Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunda Uşaq Səfirlər Məclisinin region nümayəndəsi olan məktəblilər və region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə seçilən 20 fəal şagirdlə görüş keçirilib.

 

Görüşdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, həmin şöbənin baş məsləhətçisi Aynur Omarova, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

 

Tədbir  zamanı iştirakçılara Uşaq Səfirlər Məclisi haqqında məlumat verilib, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində həyata keçiriləcək layihələr diqqətə çatdırılıb, uşaqlara gələcək fəaliyyətləri üçün tövsiyələr verilib.

 

Tədbir Səfirlərlə könüllülərin diskussiyası şəklində davam edib.Bildirilib ki, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Komitə yanında Uşaq Səfirlər Məclisi yaradılıb və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri fəaliyyətə başlayıb.

                                                                                                

Şakir Cəfərov