Estoniyanın Tartu Rəsədxanasının astronomu, massiv ulduzların tədqiqi sahəsində tanınmış mütəxəssis, Dr. Anna Aret Avropa Birliyinin HORIZON 2020 qrant layihəsi çərçivəsində 1 ay müddətində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi ezamiyyətdə olub.

 

Səfər çərçivəsində Dr. Anna Aret ŞAR-ın 2-m və 60 sm teleskopları, alınmış spektrlərin və fotometrik təsvirlərin işlənmə metodikası ilə tanış olub. Gələcəkdə bu istiqamətdə tədqiqatların Tartu Rəsədxanasının əməkdaşları ilə birgə aparılması barədə razılıq əldə edilib. Tartu Rəsədxanası əməkdaşlarının köməyi ilə ŞAR-da verilənlər bazası (Database) yaradılması barədə qərar qəbul edilib ki, bu da öz növbəsində ŞAR-ın dünyanın qabaqcıl rəsədxanaları ilə əməkdaşlıq imkanlarını artıracaq.

 

Ezamiyyət müddətində Dr. Anna Aret  ŞAR-ın elmi seminarında da çıxış edib,  Tartu Rəsədxanasında aparılan astronomik tədqiqatlar, onların müşahidələr zamanı istifadə etdikləri teleskoplar və köməkçi qurğular barədə geniş məlumat verib.

 

Qeyd edək ki, son illər ŞAR-ın Tartu Rəsədxanası ilə əməkdaşlığı genişlənir. İndiyə kimi ŞAR-ın 6 əməkdaşı Tartu Rəsədxanasında uzunmüddətli ezamiyyətdə olub və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.