Gələcək nəsillər tarixin bu şərəfli mərhələsini həmişə qürurla öyrənəcəklər


Ulu Öndər Heydər Əliyev 29 dekabr 2000-ci ildə çıxışı zamanı demişdir: “Mən çox nikbinəm və çox inanıram, əminəm ki, biz Azərbaycan üçün çox ağır olan bu problemi, bu məsələni həll edəcəyik. İşğal olunmuş torpaqlar azad olunacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar”.  İllər əvvəl nikbinliklə deyilmiş bu sözlər öz bəhrəsini  20 il sonra verdi. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin əmri ilə qüdrətli Azərbaycan Ordusunun  düşmənin əks hücumuna qarşı başladığı savaş bütün xalqı səfərbər etdi.

 

Vətənin belə önəmli günündə bir vətəndaş, uzun illər siniflərdə düşmənə qarşı nifrət hissi aşılayan bir müəllim kimi dayana bilməzdim. Xalqımızın silahsız, əliyalın, köməksiz insanlarına qarşı hər cür zorakı əməllər törətmiş azğın düşməni torpaqlarımızdan qovmağın zamanı çatmışdı.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə müraciət edərək  döyüşə getmək istədiyimi bildirdim. Müraciətimi nəzərə alıb məni arxa cəbhədə yerləşən toplanış məntəqəsinə göndərdilər. Orada iki gün təlim keçdikdən sonra Suqovuşan istiqamətində döyüş bölgəsinə yollandım. Beləcə, tarixə adı qızıl hərflərlə düşən 44 günlük Vətən müharibəsinin iştirakçısı oldum.

 

Bütün cəbhə boyu döyüşlər davam etsə də, hamının nəzəri Şuşada idi. Şuşa ən strateji əhəmiyyətli məntəqə hesab olunurdu. Azğın düşmən nə olursa olsun, Şuşanı əldən vermək istəmirdi. Ermənilər Birinci Qarabağ müharibəsində torpaqlarımızı işğal edərkən məhz əsas hədəf kimi Şuşanı götürmüşdülər. “Qarabağnamə”ləri oxuyanda görürük ki, Qarabağ xanlığı, onun mərkəzi Şuşa həmişə yadelli düşmənlərin diqqət mərkəzində olub. Hamı: dost da, düşmən də Şuşanın gözəlliyinə heyran olmuş, bu əzəmətli, gözəl şəhəri heyranlıqla seyr etmişlər. Şuşanın yerləşdiyi coğrafi mövqe də Qarabağda çox əlverişli strateji əhəmiyyət daşıyır. Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir. Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyi üçün Pənahəli xan şəhəri elə burada salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad, sonradan Şuşa adlanıb.

 

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşa “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb.

 

Şuşa sənət ocağı, mədəniyyət beşiyidir. Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalılar, sənətçilər əslən Şuşadandırlar.

 

Şəhər işğal olunana kimi orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar olub. Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

 

2020-ci ildə artıq 28 il idi ki, şuşalılar və bütün Azərbaycan Şuşasız idi. Düşmənlərimiz Şuşada at oynadır, müharibə vaxtı ələ keçirdikləri azərbaycanlı əsirləri orada saxlayır, onlara işgəncə verirdilər. Şuşadakı tarixi abidələrimiz dağıdılmış, şəhər əvvəlki görkəmini tamam itirmişdi.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ müharibəsi ilə bağlı xalqa müraciətlərindən birində deyirdi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq… Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

 

Beləliklə, gözlənilən o möhtəşəm gün gəlib çatdı. Azərbaycanın mərd, qorxmaz, igid oğulları düşməni məhv etməyə, onları doğma torpaqlarımızdan qovmağa başladılar. Bütün cəbhə boyu düşmən qorxub qaçmağa başladı. Döyüşlərin müxtəlif istiqamətlərdə davam etməyinə baxmayaraq, hamının gözü Şuşada idi. Hamı Şuşaya Qarabağın qapısı kimi baxırdı. Biz Şuşa istiqamətində döyüşən igidlərdən xəbər tutmaq üçün müxtəlif yollar, vasitələr axtarır, oradakı vəziyyəti öyrənməyə çalışırdıq. Hamı inanırdı ki, Şuşa düşmən tapdağından azad edilsə, demək, Qarabağın azad olunması öz həllini tapacaq. Sən demə, dünya hərb tarixində həmişə danışılacaq bir hadisə baş verirmiş Şuşada. İgidlərimiz taktika işlədərək sərt sıldırım qayalıqlardan Şuşaya daxil oldular. O gün Ali Baş Komandan hamının ürəyini riqqətə gətirən qələbə müjdəsini verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir! Qarabağ bizimdir!  Qarabağ Azərbaycandır!”

 

Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Bu, Vətən müharibəsində qələbə deməkdir.  Şuşanın azad edilməsi son əsrlərdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.

 

Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin xatirəsi önündə nümayiş etdirdiyi ehtiram, Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Şuşa 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik Şuşa yarası sağaldı!  Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni bu tarixi gündə verdi. O gün şəhidlərimizin müqəddəs ruhu şad oldu. Şuşa qələbəmizin zirvəsi oldu. Düşmən məğlub oldu, diz çökdü.

 

Həmin gün bu yazının müəllifi Suqovuşan istiqamətində yeni döyüş əmri gözləyirdi. Döyüş əmri yerinə zəfər xəbəri gəldi. Döyüşçülər sevincdən ağlayıb bir-birini qucaqlayırdılar. Hər sevincin içində bir Şuşa sevinci var idi. 

 

Şuşa qaytarılmaqla təkcə torpaq qayıtmadı, torpaqla bərabər bizim Qarabağ boyda arzularımız, ümidlərimiz qayıtdı. Bizim yuxularımız, arzularımız çin oldu. Xarıbülbülün vətəni qayıtdı.

 

Müzəffər Ali Baş Komandan Şuşanı dirçəltmək əmrini verdi. Erməni vandalizminə məruz qalmış nə qədər tarixi abidələr, tikililər yenidən bərpa olundu. Şuşanın öz əvvəlki görkəminə qaytarılmasına başlandı. Bu addımla bir daha Ali Baş Komandan İlham Əliyev bütün dünyaya sübut etdi ki, torpağın əsl sahibi onu qurar, onu abadlaşdırar. Başqasının torpağı üzərində öz sarayını tikmək istəyənlər isə tarixin qaranlıq səhifələrində gömülərək qalacaqlar.

 

Doğma Qarabağda, əziz Şuşada hələ çox işlər görüləcək. Gələcək nəsillər tarixin bu şərəfli mərhələsini həmişə qürurla öyrənəcəklər.

 

 

 

Bədəl HÜSEYNOV,

Bakı şəhəri 221 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi