Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub.

 

Turnirdə 5 qrup üzrə 19 komanda mübarizə aparıb.  Turnirin PLAY-OFF mərhələsi 4 mart  2024-cü il tarixində Azərbaycan Texniki Universitetində baş tutub. PLAY-OFF mərhələsində Lənkəran Dövlət Universitetinin (LDU) futzal komandasının ilk qarşılaşması Ağdam Sosial-İqtisadi Kolleci ilə  olub və LDU futbolçuları  5:3 hesabı ilə qalib gəliblər. İkinci oyunda Mingəçevir Turizm Kollecinə  2:3 hesabı ilə məğlub olan komanda nəticədə 3-cü yer uğrunda mübarizə aparmalı olub.

 

5 mart tarixində Bakı Neft və Energetika Kollecinin komandası ilə üçüncu yer uğrunda mübarizə aparan LDU komandası 5:3 hesabı ilə qələbə qazanaraq Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal üzrə turnirdə üçüncü yerə sahib olub,  turnirin ən yaxşı qapıcısı kuboku, medal və pul mükafatı ilə (1500 AZN) təltif edilib.

 

Bu barədə LDU-dan bildirilib.