Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq!” layihəsi çərçivəsində ”Qürur yerimiz-şəhid qəhrəmanlarımız!’’ adlı onlayn görüş keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərini, qəhrəmanlarımızı böyüməkdə olan gənc nəslə daha yaxından tanıtmaqdan ibarət olub.

 

Görüşdə millət vəkilləri Aydın Mirzəzadə, Cavid Osmanov, "Azərbaycan bayrağı" ordenli, ehtiyatda olan polkovnik Elmar Hüseynov, Təhsil Nazirliyinin, eləcə də rayon təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyəti, qazi Emin Cəbrayılov, şəhid ailələri və digər qonaqlar iştirak edib.

 

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşdə cənab Ali Baş Komandanın uğurlu siyasəti və rəhbərliyi ilə müzəffər ordumuzun döyüş meydanında qazandığı tarixi qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilib.

 

Həmçinin onlayn görüşdə Vətən müharibəsində öz qəhrəmanlıqları ilə şücaət gostərən şəhid Babək Səmidli, Vidadi Xəlilov, Cavid Səfərli, Həmid Cəfərli, Yaşar Babayev, Fuad Xankişiyev, Məhəmməd Məmmədli, Cəlaləddin Fərhadovun döyüş və həyat yolunu özündə əks etdirən videoçarxlar dərnək üzvlərinin təqdimatında nümayiş olunub, şəhid ailələri və yaxınları qəhrəmanlarımız haqqında xatirələrini bölüşüblər.

 

Sonda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Mingəçevir, Göyçay və Ağdaş rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeir kompozisiyası və musiqi nömrələri səsləndirilib.