İnnovasiya ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirən BMU bu sahənin inkişafına xüsusi əhəmiyyət verir.

2017-ci ilin oktyabr ayında Stenford və Berkli universitetlərinin mütəxəssisləri ilə birgə keçirilən “İnnovasiya ekosisteminin qurulması” adlı 3 günlük seminarından sonra, BMU mövzu ilə bağlı müxtəlif addımlar atmaqda davam edir. Elm və təhsil müəssisələri, o cümlədən burada fəaliyyət göstərən professor-müəllim heyətinin ekosistemdə rolunun artırılması mühüm amillərdəndir. Bunu nəzərə alaraq BMU-da müxtəlif tədbir və görüşlər  keçirilir. Bu cür tədbirlərdən biri də “Ali təhsilin innovasiyalarda rolu” mövzusunda seminar oldu.

Seminarda universitetin rəhbərliyi, professor-müəllim heyəti və struktur bölmə rəhbərləri iştirak etdi. BMU Texnoparkının müdir müavini, dosent İsa Qasımovun təqdimatında keçirilən seminarda innovasiya ekosisteminin qurulması prosesində tərəflərin (təhsil, tədqiqat, bazar) əməkdaşlığı, eləcə də bu aspektdə baş verən mübadilə proqramları nəticəsində ali təhsil innovasiya ekosisteminin aktual məsələləri təqdim və müzakirə olundu. Seminarda universitetin prorektorları və professor-müəllim heyəti maraqlı rəylərlə çıxış etdilər və ekosistemin inkişafı ilə bağlı fəaliyyətlərin əhəmiyyətini vurğuladılar.

Xatırladaq ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 30 noyabr 2017-ci ildə beynəlxalq ekspertlərin iştirakı ilə “Ali təhsilin innovasiyalarda rolu” təlimində universitet əməkdaşları üçün tədris və elmi fəaliyyətində innovasiyaların tətbiqi ilə əlaqəli bir çox faydalı göstəriş və təkliflər irəli sürülmüşdür. Tədbirdə BMU-nu təmsil edən elmi işlər üzrə prorektor Elçin Süleymanov, Texnoparkın müdiri Samir Məmmədov və müdir müavini İsa Qasımov eyniadlı seminarın universitetdə keçirilməsi təşəbbüsü ilə çıxış etmişlər.