Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Erasmus+” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alan BANM tələbələri ilə onlayn görüş keçirib.

 

Görüşdə ali məktəbin Bolqarıstanın Angel Kançev adına Ruse, Yunanıstanın Qərbi Attika və İspaniyanın Alkala universitetlərində təhsil alan tələbələri, həmçinin “Erasmus +” və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Nərgiz Tarıverdiyeva, mütəxəssisi Cəmilə Əskərova iştirak ediblər.

 

Rektor E.Qasımov bütün dünyada, eləcə də Avropada hazırkı çətin vəziyyətə baxmayaraq, təhsillərini əzmlə davam etdirən tələbələri təbrik edib. O, tədris müddətinin bir qismini geridə qoyan tələbələrin iyun ayında təhsillərini uğurla başa vuracaqlarına əminliyini ifadə edib. Rektor ümumilikdə 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin “Erasmus +” mübadilə proqramı çərçivəsində təhsillərini Avropada davam etdirdiyini bildirib.

 

E.Qasımov bildirib ki, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, sağlamlıq və təhlükəsizliyə nəzarətin gücləndirilməsi, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə BANM-in “Erasmus +” və Beynəlxalq Proqramlar Ofisi tərəfindən tələbələrin təhsil aldıqları universitetlərlə sıx əlaqələr qurulur. Mütəmadi olaraq tələbələrin ehtiyacları və müvəqqəti yerləşdiyi ölkənin vəziyyəti ilə bağlı məlumatlar əldə edilərək təhlil olunur. Bütün bunlara baxmayaraq, rektor tələbələrə şəxsi gigiyena, həmçinin yaşadıqları ölkədə tətbiq edilən karantin qaydalarına riayət etməyi və qidalanmalarına diqqət yetirməyi tövsiyə edib.

 

Tələbələr məskunlaşdıqları ölkədəki karantin rejiminin qaydalarına ciddi əməl etdiklərini, universitetlərin onlayn dərslərində fəal iştirak etdiklərini, dərslərə və imtahanlara səylə çalışdıqlarını bildiriblər.