Lənkəran Peşə Liseyinin 3 tələbəsi "Qızıl Şah" kulinariya çempionatında iştirak edəcək.

 

Bu barədə “Azərbaycan müəllimi” qəzetinə liseyin direktoru Afər Kərimov deyib: “Bilirsiniz ki, bu çempionat peşəkar aşpazlar arasında olduğu kimi, gənclər arasında da keçirilir. Bu il ilk dəfə həmin gənclər arasında bizim tələbələrimiz də olacaq. 2 mərhələdə seçim turlarında 3 tələbəmiz qalib olub”.

 

A.Kərimov tələbələrinin çempionatda uğur qazanacağına inanır: “Daxili yarışmalarımız oldu və tələbələrimiz həmin yarışlarda da qətiyyətlə mübarizə apardılar. Yarışlar əməkdaşlıq etdiyimiz “Lankaran Springs Wellness Resort”un təşkilati dəstəyi ilə keçirildi və hər bir tələbəmiz öz bacarığı ilə ölkə səviyyəli bu yarışda iştirak etmək hüququ qazandı”.

 

A.Kərimovun sözlərinə görə, Lənkəran Peşə Liseyində aşpazlıq ixtisasında təhsil alan tələbələr tədris ili ərzində istehsalat təlim və təcrübələrini “Lankaran Spring Wellness Resort”un təcrübəli mütəxəssislərinin rəhbərliyi ilə keçirlər.

 

“Ölkə səviyyəli yarışa tələbələrimiz ilk dəfə çıxacaq. Burada xarici mütəxəssislər də iştirak edir. Odur ki, həyəcanlı və qürurluyuq. Tələbələrimizin bu yarışda fərqlənəcəklərinə çox inanırıq”-deyə direktor vurğulayıb.

 

Ruhiyyə