Görüşdə müvafiq istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.  Görüşdə müvafiq istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Elmi müəssisədən verilən məlumata görə, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqları institutda yaradılmış innovativ şəraitlə  tanış edib.

 

AzScienceNet-in Verilənlərin Emalı Mərkəzində qonaqlara Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet haqqında məlumat verilib. Bildirilib ki, bu şəbəkə vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam, IP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.

 

Sonra qonaqlar Tədris-İnnovasiya Mərkəzi (TİM), institut  tədbirlərini işıqlandıran və dünyada İKT sahəsində baş verən yenilikləri təqdim edən institutdaxili İnternet televiziyası – “İnfo TV”, eləcə də institutun konfrans zalları və “İnternet kafe” ilə tanış olublar.

 

İnstitutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verən akademik informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan danışıb. Qeyd edib ki, institutda informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil və s. istiqamətlərdə araşdırmalar aparılır. 

 

Akademik Yulian Revalski rəhbərlik etdiyi qurumun İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu haqqında məlumat verib. Bildirib ki, bu elmi müəssisədə  Big data və superkompüter texnologiyaları, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi və digər prioritet istiqamətlərdə elmi tədqiqatlar aparılır.

 

Qonaq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə BEA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb, birgə kadr və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını deyib.

 

Yusif ƏLİYEV