Sumqayıt Dövlət Universiteti (SDU) ilə Ufa Dövlət Neft Texniki Universiteti (UDNTU) arasında Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətinin 5 illiyinə həsr olunan  telekörpü keçirilib.

 

UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulin tədbiri açaraq Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri, SDU-nun rektoru, professor Elxan Hüseynovu və telekörpü iştirakçılarını salamlayıb.

 

Azərbaycanla Rusiya  arasında iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən, ölkəsində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışan rektor əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Sonra çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov O.A.Baulini UDNTU-nun rektoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Azərbaycanla Rusiya  arasında bütün sahələrdə əlaqələrin bir nümunə olduğunu bildirib.

 

E.Hüseynov  SDU-nun fəaliyyətindən, beynəlxalq əlaqələrindən, dünyanın bir çox universitetləri ilə sıx münasibətlər qurmasından danışıb, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının postsovet məkanında unikal təşkilat olduğunu qeyd edib.

 

Rektor bildirib ki,  hər iki ali məktəbin professor-müəllim heyəti, tələbələri Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının forumlarında, Tələbə forumlarında iştirak ediblər, qarşılıqlı şəkildə universitetlərdə təşkil olunan elmi konfranslara qatılıblar:” Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə 2019-cu ildə “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinə ev sahibliyi edib. Burada Rusiyanın  və yerli ali təhsil müəssisələrinin, ümumilikdə 70-ə yaxın tələbəsi iştirak edib. Yay Məktəbi çərçivəsində tələbələr müxtəlif seminar, görüşlər, dəyirmi masa, əlverişli turizm məkanlarına ekskursiya vasitəsilə  ölkəmizin təbiəti, tarixi-memarlıq abidələri, milli mətbəxi ilə tanış olublar”.

 

Telekörpülərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayan rektor bildirib ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəbləri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.

 

Tədbirdə UDNTU-nun  Elmi Şurasının qərarı ilə SDU-nun rektoru E.Hüseynova fəxri professor adının verildiyi elan olunub; fəxri professor diplomu, medal və mantiya onlayn təqdim edilib.

 

Sonda hər iki universitetin alimlərinin məruzələri təqdim olunub.