Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 40 avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

 

Cari ildə pandemiya səbəbindən layihəyə yeni qoşulan müəllimlər üçün əyani təlimlərin keçirilməsi mümkün olmayıb. Buna baxmayaraq, müəllimlərin platformadan rahat istifadəsini təmin etmək məqsədi ilə layihənin rəsmi internet səhifəsində müəllimlər üçün ətraflı videotəlimatlar təqdim olunur. Müəllimlər saytın “Təlimatlar” bölməsinə daxil olaraq bu videolardan faydalana bilərlər - https://etwinningplus.edu.az/instruction. Həmçinin, layihə ilə bağlı sual və ya çətinlik yaranarsa, [email protected] e-poçt ünvanına müraciət etmək mümkündür.

 

Qeyd edək ki, bugünədək ölkə üzrə 853 məktəbdən 2853 müəllim “eTwinning”-ə qoşulub və 3500-ə yaxın təhsil layihəsinin reallaşdırılmasında iştirak edib. Layihə çərçivəsində hər il regional və beynəlxalq konfranslar təşkil olunur. Bu konfranslar zamanı yerli müəllimlər xarici həmkarları ilə əməkdaşlıq və təcrübə mübadiləsi etmək şansı qazanır. 2020-ci ildə müəllimlər üçün təşkil olunan 51 onlayn təlimdə 1024 müəllim, 6 canlı təlimdə isə 107 müəllim iştirak edib. Bununla yanaşı, Avropalı mütəxəssislər tərəfindən onlayn formada təşkil olunan 10 307 təlimdə Azərbaycandan 547 müəllim iştirak edib.