·Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib.

 

Universitetdən bildirilib ki, science (elm), technology (texnologiya), engineering (mühəndislik), math (riyaziyyat) sözlərinin baş hərflərinin birləşməsindən ibarət olan STEM texnologiya və mühəndislik sahələrinin gündəlik həyatda birgə tətbiqi deməkdir. Suallar texniki sahə və şagirdlərin dünyagörüşü ilə əlaqəli olduğu üçün yarışma “STEM plyus” adlandırılıb. Qərbi Kaspi Universiteti məktəblilərin iştirakı ilə müxtəlif məzmunlu layihə və tədbirlər həyata keçirir. Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən universitetdə bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Həmçinin Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlərdən məktəblilər sərbəst istifadə edə bilərlər. Texnoparkda işlənən layihələrdən biri bu günlərdə Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanaraq təltif edilib. Məktəblilərdən ibarət 50-dək komandanın qatıldığı yarış  maraqlı keçib və şagirdlər mühəndislik, texnologiya, riyaziyyat və elmin müxtəlif sahələri  üzrə sualları cavablandırıblar.

 

Sonda Bakı şəhər 280 nömrəli tam orta məktəb I, 299 və 121 nömrəli tam orta məktəblər isə  II və III yerləri  qazanıblar. Qalib  komandalara  diplom və mükafatlar təqdim olunub.

 

Sifai SƏFƏROVA