5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair test tapşırıqlarının otk.az portalına yerləşdirilməsi başa çatıb


Məlum olduğu kimi, Dövlət imtahan Mərkəzi (DİM ) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.

 

Şagirdlər və ya abituriyentlər portalda fənlər və siniflər üzrə də sınaq imtahanları vermək imkanına malikdirlər.

 

DİM-dən verilən məlumata görə, abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar fənnin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.

 

Qeyd edilib ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti sentyabr ayının əvvəlinədək 1 manat olacaq. İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində abituriyentlər (şagirdlər) tapşırıqlara, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxa bilərlər.

 

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.