UNEC-də respublika elmi konfransı


UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan respublika elm-praktik konfransı keçirilib.

 

Konfrans iştirakçıları öncə UNEC-də nümayiş olunan Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi ilə tanış olublar. Sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları yer alıb.

 

UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, müsəlman Şərqində ilk parlamentli demokratik cümhuriyyətin yaradılmasının 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə və müstəqilliyimizə böyük ehtiramın təcəssümüdür. S.Yaqubov AXC-nin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən söz açıb, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimlərinin milli kimliyimiz, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində apardıqları mübarizədən bəhs edib.

 

Millət vəkili, tarixçi alim Fəzail İbrahimli Xalq Cümhuriyyətinin yaradılmasını bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsaslarının müəyyənləşdirildiyini diqqətə çatdıran millət vəkili, xalqımızın həmin tarixlə qürur duyduğunu bildirib.

 

“Azərbaycan Xalq Cümhuriyyəti-milli iqtisadiyyatın formalaşması təşəbbüsləri” mövzusunda çıxış edən rektorun müşaviri, dosent Elşən Bağırzadə AXC dövründə aparılan iqtisadi islahatlardan söz açıb. O, AXC-nin qısa zaman kəsiyində milli iqtisadiyyatın formalaşması istiqamətində çox böyük uğurlara imza atdığını diqqətə çatdırıb.