Pol Romer COVID -19 üçün 1 milyard funt-sterlinq həcmində mükafat ayrılmasını təklif edir


Nobel mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadiyyat professoru  Pol Romer hesab edir ki, pandemiya ilə mübarizə çərçivəsində yeni kütləvi test üsullarının işlənib hazırlanması üçün maliyyə stimulları hazırlanmalıdır. Onun fikrincə,  bu, tədqiqatların mərkəzləşdirilmiş koordinasiyasından daha səmərəli olardı.  

 

Pol Romerin sözlərinə görə, universitetlər koronavirus tədqiqatları sahəsində əməkdaşlığa  təşviq edilməlidir. Bu məqsədlə alim gün ərzində 10 milyon test yaradan və tətbiq etməyə imkan verən tədqiqatlar üçün 1 milyard funt-sterlinq həcmində (1,25 milyard ABŞ dolları) mükafatın təsis olunmasını təklif edib.

 

2018-ci ildə digər iqtisadçı alim  Uilyam Nordxausla birlikdə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülən P.Romer "Times Higher Education"-a bildirib ki, ABŞ-da və bir çox digər ölkələrdə testin olmaması qismən test aparmaq və ya daha effektiv müayinə üsullarına sərmayə qoymaq üçün kifayət qədər maliyyə stimullarının çatışmazlığı ilə izah olunur.

 

Dünya Bankının keçmiş baş iqtisadçısı, bazar şərtlərinin yeni innovasiyalara təsiri üzrə tədqiqatları ilə tanınan professor P.Romer hesab edir ki,  1 milyard funt-sterlinq həcmində mükafat  universitetləri test bazarının bu uğursuzluğunun öhdəsindən necə gələ biləcəyinə bir daha baxmağa sövq edəcək:"İndi biz universitet laboratoriyalarında aparılan işləri gücləndirməli və onu gün ərzində milyonlarla test istehsal edə biləcək istehsal sisteminə çevirməliyik".

 

Alimin ehtimalına görə,  bu, sənaye ilə əməkdaşlıq şəraitində olacaq, lakin  koronavirus üzərində kütləvi test aparmağa imkan verəcək yeni testlərin hazırlanması üçün universitetlər əsas əhəmiyyət kəsb edəcək.   "Hesab edirəm ki, tamamilə fərqli bir test növü lazımdır, amma əgər tüpürcək testini kimin edə biləcəyini düşünsəniz, bunun məhz universitetlər olduğunu görərsiniz. Universitetlər sənayedə  müəyyən növ ehtiyatların bitdiyi zaman yeni reaktivlərin yaradılması kimi yeniliklər etmək qabiliyyətinə malikdirlər", - deyə o əlavə edib. Professor Romer hesab edir ki, universitetə və ya kütləvi test yaratmış tədqiqat qrupuna 1 milyard funt-sterlinq məbləğində mükafat təklif etmək beynəlxalq səviyyədə tədqiqatları əlaqələndirmək cəhdindən daha səmərəli olacaq.


"Mən narahatlıq hissi ilə problemlərin həlli üçün işə başlayan bir çox tədqiqatçıların çoxsaylı cəhdlərinin şahidi oldum. Onlar bu sualı verirdilər: "Nəyə nail olmağa çalışırıq?".  Lakin insanları problemin həllinə maliyyə cəhətdən həvəsləndirmək daha səmərəlidir", - deyən professor düşünür ki,  bu mükafat əczaçılıq firmalarının, logistika üzrə ekspertlərin və özəl sektorun digər oyunçularının kütləvi sınağın keçirilməsində zəruri iştirakına gətirib çıxara bilər.

 

Nobel laureatı xatırladır ki, "Netflix" şirkəti  müəyyən bir hesablama problemini həll etmək üçün 1 milyon dollar mükafat təqdim edərkən, bu, müxtəlif insanların və qrupların əlbir işləməsinə gətirib çıxardı.

 

Romerin sözlərinə görə, 1 milyard dollarlıq mükafat, hazırda davam edən pandemiyanın yaratdığı misli görünməmiş maliyyə zərəri  nəzərə alınsa, sözsüz ki,  əhəmiyyətsiz rəqəmdir:”ABŞ hökuməti bu böhrana trilyon dollar xərcləyir,  1 milyard dollar və ya 1 milyard funt-sterlinq, bu kontekstdə kifayət qədər kiçik məbləğdir".

 

www.timeshighereducation.com/news/nobelist-calls-ps1-billion-covid-19-research-prize

 

Oruc MUSTAFAYEV