Yeni yaradılan Azərbaycan Təhsil Jurnalistləri Birliyinin (TJB) təşkilatçılığı ilə “Pandemiya dövründə təhsil” mövzusunda onlayn konfrans keçirilib.

 

Konfransa Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov,  katibi İlqar Oruclu, millət vəkili, təhsil eksperti Etibar Əliyev və nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov da qatılıb.

 

TJB üzvü olan jurnalistlərin bir qismi onlayn konfransa qoşularaq, qonaqlarla birlikdə pandemiya dövrünün təhsil durumunu müzakirə ediblər.

 

Professor Şahlar Əsgərov pandemiyanın dünya təhsilinə olan təsirlərinə toxunmaqla yanaşı, təhsilin dayanıqlığına yönəlik atılan addımları vurğulayıb,  dünya təcrübəsindən misallar gətirib.

 

Millət vəkili Etibar Əliyev də mövcud problemlərə baxmayaraq, Azərbaycan təhsilinin pandemiya sınağından layiqincə çıxdığını xatırladıb, dövlət tərəfindən bu istiqamətdə atılan addımları,  Milli Məclisdə aparılan müzakirə və verilən qərarları qeyd edib.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov pandemiya dövründəki təhsili dəyərləndirməklə bərabər, sosial medianın bu istiqamətdəki dəstəyindən də söz açıb.

 

İctimai Şuranın katibi İlqar Oruclu pandemiya dövründə dünya təhsili ilə Azərbaycanın tədris durumunu faktlarla müqayisə edib və ölkə təhsilinin bu sınaqdan üzüağ çıxdığını xatırladıb.

 

Daha sonra müzakirəyə qoşulan və ayrı-ayrı media qurumlarını təmsil edin TJB üzvlərinin sualları qonaqlar tərəfindən cavablandırılıb.

 

TJB-nin təsisçisi, AzEdu təhsil portalının baş direktoru Elşad Eyvazlı müzakirə iştirakçılarına təşəkkürünü bildirib və bu tipli konfransların davamlı olacağını vurğulayıb.