Bakıdakı 251 nömrəli tam orta məktəbdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nizami  Rayon  İcra  Hakimiyyətinin şöbə müdiri  Əli Axundov,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  əməkdaşı Roza  Rüstəmova, 70, 220, 250, 277 nömrəli tam orta məktəblərin  direktorları iştirak edib.

 

Dövlət himni ilə başlanan tədbiri  məktəbin  direktoru  Aygün Əzizova açaraq ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu bildirib və bu sənədə əsasən məktəbdə silsilə tədbirlərin- şeir müsabiqəsi, rəsm və kitab sərgiləri, viktorinalar, bilik yarışmaları, inşa yazı müsabiqələrinin  və s. keçirildiyini və bugünkü tədbirin də  onların  yekunu  olaraq təşkil edildiyini   qeyd edib.  Bildirib ki,  AXC  müsəlman Şərqində ilk parlamentli  respublika olaraq  xalqımızın qədim dövlətçilik ənənələrini yaşadıb, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olub. 100 il  əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti  xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət  öz müstəqil dövlətinə sahib olmuşdu.  Qeyd edib ki,  Azərbaycan Xalq Cümhuriyyətinin parlaq  ideyaları  bu gün də yaşamaqdadır.  Direktor  Müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə inkişaf etdiyini  diqqətə çatdırıb.

 

Sonra söz məktəbin şagirdlərinə verilib. 3-cü “a”  sinfinin şagirdlərinin ifasında bayraq, Vətən haqqında şeirlər, mahnılar səslənib, milli rəqslərimiz nümayiş olunub. Yuxarı  sinif şagirdlərinin ifasında isə Cəlil Məmmədquluzadənin “Kamança” pyesindən bir parça təqdim olunub. Tamaşa tədbir  iştirakçılarında  xoş ovqat yaradıb. Tədbirdə AXC-nin yaranması, fəaliyyəti, süqutu, ölkəmizin müstəqillik  qazanması, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin siyasəti nəticəsində regionun lider dövlətinə çevrilməsi, inkişafı barədə videoçarxlar, şlaydlar nümayiş olunub. Şagirdlərdən  Cəmilə Muradova (xanəndə), Bəhram  Şirəliyev (kamança), Kamal Məmmədov (tar) “Heyratı” muğamı ilə tədbiri daha da rövnəqləndirib.

 

Çıxış edən qonaqlar  məktəb rəhbərliyinə bu möhtəşəm tədbiri keçirdiyinə görə   təşəkkürlərini ifadə edərək bildiriblər ki, Azərbaycanın gələcək qurucuları bu gün başlanan işlərin sabahkı davamçılarıdır. Təhsil ocaqlarında belə tədbirlərin keçirilməsinin şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyi  vurğulanıb.

 

Sonda direktor  Aygün Əzizova  tədbirlərin təşkilində fəallıqlarına görə  müəllimlər Gülnarə Bədəlovaya, Afət  Zamanovaya sertifikatlar,  YAP-ın sıralarına yeni qəbul olunmuş 10 nəfər müəllimə isə partiyanın  üzvlük vəsiqələrini təqdim edib.

 

Sifai SƏFƏROVA