mövcudluğu vacibdir, çünki onsuz
universitet sanki toxumsuz bir əkin sahəsidir”. Məncə,
bu, sualınıza ən yaxşı cavabdır.
Qeyd edim ki, bu gün Akademiyada elm və təhsilin
inteqrasiyası konseptual xarakter daşıyır. Məlum olduğu
kimi, Akademiyada illərlə formalaşmış böyük elmi
potensial, müxtəlif elmi istiqamətlər üzrə çoxsaylı
mütəxəssislər, müasir elmi avadanlıq və cihazlarla təmin
olunmuş laboratoriyalar mövcuddur. Bu potensialın ölkə
səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin
inteqrasiyasına böyük ehtiyac vardır. Alimlərimiz təhsil
prosesində iştirak etməli, auditoriyalara üz tutmalı,
tələbələrimiz isə elmi təhlil və təcrübələrin aparıldığı
laboratoriyalara gəlməlidirlər. Təhsilin tələbləri elmi
araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə
yetişməkdə olan gənc nəsildə formalaşdırılmalıdır. Bu
gün biz alimlərin pedaqoji prosesdə yaxından iştirakında
maraqlıyıq. Həqiqətən də, bu gün püxtələşmiş
alimlərimiz öz təcrübələrini universitet
auditoriyalarında gənc nəslə öyrətməkdədirlər. Biz bu
prosesi daha da təkmilləşdirmək məqsədilə konkret
addımlar da atmışıq. Artıq bu gün Akademiyada 15-ə yaxın
baza kafedrası fəaliyyət göstərir. Bu kafedralar
universitetlərdəki kafedraların elmi mütəxəssislərlə
daha yaxşı təmin olunmasına, təcrübə və nəzəriyyənin
bölüşdürülməsinə geniş imkanlar yaradır. Bu isə bizə
Akademiyada magistratura təhsil pilləsini təşkil etməyə
imkan yaratdı. Artıq bu il Akademiyada 7 prioritet
ixtisas üzrə magistraturaya qəbul həyata keçirilmişdir.
Biz bununla gənclərin elmə daha erkən cəlb olunmasına
nail olmaq istəyirik.
Mən Azərbaycan Alimlərinin I Qurultayındakı məruzəmdə
qeyd etmişdim ki, biz gələcək alimi orta məktəblərdən
seçməli və yetişdirməliyik. Bu gün təhsil prosesində
tətbiq olunan kurikulum da əslində dünyanın müasir
çağırışları zəminində meydana çıxmışdır. Burada əsas
məqsəd şagirdlərdə ilkin tədqiqat, araşdırma
vərdişlərini aşılamaqdır ki, bu da gənclərdə elmi
araşdırmalara marağın yaradılmasına imkan verir. Çox
sevindirici haldır ki, artıq Azərbaycan təhsilində də bu
proses uğurlu şəkildə gedir və heç şübhəsiz ki, yaxın
gələcəkdə biz bunun müsbət nəticələrinin şahidi
olacağıq.
- Akif müəllim, bu gün Azərbaycanda gənclər siyasəti
əsas prioritetlərdəndir. Akademiyada həyata keçirilən
islahatların da mühüm istiqamətlərindən birini müasir
tələblərə uyğun intellektual gənclərin yetişdirilməsi
təşkil edir. Sonda gənclərə tövsiyələrinizi eşitmək
istərdik.
- Bəli, bu gün Azərbaycanda gənclik dövlətin xüsusi
diqqət və qayğısı ilə əhatə olunmuşdur. Dövlətin birbaşa
dəstəyi ilə gənclərin ölkənin ictimai, siyasi, iqtisadi,
təhsil sahəsində uğurlar əldə etməsi üçün münbit şərait
yaradılmışdır. Mən arzu edərdim ki, gənclərimiz, o
cümlədən intellektual gənclərimiz yaradılmış bu
imkanlardan səmərəli istifadə etməyi bacarsınlar.
Bu gün dünyada baş verən sürətli proseslər tələb edir ki,
müasir gənclik öz sahəsinə dair nəzəri bilikləri
mənimsəməklə bərabər, xarici dillərə yiyələnsin, İKT
bacarıqlarına sahib olsun. Gələcək məhz bu tələblərə
cavab verə bilən gəncliyin simasında nikbin görünür.
Bütün sahələrdə olduğu kimi, elmdə də varisliyin
qorunması, təcrübə və ənənələrin ötürülməsi intellektual
gəncliyin üzərinə düşür. Gənclərimiz böyük tarixə malik
olan elmimizin əldə etdiyi təcrübəni dərindən
mənimsəməli, Vətənin və xalqın inkişafı naminə
praktikada tətbiq etməli, özündən sonrakı nəslə
ötürməlidir. Azərbaycan gəncliyinə bir daha xatırlatmaq
istəyirəm ki, müasir dünyanın reallıqları və çağırışları
dahi Nizaminin XII əsrdə dediyi fikrin doğruluğunu hər
an daha əminliklə təsdiq etməkdədir:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
- Akif müəllim, maraqlı və geniş müsahibə üçün Sizə
təşəkkür edirik.
Müsahibəni apardılar:
Bayram HÜSEYNZADƏ,
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi” |