Xocalı sakini, qazi riyaziyyat müəllimi Vüqar Kərimovun döyüş yolu


Zəng çalındı. Şagirdlərin arxasınca müəllimlər sinfə daxil oldu.  Məktəbin 3 Vətən müharibəsi iştirakçısından biri, riyaziyyat və informatika müəllimi Vüqar Kərimov VI sinifdə dərsə girdi. Burada da “Öncə Vətən” deyib dərsin bir neçə dəqiqəsini Xocalı soyqırımına, Xocalı da daxil olmaqla Qarabağda bərqərar olan sülhə həsr etdi. Bu günə, bu zəfərə qəhrəman əsgər, vətənpərvər oğulların sayəsində çatdığımızı dedi: “Bilirsiniz ki, bu gün yeni tarixdə Xocalı soyqırımı, bir qətliam günüdür. Prezidentimiz bu gün Xocalıdadır və şəhidlərimizi məhz azad edilən Xocalı torpaqlarında anır. İllərdir məzarı belə olmayan insanları bu gün qürurla  yad edirik”.

 

Vətən mövzusu uzana da bilərdi, şagirdlərinin ən çox sevdiyi mövzulardandır, amma riyaziyyatı vətənin keşiyində duracaq hər oğul bilməlidir, axı. Odur ki, Vüqar müəllim “İndi isə riyaziyyat vaxtıdır!” - deyib günün mövzusuna keçdi. O, bu gün riyaziyyatda “Bərabərsizlik”dən danışacaq, tarixdə, gücdə, siyasətdə, dünyada bərabərsizliyin qurbanı olan Xocalı soyqırımı günündə!

 

O, sevməyi öyrədir

 

Dərs bitdi. Sinfin ən fəal şagirdlərindən olan İlkin Cəfərlini söhbətə tutduq, bu dərsdən nə anladığını soruşduq. Dediyinə görə, belə dərsləri çox olur. Onlar Vüqar müəllimin dərsində, sadəcə riyaziyyat öyrənmirlər: “Bilirsiniz, Vüqar müəllim Vətən müharibəsində olub. Müharibə iştirakçısı bir müəllimdən öyrəndiklərimizin çox dəyərli olduğunu düşünürəm. Müəllimimiz qəhrəmanımızdır. Ondan vətəni sevməyi də, riyaziyyatı da eyni həvəslə öyrənirik. Hər iki məfhumu bizə sevdirir. Hər dərsimizdə onun vətənimizi nə qədər çox sevdiyini görürük, ondan sevməyi də öyrənirik”.

 

Şagirdlərinin qürur dolu baxışları uzaqlaşan kimi, “Vətən müharibəsi iştirakçısı” medallı Vüqar Kərimov döyüş xatirələrini bölüşdü.

 

“Dördyol”dan başlayan döyüş yolu

 

Məlumat üçün qeyd edək ki, Vüqar Kərimov əslən Laçın rayonu Fərraş kəndindəndir. Amma 2014-cü ildən Xocalı rayon sakinidir. Ehtiyatda olan baş leytenant Xocalı şəhər 5 nömrəli tam orta məktəbin müəllimidir.  Dediyinə görə, sentyabrın 27-də əks-hücum əməliyyatları başlasa da çağrılmayıb. Nəhayət, gözlədiyi o zəng 1 həftə sonra gəlib: “Oktyabrın 1-də çağrıldım. Ayın 2-də Tərtərdə “Dördyol” adlanan yerdən döyüş yolum başladı, düz Suqovuşana qədər döyüşlərdə iştirak etdim.  Oktyabrın 11-nə qədər müdafiə xəttində bölük komandirini əvəz edirdim. Oktyabrın 13-dən tağım komandiri vəzifəsinə təyin edildim”.

 

Bu təyinatla o, hücum əməliyyatlarını idarə etməyə başlayıb. Taborunun həyata keçirdiyi 17 hücum əməliyyatından 12-13-də iştirak edən müəllim üçün döyüş həm müdafiə, həm hücumdan ibarətdir: “Tərtər çayından “Dördyol” deyilən yerə qədər ərazinin müdafiəsini təşkil, hücum əməliyyatları icra edirdik. Mən bütün əməliyyatlarda iştirak etdim”.

 

Müharibədən qalan acı xatirə aldığı yaralar yox, verdiyi itkilərdir

 

Yara  aldığı qanlı döyüşlərdən birini xatırlayır. Yarasından çox, itkisindən danışır: “Oktyabrın 15-də Suqovuşandan Ağdərə istiqamətində “530” yüksəkliyi uğrunda döyüşdə iştirak etdim. Oktyabrın 16-da günə şəhid verərək başlamışdıq. Əvvəl kombatımız şəhid oldu, sonra bölük komandirimiz Murad İbadovu itirdik. 15 şəhid verdiyimiz həmin döyüşdə mən də yaralandım. Aldığım qəlpə yarasına baxmayaraq, döyüş mövqeyini tərk etmədim, döyüşməyə davam etdim. Heç nəyə baxmayaraq, düşmən postuna daxil olduq”.

 

Bu, onun həmin savaşda aldığı tək yarası da olmadı. Ayağından da yara alan qəhrəman müəllim o yaraları qürurla daşıyır. Deyir, döyüşdən qalan acı xatirələr yaralandığı yox, silahdaşlarını şəhid verdiyi anlardır. Amma qürur keçirdiyi anlar daha çoxdur: “Döyüş ruhu çox yüksək idi. Bunu görmək insanı qürurlandırırdı. Azərbaycan əsgəri ağlasığmaz hünərlər göstərirdi. Sanki heç kimin qorxu hissi yox idi”.

 

Zəfər günü “Tülkü dərəsində” idi

 

Zabit zəfər əldə olunduğu günü, noyabrın 10-nu da xatırlayır: “Artıq Tərtərdə “Tülkü dərəsi” deyilən yerdə hücumdaydıq. Artilleriya hücumu başlamışdı. Artilleriya dayanan kimi piyada qoşunu yeriyəcəkdi. Ağır texnika susdu və piyada qoşununun hərəkəti dayandırıldı. Əvvəlcə təşvişə düşdük. Dərhal anlamadıq hücumun dayandırılma səbəbini. Sonradan öyrəndik ki, Ermənistan təslim olub və geri qalan ərazilərimizi qeyd-şərtsiz təhvil verəcək. Noyabrın 20-də Ağdam təhvil verildi və Ağdama daxil olan qoşun hissələrinin içərisində mən də vardım. Rayonun Şotlanlı kəndində mövqeləndik və mən dekabrın 31-dək həmin mövqedə xidmətimi davam etdirdim”.

 

Döyüşdə də vətənə sevgi aşıladı

 

Döyüşdə, sadəcə komandir deyil, özünü həm də müəllim kimi hiss edib: “Komandir olaraq əsgəri düşünməliyik. Müəllim olaraq da şagirdlərimizin qayğısına qalmaq vəzifəmizdir. Həm komandir, həm müəllim kimi əsgərlərə qayğı göstərməyə çalışır, onların psixoloji vəziyyətini nəzarətdə saxlayır, daim söhbətlər aparır, mütəmadi vətənpərvərlik mövzusunda danışırdım. Əsgər döyüşə gedərkən psixoloji cəhətdən möhkəm olmalıdır, kimin üzərinə, niyə getdiyini bilməlidir. Baxmayaraq ki, Qarabağ savaşında əsgərlərimizin hamısı bunu bilirdi, hər birinin Qarabağ uğrunda itkisi olmuşdu, mən yenə də onlarla hər fürsətdə bu məsələləri əhatə edən söhbətlər aparırdım. Əsgərlərimizi ruhlandırmağa çalışırdım”.

 

Qürur yeri vətənpərvər yetişdirdiyi məzunlardır

 

Xocalı 5 nömrəli tam orta məktəbin müəllimləri ilə yanaşı, məzunları da həm Vətən müharibəsində, həm də ötən il keçirilən antiterror əməliyyatları zamanı böyük qəhrəmanlıq göstərib, şəhid olublar: “Vətənpərvərlik evdən başlamalı, məktəbdə aşılanmalıdır. Şadam ki, bu prosesdə biz müəllimlər fəal iştirak etmişik, hətta bu ruhu döyüş meydanlarına qədər daşıya bilmişik. Bu ruhla illərdir işğal altında qalan torpaqlarımızı azad etdik. Məktəbimiz son antiterror əməliyyatlarında bir məzununu - Samir Məmmədovu şəhid verdi. İndi Samir və onun kimi minlərlə qəhrəman yetirməmiz qürurumuzdur!”.

 

Vətən müharibəsinin qəhrəmanları olan müəllimlərimiz, siz də bizim qürurumuzsunuz!

 

Ruhiyyə DAŞSALAHLI