Şagirdlərdə oxu bacarığının inkişafı təcrübəsindən
Solmaz ABDULLAYEVA,
Bakı şəhəri 23 nömrəli tam orta məktəbin müəllimi,
əməkdar müəllim
Təhsil Nazirliyinin həyata keçirməyə başladığı yeni
layihələr - “Mütaliə vərdişlərinin və oxuya
motivasiyanın yüksəldilməsi” layihəsi və “Ədəbiyyat
biliciləri” müsabiqəsi bir müəllim kimi böyük sevincimə
səbəb oldu. Son illərdə bu sahədəki təcrübəmi
həmkarlarımla bölüşmək istədim.
Orta məktəbdə oxu bacarığı Azərbaycan dilinin əsas
məzmun xətlərindən biridir. Şagirdlərə nitq
bacarıqlarına yiyələnməyin texnologiyasını öyrədən bu
fənn bütün fənlər arasında körpü rolunu oynayır. Çünki
dinləmə, danışma, oxu və yazı bacarıqları yüksək olan
şagird istənilən digər fəndən uğur qazanır. K.D.Uşinski
yazırdı: “Hər bir fənnin öyrənilməsi, mənimsənilməsi
həmişə söz şəklində ifadə olunur. Sözün mənasını
dərindən anlamayan..., sözdən şifahi, həm də yazılı
nitqdə sərbəst surətdə istifadə etmək vərdişi qazanmayan
uşaq hər hansı başqa bir fənni öyrənəndə də bu əsas
nöqsandan həmişə əziyyət çəkəcəkdir. ...İbtidai
siniflərdə ana dilinin tədrisi baş fənn, mərkəzi fənn,
başqa fənlərə daxil olan və onların nəticələrini özündə
toplayan bir fənn olaraq qalır”.
Zənnimcə, oxu bacarığının digər nitq bacarıqları
arasında çəkisi daha böyükdür, çünki orta məktəbə qədəm
qoyan şagird məlumatların böyük bir qismini oxumaqla
alır. O nə dərəcədə sürətlə oxuyursa, nə dərəcədə
anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə
inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru xeyli
dərəcədə oxu bacarığının səviyyəsi ilə bağlıdır.
İbtidai siniflərdə oxu bacarığı iki istiqamətdə inkişaf
etdirilir:
1. Oxu texnikasının inkişafı (sürətli, ifadəli oxu).
2. Oxuyub anlama bacarığının inkişafı (şüurlu oxu).
Birinci istiqamət, adından da göründüyü kimi, texniki
məsələdir, onu tədris prosesində reallaşdırmağın öz
üsulları var və bu istiqamət ibtidai təhsilin müəyyən
mərhələsində sona çatır. İkinci istiqamət (şüurlu oxu)
daha mürəkkəb prosesdir. Mətni qavrama bacarığı orta
məktəbin sonuna kimi inkişaf etdirilir.
Uzun illərin təcrübəsindən belə qənaətə gəlmişəm ki,
şagirdlərdə sürətli oxuyub qavrama bacarığına nail olmaq
üçün yalnız dərs saatları ilə və dərsliklərdə verilmiş
mətnlərlə kifayətlənmək olmaz. Onlara daim yaş
səviyyələrinə uyğun maraqlı, məlumatverici, mənəvi
dəyərlər aşılayan yeni kitablar təklif etmək lazımdır.
Oxu şagirdlərin həyat tərzinə çevrilməlidir. Onlar asudə
vaxtlarının böyük bir hissəsini oxuya sərf etməlidirlər.
Daha çox kitab oxuduqca, mütaliə etdikcə şagirdlərin
lüğət ehtiyatları zənginləşir, nitq bacarıqları inkişaf
edir, intellektual səviyyələri yüksəlir.
Şagirdlərimdə oxuyub anlama bacarığının inkişafına nail
olmaq üçün məktəbə qədəm qoyduqları ilk günlərdən
onlarda bədii ədəbiyyata maraq yaratmağa çalışıram.
Şagirdlərim 1-ci sinifdə təhsil aldıqları müddətdə
əlifba təlimi dövrünü başa vurduqdan sonra sinifdə “Biz
nə oxuyuruq” layihəsinə start verdik. İlk olaraq
valideynlərə “Mənim ilk kitabım” seriyasından olan
kitabları almağı məsləhət gördüm. Hər həftənin 5-ci günü
şagirdlərə növbəti 5-ci günədək oxuyacaqları kitabın
adını deyirdim. Bir həftə ərzində uşaqlar tapşırdığım
kitabı oxuyurdular. Həftəsonu sinifdənxaric oxu dərsində
həmin kitabın müzakirəsini keçirirdik. Şagirdlərim
xüsusi ayırdıqları dəftərə həmin əsərdən çıxan nəticəni,
yaxud da əsərin ideyasını (1-ci sinifdə mənim köməyimlə)
yazıb hər hansı hissənin ya şəklini çəkir, ya da əsərə
aid illüstrasiya hazırlayırdılar. Bu ənənə 2-ci sinifdə
də davam etdirildi. Bu sinifdə onlar kitabxanalarına
“Altun klassika” seriyasından daha 7 kitab da daxil
etdilər.
2014-cü il fevral ayının 21-də ikincilərim “Nağıllar
aləminə səyahət” adlı musiqili-ədəbi gecədə məktəb
rəhbərliyi, müəllimlər və valideynlər qarşısında çıxış
etdilər. Onlar çıxışlarında bir daha nümayiş etdirdilər
ki, müntəzəm mütaliə nəticəsində lüğət ehiyatları daha
da zənginləşib, nitq qabiliyyətləri, ünsiyyət
bacarıqları genişlənib, doğma ana dilində daha gözəl,
səlis danışma vərdişlərinə yiyələniblər.
2014-cü ilin dekabrında Azərbaycan Respublikası təhsil
nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə
vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə
mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər
barədə” əmri ilə tanış oldum. Bu əmr bizi başladığımız
layihəni daha geniş və mütəşəkkil şəkildə həyata
keçirməyə ruhlandırdı. Mənim şagirdlərim artıq 3-cü il
idi ki, məktəb daxilində daha çox kitab oxumaları,
mütaliə etmələri ilə digər yaşıdlarından
fərqlənirdilər. İndi də onlar məktəb rəhbərliyi
qarşısında “Abdulla Şaiqin əsərlərini oxuyuruq” adlı
müzakirə-diskussiya ilə “Biz nə oxuyuruq” layihəsinin
növbəti hesabatını təqdim etdilər. Onlar bu tədbirdə
A.Şaiqin əsərlərindən tamaşalar göstərməklə, oxuduqları
şeirləri əzbər deməklə, nəsr əsərlərindən çıxan ideyanı
söyləməklə çıxış etdilər.
Bu tədbirdən sonra növbəti mərhələnin mövzusu
şagirdlərin özlərindən gəldi. Onlar müasir uşaq yazıçısı
Reyhan Yusifqızının əsərlərini oxumağı qərara aldılar.
19 may 2015-ci il tarixində 23 nömrəli tam orta məktəbin
3A sinif şagirdləri uşaqların sevimlisi, yazıçı Reyhan
Yusifqızının əsərlərini səhnələşdirib təqdim etdilər.
Təqdimatda məktəb rəhbərliyi, müəllimlər, valideynlər
ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, uşaq
ədəbiyyatı tədqiqatçısı, tərcüməçi Füzuli Əsgərli,
TPİ-nun direktor müavini Ənvər Abbasov, “Altun kitab”
nəsriyyatının direktoru Rafik İsmayılov, F.Köçərli adına
Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova
və b. qonaqlar iştirak edirdilər. Şagirdlər
R.Yusifqızının “Tələtin sirri”, “İki gül”, “Hamıdan
qəşəng” əsərləri əsasında qurulmuş pyesləri sevə-sevə
nümayiş etdirdilər. Balaca iştirakçılar həmçinin rəqs,
mahnı və başqa nömrələr də göstərdilər. Yekunda qonaqlar
ürək sözlərini söyləyib uşaqları təbrik etdilər.
Artıq şagirdlərim ibtidai sinfin son pilləsində -
4-cü sinifdə təhsil alırlar. Sevindirici haldır ki,
onlar Azərbaycan yazıçılarından başqa dünya
klassiklərinin yaradıcılığı ilə də tanış olur, “Dünya
ədəbiyyatından seçmələr” seriyasından olan kitabları
oxuyurlar. Dünya uşaq ədəbiyyatı özündə güclü
ideya-estetik və mənəvi yük daşıyır. Bu ədəbiyyat yalnız
maraqlı süjetləri ilə deyil, həm də ümumbəşəri dəyərləri
ilə səciyyələnir. Zənnimcə, qloballaşan dünyamızda
şagirdlərimiz öz şair və yazıçılarımızla yanaşı, Mark
Tvenin “Tom Soyer”ini, Jül Vernin, Herbert Uelsin elmi
fantastikasını, Konan Doylun detektiv əsərlərini, “Don
Kixot”u, “Qulliverin səyahəti”ni və başqalarını
oxumasalar, intellektual baxımdan natamam qalarlar,
başqa xalqların gənc nəsilləri ilə ayaqlaşa bilməzlər.
İki həftədə bir dəfə şagirdlər son oxuduqları
kitabı sinfə gətirir, bu kitabdakı əsərin məzmunu ilə
digər yoldaşlarını tanış edir, əsərdə xoşlarına gələn
hissələri danışır, digər uşaqlarda həmin kitabı oxumağa
maraq yaradırlar.
4-cü sinfin sonunda şagirdlərim dünya
ədəbiyyatından oxuduqları klassik nümunələri məktəb
kollektivinə təqdim etməklə “Biz nə oxuyuruq” layihəsinə
yekun vuracaqlar. Lakin əminəm ki, bu onların oxu
mədəniyyətinin inkişafında yalnız ilk mərhələdir. Əsas
məsələ odur ki, mən uşaqlarıma kitabı sevdirə bilmişəm
və buna görə bir müəllim kimi fəxr duyuram. Artıq
görürəm ki, şagirdlərdə mütaliəyə böyük həvəs yaranıb.
Onlar öz fikirlərini sərbəst ifadə etməyi bacarırlar.
Şagirdlərim məktəb kitabxanasının da fəal
oxucularındandırlar. Tənəffüslərdə oxuduqları
kitablardan danışmalarının, müzakirə, mübahisə
etdiklərinin dəfələrlə şahidi olmuşam. İnanıram ki,
onlar 1-ci sinifdən götürdükləri estafeti yuxarı
siniflərdə də davam etdirəcəklər. Çox istərdim ki, bizim
bu layihəmiz məktəb daxilində qalmasın. Digər
məktəblərin müəllimləri də bu cür layihələr təşkil
etsinlər və “Ədəbiyyat biliciləri” müsabiqəsi yalnız
VIII-XI siniflərə deyil, ibtidai siniflərə də şamil
olunsun. |