Onlayn təhsil alanlar ölkəni tərk etməlidir


Amerika Birləşmiş Ştatları yeni tədris ilindən koronavirus pandemiyası fonunda universitetlərdə dərslərin onlayn formata keçirilməsi təqdirdə xarici tələbələrin ölkədən çıxmasını tələb edib. Bu barədə İmmiqrasiya və gömrük polisinin mətbuat xidməti məlumat yayıb.

 

Yeni qaydalar ölkəyə M-1 və F-1 tipli vizalarla gəlmiş tələbələrə şamil olunacaq. Bu vizalardan bir milyondan artıq tələbə istifadə edə bilər. Miqrasiya Siyasəti İnstitutunun məlumatına görə, 2018-ci ildə ölkədə belə vizalara malik olan,  təxminən 1,2 milyon tələbə var idi. Onlar ölkə daxilində 8700-dən çox ali təhsil müəssisəsində təhsil alıblar.

 

Əgər ali məktəb distant təhsilə keçərsə, tələbələrə yeni giriş sənədləri uzadıla bilməz. Ölkədə qanuni qalmaq üçün tələbələrə  dərsləri qismən əyani aparan universitetlərə keçmək  təklif edilib. Ancaq koronavirus təhlükəsi hələ sovuşmayıb və payızda epidemioloji vəziyyət pisləşə bilər. Belə olan halda tələbələrlə hələ əyani  formada işləyən bir çox ali təhsil müəssisələri də  bu cür dərslərdən imtina edə bilərlər.

 

"Əgər tələbələr hakimiyyətin tələblərini yerinə yetirməsələr, deportasiya ilə üzləşəcəklər" , - deyə İmmiqrasiya və gömrük polisi xəbərdarlıq edib.

 

CNN-nin qeyd etdiyi kimi, bu qərar minlərlə tələbəyə təsir göstərə bilər. Onların arasında Harvard tələbələri də var, çünki koronavirusun yayılması fonunda universitet tamamilə distant təhsilə keçib. Təhsil üzrə Amerika Şurasında İmmiqrasiya və gömrük polisinin ideyasını tənqid ediblər.  Şura prezidentinin müavini Brad Farnsvortun sözlərinə görə, yenilik qarışıqlığa gətirib çıxaracaq. O qeyd edib ki, bəzi tələbələr, sadəcə, ABŞ-ı tərk edə bilməyəcək və pandemiya dövründə bir sıra ölkələr öz sərhədlərini bağladıqları üçün çıxılmaz vəziyyətə düşəcəklər.

 

academia.interfax.ru/ru/news/articles/4925
 

Oruc MUSTAFAYEV