Bu gün media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda onlayn seminar keçirilib.

 

Tədbirdə tədrisin ənənəvi formasının bərpası prosesində mövcud olan təcrübə müzakirə olunub, həyata keçirilməsi planlaşdırılan işlərdən, bu prosesdə tətbiq ediləcək qaydalardan və mövcud vəziyyətdə mediadan gözləntilərdən danışılıb.

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov giriş nitqində mətbuatla nazirliyin əməkdaşlığına toxunub. Təhsil naziri Emin Əmrullayevin indiyədək 4 brifinq keçirdiyini, hər birində jurnalistləri maraqlandıran suallara cavab verdiyini, ümumiyyətlə, Təhsil Nazirliyinin istər mətbuatda, istərsə də sosial şəbəkələrdə müxtəlif məsələlərə operativ münasibətini diqqətə çatdırıb. O, mediaya qarşı açıqlıq siyasətinin davamlı olacağını vurğulayıb.

 

Nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu təhsilin və öyrənmənin vacibliyini bildirib. Onun fikrincə, mətbuatda məhz bu istiqamətdə yazılara, verilişlərə ehtiyac var. Öyrədici platformaya çevrilən televiziya verilişlərindən nümunə gətirərək KİV-lərə  öyrənməyə təşviq etməyə yönələn veriliş və yazılar hazırlamağı tövsiyə edib: “Yaxşı nümunələri təqdim etmək lazımdır. Bu yolla yaxşıların sayı çoxalar”.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müdiri Mehriban Vəliyeva fevralın 1-dən hibrid təhsil formasının bərpası səbəbindən məktəblərdə görülən işlərdən danışıb. Onun sözlərinə görə, məktəblərdə mərkəzləşdirilmiş qaydada dezinfeksiya işləri həyata keçirilir. Bundan başqa, istilik sistemi ilə bağlı mövcud vəziyyətin öyrənilməsi üçün monitorinq aparılıb. M.Vəliyeva deyib ki, istiliklə bağlı aparılan monitorinqlər zamanı məktəblərin təhsilə hazır olduğu məlum olub. Hazırda məktəblərdə mövcud olan cari problemlərin həlli üçün işlər aparılır. Onun sözlərinə görə, fevralın 1-dən 274 məktəbdə, 1092 sinifdə 27122 uşaq məktəbəqədər təhsilə başlayacaq. 44904 şagird I-IV sinifdə əyani tədrisə davam edəcək. Onların gəlişinə təhsil müəssisələrinin tam hazır olduğunu vurğulayan M.Vəliyeva həmin uşaqlarla birlikdə məktəbə gəlib-gedən valideynləri də diqqətli olmağa, mövcud vəziyyət və karantin rejiminin qaydalarına uyğun davranmağa çağırıb.

 

Onlayn seminara Quba, Gəncə və digər rayonların təhsil şöbələrinin müdirləri də qatılıb.

 

Mərkəzi icra hakimiyyəti orqanları arasında ən böyük izləyici kütləsinə sahib Təhsil Nazirliyinin bu tədbirinin də sosial şəbəkələrdə maraqla qarşılandığını deyən qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov seminarı “Facebook”da minlərlə insanın izlədiyini, yüzlərlə paylaşım olduğunu qeyd edib.

 

Ruhiyyə