Tədbir ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunub


Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığında “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransı açaraq bildirib ki, Heydər Əliyev müasir dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Azərbaycan aliminə və elminə yüksək qayğı göstərən Heydər Əliyev bu sahədəki fəaliyyətini də ardıcıl və sistemli şəkildə həyata keçirib, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilib, Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilib. Rektor bu dahi şəxsiyyətin ömür yolunun və fəaliyyətinin öyrənilməsinin zəruriliyindən danışıb.

 

Magistratura üzrə dekan, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov “Müstəqil Azərbaycanın memarı” adlı məruzəsində Azərbaycan tarixi inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətləri olduğunu deyib.

 

 “Dövlət hüququ” ixtisası üzrə I kurs magistrant Əziz Qasımov “Heydər Əliyev və Azərbaycanda hüquqi islahatlar”, “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” ixtisası üzrə I kurs magistrant Toğrul Məmmədov “Ümummilli liderin azərbaycançılıq məfkurəsi”, “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası üzrə I kurs magistrant Xatın Ağayeva “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda məruzələr ediblər.

 

Konfransa universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev yekun vurub.