Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ilin birinci rübündə keçiriləcək ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) beynəlxalq TOEFL iBT və GRE imtahanlarının tarixlərini açıqlayıb. 

 

Mərkəzdən bildirilib ki, imtahanlar DİM-in Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunur.

 

Əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədilə imtahanlar hər otaqda 5-10 nəfər olmaqla və iştirakçılar arasında sosial məsafə gözlənilməklə təşkil olunacaq. Bundan əlavə, 2020-ci ildə olduğu kimi, bu il də beynəlxalq imtahanların təşkili zamanı bir sıra digər ehtiyat tədbirlərinin tətbiq olunması nəzərdə tutulur. 

 

Xatırladaq ki, DİM ABŞ-ın ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından kompüter əsaslı TOEFL iBT, 2020-ci ilin martından isə GRE imtahanını təşkil edir. 

 

Bildirilib ki,  digər beynəlxalq imtahanların tarixləri müəyyən olunduqdan sonra DİM-in saytının “Təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur. 

 

TOEFL iBT və GRE imtahanlarının tarixləri ilə posterlərdən tanış olmaq mümkündür.