Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İsveçrənin texnologiya sahəsinin aparıcı liderlərindən biri  ABB şirkətinin Bakı ofisində işə qəbul olublar.

 

Ali məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Pərvin Quliyeva və Hüseyn Nəcəfov  diplom almadan bu ilin yanvar ayında şirkətin elan etdiyi müsabiqədə iştirak ediblər. Hər iki tələbə  ilk  və  müsahibə mərhələlərini uğurla keçərək şirkətdən iş təklifi alıblar. 

 

Təklifi dəyərləndirən gənclər şirkətdə bir neçə aylıq nəzərdə tutulmuş təlimlərdə iştirak edib, bu müddət ərzində şirkətin iş prinsipləri ilə tanış olublar. 

 

Təlimləri uğurla başa vurmuş BANM tələbələrinin fəaliyyəti qiymətləndirilib və şirkətin rəhbərliyi uğurlu fəaliyyətlərinə görə tələbələri işə qəbul edib.

 

Hazırda Pərvin Quliyeva və Hüseyn Nəcəfov şirkətin Bakı ofisində İdarəetmə və təhlükəsizlik sistemləri üzrə layihə mühəndisi vəzifələrində çalışırlar.

 

Qeyd edək ki, İsveçrənin Azərbaycanda fəaliyyət göstərən ABB şirkəti əsasən energetika sahəsində məhsulların istehsalı üzrə ixtisaslaşıb. 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti əsasən transformator və müxtəlif çeşidli elektrik avadanlıqları istehsal edir. Şirkətin  dünyanın 100-dən çox ölkəsində nümayəndəliyi var və mühəndis həlləri kompaniyası kimi də fəaliyyət göstərir.