Yüksək enerjili γ-şüalanma mənbəyi kəşf olunub


Çin alimlərindən ibarət qrup ilk dəfə qalaktikamızda yüksək enerjili kosmik zərrəciklərin mənbəyini kəşf edərək astrofizika sahəsində yeni bir mərhələyə keçid ediblər. Müşahidələr Çinin LHAASO (Large High-Altitude Air Shower Observatory) rəsədxanasında aparılıb.

 

Tədqiqat qrupu tərəfindən ulduz əmələgəlmə bölgəsi olan Qu X istiqamətində ən azı 100 ultra-yüksək enerjili (bir neçə PeV) qamma şüası mənbəyinin aşkar olunması bildirilib. Məsələnin aktuallığı ondan ibarətdir ki, kosmik sürətləndiricilərin mahiyyəti tam aydın deyil və bu mənbələrin kəşfi nəzəriyyənin işlənilməsi üçün açar rolunu oynayır. Super PeVatronların, yəni yüksək enerjili protonların mənbəyinin kəşfi bu məsələnin həllində mühüm addımdır. Bu kəşf kosmik sürətləndiricilərin təbiətini və qalaktikanın təkamülündəki rolunu açmağa kömək edə bilər.

 

Aşkar olunan mənbədə qeyd olunan fotonların enerjisi 1 PeV-dən ( 1015 eV) çoxdur ( maks: 2.5 PeV). Bu isə mənbənin daxilində bu enerjini yarada biləcək sürətləndirici mexanizmin olduğunu göstərir. Alimlərin fikrincə,  protonların sürətlənməsinin səbəbi Qu OB2 regionundakı O və B spektal sinifli massiv ulduzların çoxluğudur. Onların qamma dipazondakı şüalanmalarının intensivliyi və ulduz küləklərinin yaratdığı zərbə dalğaları protonların belə yüksək enerjilərədək sürətlənməsinə səbəb olur.

 

Enerjisi 1 PeV-dən aşağı olan kosmik şüaların mənşəyinin qalaktikanın daxili bölgələrindən gəldiyi güman olunur. Enerjisi 10 PeV-dən yuxarı olan şüaların isə mənşəyi hələ də naməlumdur. Bu suallara cavab tapmaq üçün tədqiqat işləri davam etdirilir, digər ulduzəmələgəlmə bölgələri araşdırılır.

 

Qeyd edək ki, sözügedən tədqiqat işinin nəticələri “Science Bulletin” jurnalında çap olunub.

 

Şamaxı Astrofizika Rəsədxanası