Heç nəyin və heç kimin unudulmadığı bu dünyada
hər kəs İlahi tərəfindən ona bəxş edilmiş
özünəməxsus bir ömür yolu keçir.
Belə nəsillərə örnək insanlardan biri, bu
yaxınlarda 100 illik yubileyi qeyd ediləcək,
dövrünün görkəmli pedaqoqu kimi böyük hörmət və
nüfuz qazanmış Möhsün Axundov haqqında söz açmaq
niyyətindəyik.
Axundov Möhsün Həmid oğlu 1910-cu ildə Tovuz
rayonunun Qovlar qəsəbəsində, axund ailəsində
anadan olub. Möhsünün atası Həmid Axundlu Qahirə
İslam Universitetini bitirmişdi. O, islam
fəlsəfəsi üzrə mükəmməl təhsil almış alim kimi
zamanına görə böyük nüfuz sahibi idi. Həmid
Axundlu digər oğlanları ilə birgə Möhsünü də əsl
ziyalı və gözəl insan kimi böyütmüşdü. O,
dünyaya göz açandan evlərində yazı-pozu,
kitab-dəftər görmüş, fəlsəfi söhbətlər eşitmiş,
dünya sirlərini öyrənməyə onda maraq yaranmışdı.
Zamanına görə mükəmməl təhsil sistemlərindən
hesab olunan, dini və dünyəvi bilikləri üzvi
surətdə birləşdirən, xalq məktəbini əla
qiymətlərlə başa vuran Möhsünü Sovet
hakimiyyətinin ilk illərində savadlı adamlara
ehtiyac olduğuna görə 1928-ci ildə Tovuza
müəllim göndərirlər.
Bozalqanlıda müəllim kimi ilk əmək fəaliyyətinə
başlayan Möhsün Axundov sonralar Tovuz 7 illik,
Böyük Qışlaq, Aşağı Quşçu kənd məktəblərində də
işləyir. Həmin məktəblərdə bacarıqlı direktor və
savadlı müəllim kimi ad çıxarır, gənc olmağına
baxmayaraq, qabiliyyət və davranışı ilə əhalinin
dərin hörmətini qazanır. Həmin illərdə məktəbdə
dərs deməklə yanaşı, rayon maarif şöbəsində
inspektor vəzifəsində də çalışmışdır. Bunlarla
yanaşı, Möhsün o zaman fəaliyyət göstərən
İkiillik Müəllimlər İnstitutunu bitirmiş,
coğrafiya müəllimi ixtisasına yiyələnmişdir.
1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun qiyabi şöbəsini bitirən Möhsün
Axundov 1941-ci ildən 1961-ci ilə kimi
A.S.Puşkin adına Tovuz şəhər orta məktəbinin
inkişafında və şöhrət tapmasında əvəzsiz xidmət
göstərmişdir. O, Tovuz Rayon Xalq Maarifi
Şöbəsində pedaqoji kabinet müdiri işləməklə
yanaşı, 7 il həmin məktəbdə coğrafiyadan dərs
demiş, 1948-1950-ci illər isə bu təhsil ocağında
tədris hissə müdiri vəzifəsində çalışmışdır.
Onun başlıca insani keyfiyyəti məsuliyyəti
dərindən dərk etməsi, hər işə cidd-cəhdlə
yanaşması idi. Dostluqda sədaqətli, incə və
həssas olan Möhsün müəllim rayon gənclərinin də
sevimlisi idi.
Möhsün müəllimin əməyi sağlığında yüksək
qiymətləndirilmiş, hökumət və dövlət
mükafatlarına layiq görülmüş, fəxri fərmanlar
almış, "Qabaqcıl maarif xadimi", "Xalq maarifi
əlaçısı" döş nişanları ilə təltif edilmiş,
respublika müəllimlərinin bir neçə
qurultaylarına nümayəndə seçilmişdir. Vətənə
layiq övladların yetişdirilib tərbiyə
olunmasında xidmətlərinə görə Möhsün Axundova "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri adı
verilmişdir.
30-cu illərin repressiya maşını bu ailədən də
yan keçmədi. Həmid başda olmaqla Axundlu
nəslinin say-seçmə oğulları, tanınmış ziyalıları
Qazaxıstan çöllərinə sürgün edildi. Nəslin digər
üzvlərini təqiblərdən xilas etmək, ailə
ənənəsini davam etdirib insanlara arxa durmaq,
elin sözünü demək və gəncləri mənən sınmaqdan
qorumaq Möhsün Həmid oğlunun üzərinə düşür.
Möhsün Axundov təkcə öz nəslinin və Qovların
deyil, dərs dediyi kəndlərin əhalisinin də
güvənc yeri, insanların məsləhət aldığı etibarlı
şəxslərdən idi. Nüfuzlu bir şəxs kimi el-oba,
ictimaiyyət arasında ən müşkül məsələlər onun
timsalında tezliklə həllini tapardı. Onun
müəllim dostları Cahangir Musayev, Rəhim Muradov
və başqaları ilə dostluqları nəsildən-nəslə
keçib və bu gün də davam etməkdədir.
Bir ömürdə sanki bir neçə ömür yaşayan, haqsız
yerə repressiyalara məruz qalmış atasının,
əmilərinin bəraət almaları üçün böyük əsəbi
gərginliklər keçirən Möhsün müəllimin səhhətinə
balta çalınırdı. Yeganə təsəllisi ailəsində
böyüyən 3 oğlan və 4 qız övladının olması idi.
Möhsün müəllim inanırdı ki, əməllərini övladları
layiqincə davam etdirəcəklər. Övladlarının
hamısı ali təhsil alıb layiqli ziyalı kimi
yetişiblər.
Ölümündən uzun illər keçməsinə baxmayaraq, bu
gün də işlədiyi məktəbdə, rayon ziyalıları
arasında Möhsün Həmid oğlu Axundovun yeri
görünür, qədirbilənlər tərəfindən hörmət və
ehtiramla yad edilir.
Malik NOVRUZOV |