Azərbaycanın və Rusiyanın aparıcı ekspertləri əməkdaşlığın yeni istiqamətləırini müzakirə ediblər


Mayın 21-də Azərbaycan Dillər Universitetində (ADU) "Rusiya-Azərbaycan əməkdaşlığının yeni istiqamətləri: gənclər üçün perspektivlər və regional əməkdaşlıq" adlı növbəti beynəlxalq elmi-praktik  konfrans keçirilib. Tədbir ADU-nun, Bakıdakı  "Şimal-Cənub" Siyasi Mərkəzinin nümayəndəliyinin və Rusiya-Azərbaycan Gənclər Təşəbbüsü "Mətbuat Klubu" birliyinin  təşkilatçılığı ilə baş tutub. 

 

“Dəyirmi masa”nın işində  Rusiyanın və Azərbaycanın aparıcı ekspertləri-Elmi Araşdırmaların Dəstəklənməsi Fondunun  Ekspert Şurasının sədri Qrigoriy Trofimçuk, "Caspian-Euraziya" Mərkəzinin rəhbəri Andrey Sızranov, politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov, “Sputnik” Azərbaycan Mətbuat Mərkəzinin rəhbəri İlqar Vəlizadə, Baku Network Ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadə, Rusiya-Azərbaycan Gənclik Təşəbbüsünün koordinatoru Şişkina Yekaterina, siyasi  elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, UNEC-in “Rus dili” kafedrasının müdiri, dosent Gülnarə Rzayeva, müəllimlər Suad Babayev, Lalə Məmmədova, ADU-nin professor - müəllim heyəti iştirak ediblər.

ADU-nun “Rusiyaşünaslıq” Elmi Tədqiqat Laboratoriyasının (ETL) rəhbəri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev ADU rektoru, akademik Kamal Abdulla adından konfrans iştirakçılarını salamlayaraq onun işinin səmərəli və uğurlu olacağına inandığını deyib. 

 

Elmi Araşdırmaların Dəstəklənməsi Fondunun  Ekspert Şurasının sədri Qrigoriy Trofimçuk öz  çıxışında bu cür tədbirlərin vacibliyini qeyd edib və ADU Rusiyaşünaslıq ETL-nın fəaliyyətini Rusiya sosial-mədəni, siyasi həyatının,  hüquq sisteminin öyrənilməsi baxımından müsbət qiymətləndirib.

 

Konfransda universitetlər, gənclər təşkilatları və iki ölkənin ekspert mərkəzləri arasında humanitar əməkdaşlığın gücləndirilməsinin aktual məsələləri, xüsusilə iki ölkənin elm, təhsil və sosial-humanitar sahələrdə əməkdaşlığı, həmçinin Azərbaycan və Rusiyanın aparıcı universitetləri arasında tələbə mübadiləsinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Dəyirmi masanın sonunda, Qrigory Trofimçuk "Xəzəryanı region dəyişən geosiyasi vəziyyətin təhlükəsizliyi fonunda" adlı treninq  keçib, konfrans iştirakçılarına sertifikatlar verilib.