Şərqin
qədim mədəniyyəti bəşəriyyətə, sözün əsl
mənasında, bir sıra əvəzsiz töhfələr bəxş edib.
Belə töhfələrdən biri də milyonların sevimli
oyunu şahmatdır. Düşünmə və təhliletmə
qabiliyyətini artıran, möhkəm iradə tərbiyə edən
"ağlın gimnastikası" ilə çoxları maraqlanmış,
onun hikmətlərinə bələd olmağa çalışmışdır.
Dünyanın əksər ölkələri kimi, Azərbaycanda da
şahmata həmişə güclü maraq olmuşdur. Bu idman
növü zəngin tarixi ənənələri ilə xalqımızın
mədəniyyətində özünəməxsus yer tutur.
Uşaqların bu qədim oyuna maraq göstərməsində və
onun sirlərinə dərindən yiyələnməsində ölkəmizdə
fəaliyyət göstərən şahmat məktəblərinin böyük
rolu var. Təsadüfi deyil ki, Azərbaycanın 22
nəfər beynəlxalq qrossmeysterindən 15-i, 14
nəfər beynəlxalq idman ustasından 7-si,
beynəlxalq reytinqə malik olan və dünya reytinq
cədvəlinə daxil olan 100 azərbaycanlı
şahmatçıdan 79-u məhz şahmat məktəblərinin
yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları
üzrə oğlan və qızlar arasında keçirilən
respublika birinciliklərinin qaliblərinin,
Avropa, eləcə də dünya çempionatlarına vəsiqə
qazanan şahmatçıların 70 faizdən çoxu bu
məktəblərin idmançılarıdır.
Gənc şahmatçılarımız növbəti beynəlxalq yarışda
da yüksək göstəricilər əldə edərək ilin ilk
böyük uğurunu qazanıb. Yunanıstanın Saloniki
şəhərində 4-12 aprel tarixlərində keçirilən
məktəblilərin şahmat üzrə V Avropa
çempionatında ümumilikdə 24 ölkədən 227 şahmatçı
iştirak edirdi. Əksəriyyəti kiçikyaşlı məktəbli
olmasına baxmayaraq, onlardan 104 nəfəri
beynəlxalq reytinqə malik şahmatçı idi.
Azərbaycanı bu yarışda respublikanın müxtəlif
bölgələrində fəaliyyət göstərən uşaq-gənclər
şahmat məktəblərinin 16 yetirməsi təmsil edirdi.
Azərbaycan şahmatçılarının artıq beşinci dəfə
iştirak etdiyi bu yarışın favoritləri, əvvəlki
illərdə olduğu kimi, Rusiya, Türkiyə, Hindistan,
Ukrayna, Gürcüstan və Macarıstan idmançıları
idi. Mükafata layiq yerlər uğrunda mübarizə də
məhz bu ölkələr arasında oldu. Azərbaycan
komandası oğlanlar 8-9, 10-11, 12-13, 14-15 yaş
qruplarında, qızlar isə 12-13 və 16-17 yaş
qruplarında mübarizə aparırdı. Şahmatçılarımızın
elə ilk turlarda Türkiyə, Yunanıstan və
Gürcüstan məktəblilərinə qalib gəlmələri bu
yarışda hansı ölkənin daha güclü olduğunu aşkara
çıxardı.
Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin
yetirmələri Nərmin Xələfova 16-17 yaş qrupu üzrə
qızlar arasında, Aqil Piriverdiyev 14-15 və
Vüqar Əsədli 8-9 yaş qrupları üzrə oğlanlar
arasında I yeri tutdular. Ucar rayon
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xatın
Bağırova 12-13 və Bakı şəhər 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi
Nərmin Kazımova 16-17 yaş qrupları üzrə qızlar
arasında II yerə layiq görüldülər. Gəncə şəhəri
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi
Ülviyyə Fətəliyeva 14-15 yaş qrupu üzrə qızlar
arasında və Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirməsi Cavidan Babazadə 12-13 yaş
qrupu üzrə oğlanlar arasında III yerin sahibi
oldular.
Yarışlarda I yeri tutan şahmatçılar bu ilin iyul
ayında Türkiyənin Kayseri şəhərində keçiriləcək
məktəblilərin dünya çempionatına vəsiqə
qazandılar.
Məktəblilər arasında şahmat üzrə V Avropa
çempionatı şəxsi xarakter daşımasına baxmayaraq,
hər ölkədən 5 şahmatçının göstəricilərinə əsasən
komandalar arasında da nəticələr müəyyən edildi.
Azərbaycan komandası 3 qızıl, 2 gümüş və 2
bürünc medal qazanaraq 24 ölkə arasında birinci
yeri tutdu. Sonrakı iki yerə Türkiyə və Rusiya
komandaları layiq görüldülər.
Məlumdur ki, iki aydan bir yeniləşən dünya
reytinq cədvəlində Azərbaycan daim birinci
onluqda olur. Yunanıstanın Saloniki şəhərində
keçirilən çempionatda iştirak etmiş 16
həmyerlimizdən 7-si Vətənə medalla qayıtdı və
məktəbli şahmatçılarımız sübut etdilər ki, uşaq
və yeniyetmələr arasında da Azərbaycan şahmatı
lider mövqedədir.
Hicran ƏKBƏROVA |