Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, Almaniyanın
Humboldt-Berlin Universitetində Azərbaycan
tarixi kafedrası fəaliyyətə başlamışdır.
Azərbaycanın Almaniyadakı səfirliyindən daxil
olan məlumata görə, kafedranın açılmasına dair
razılaşma keçən ilin dekabrında Humboldt-Berlin
Universitetinin sabiq rektoru, professor Xristof
Markşies və Azərbaycanın bu ölkədəki səfiri
Pərviz Şahbazov arasında imzalanmışdır.
Kafedranın açılmasının əsas məqsədi Azərbaycan
tarixinin tədqiqi, tədrisi, ölkəmizin tarixinə
dair araşdırma və digər məsələlərdə Azərbaycanın
müvafiq elmi qurumları ilə əməkdaşlıq, birgə
elmi-tədqiqat işləri, elmi tədbirlərin
keçirilməsi, o cümlədən diplom işlərinə və
dissertasiyalara elmi rəhbərlik, qarşılıqlı
tələbə, elmi işçi və müəllimlərin mübadiləsi,
elmi nəşrlərin həyata keçirilməsi, Azərbaycan
tarixinə dair kitabxananın yaradılması və
sairdir.
Azərbaycan dövləti Humboldt-Berlin Universiteti
ilə əməkdaşlıq çərçivəsində noyabrın 29-dan
dekabrın 2-nə kimi sözügedən universitetdə
"Azərbaycanın Elm və Mədəniyyət həftəsi"
keçirməyi planlaşdırır.
Tədbirlər proqramına Azərbaycanla bağlı elmi
araşdırmalar aparan məşhur avropalı alimlərin
iştirakı ilə elmi konfransın, gənclər forumunun,
çoxsaylı mədəni tədbirlərin, konsertlərin və
sərgilərin keçirilməsi daxildir.
Kafedranın rəhbəri Azərbaycan üzrə mütəxəssis,
ölkəmizin elmi mühitinə yaxşı bələd olan və
elm-təhsil müəssisələri ilə sıx əməkdaşlıq edən
professor Eva-Mariya Auxdur. |